Azərbaycanda üzümçülük

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycanda üzümçülükAzərbaycan Respublikasında üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi.

Azərbaycan xalqının təsərrüfat həyatında bağçılıqla yanaşı üzümcülük də mühümi rol oynamışdır. Əlverişli təbii-coğrafi şərait ta qədimlərdən bu ərazidə üzümçülüyün geniş inkişafına imkan yaratmış və bəzi bölgələrində bu təsərrüfat sahəsi əhalinin iqtisadi həyatında mühüm rol oynamışdır. Yabanı üzüm Azərbaycan meşələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təşəkkülü və sonrakı inkişafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı.

Azərbaycanda cır meşə üzümünün geniş yayılması, bu ərazidə üzümçülüyün qədimlərdən mövcud olmasını bir daha təsdiq edir. Cır üzümün yarpağı və giləsi mədəni üzümə nisbətən kicik, az şirəli və həm də bir qədər turş olması ilə seçilir. Cənubi Qafqaz, o cümlədən Azərbaycan yabanı və mədəni üzümün yetişməsi üçün ən münasib ərazi hesab edilir.

Azərbaycanda üzümçülüyün yaranması tarixi hələlik dəqiq öyrənilməmişsədə onun bu ərazidə yayılmasını hələ İlk Tunc dövrünə, daha dəqiq desək, e.ə. III minilliyin başlanğıcına aid etmək mümkündür. Bu fikri qonşu ərazidən tapılan bəzil tutarlı dəlillər təsdiq edir.

Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid təbəqədən başqa bitki qalıqları ilə yanaşı üzüm tumları da aşkar edilmişdir. Bu üzüm "Vitis Vinifera" növünə mənsubdur. Bu isə İranCənubi Qafqaz ərazisində üzümün ən qədim növü sayılır.

Üzümçülüyün Azərbaycanda qədim tarixi olmasını gostərən qiymətli materiallardan biri də Xanlar rayonu yaxınlığında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aid olan qədim yaşayış yerinin 118 №-li binasında iri təsərrüfat küpünün içindən tapılan üzüm tumlarıdır. Bu tumlar da ən qədim növlərdən sayılan Vitis Vinifera növünə aiddir. Bu iri küpdən tapılan üzüm tumları bu ərazidə təkcə üzümçülüyün deyil, həm də şərabçılığın varlığına işarədir. Bu baxımdan Xanlar rayonu ətrafında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aid bir kurqandan tapılan qara küpün icərisindən üzüm tumları ilə yanaşı, şərab qalığı cöküntülərinin tapılması müstəsna əhəmiyyət kəsb edir.

Alman koloniyalarının rolu

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda üzümçülüyün və şərab sənayesinin inkişafında alman koloniyalarının müstəsna xidmətləri olub. Üzümün şərabçılıq məqsədilə becərilməsində böyük işlər görən almanlar Helenendorfda (indiki Göygöl şəhəri) 1828-ci ildən məşhurlaşmağa başlayıblar. O vaxta qədər yerli əhali tərəfindən üzümün bir neçə sortu əkilib becərilsə də, ondan daha çox yemək üçün istifadə edilirdi. Ancaq alman Xristofer Forer və Xristian Hummelin xidmətləri sayəsində Azərbaycan şərabları dünyada geniş şöhrət qazanmışdır[1].

Xristofer Forerin bütün koloniyaçılar kimi, 7 desyatin torpaq sahəsi var idi. Forer 1 desyatin torpaq sahəsində ailəsi üçün üzüm əkir, məhsulun bir hissəsindən şərab hazırlayırdı[1].

1856-cı ildə fransız ipəkçiləri Şəkidən barama toxumu alıb qayıdarkən Gəncədə bir neçə günlük qonaq olurlar. Onlar Azərbaycan xörəklərindən yedikdən sonra şərab da dadmaq istəyirlər. Lakin müsəlman etiqadlı şəhər sakinlərindən şərab tapmaq mümkün olmadığından gəncəlilər fransızlara yaxınlıqda yerləşən Helenendorfa getməyi məsləhət bilirlər. Fransızlar Forerin evinə gələrək şərabın dadına baxdıqdan sonra "sizin şərabınız bizim Burqund şərabına bənzəyir" deyərək, özlərinə bütün yol boyu kifayət edəcək qədər şərab alırlar. Fransızların bu sözü Forerdə öz işinə inam yaradır, gələcək fəaliyyətini müəyyənləşdirməyə kömək edir. Bundan sonra o, özünü tamamilə mürəkkəb, zəhmətli, lakin cəlbedici və maraqlı işə - şərabçılığa həsr edir. 1852-ci ildə ilk dəfə Kaxetiyadan Helenendorfa Tavkveri üzüm növünün çubuqlarını gətirir. Həmin üzüm növü həm məhsuldar idi, həm də ondan dadlı, tünd qırmızı rəngdə şərab alınırdı[1].

1860-cı il Azərbaycanda əsası helenendorflu alman sahibkarı Forer tərəfindən qoyulmuş iri şərabçılıq sənayesinin təşəkkülü ili olur və həmin ildən də Forer şərab satışı ilə məşğul olmağa başlayır. Artıq fəaliyyətə başladığı ildə Forerin 18 desyatin üzüm bağı var idi. İki ildən sonra alman sahibkar "Forer qardaşları" səhmdar cəmiyyətini yaradır. O, üzüm plantasiyalarının sahəsini davamlı surətdə artırır. Alman sahibkar 1886-cı ildə yerli maldarların qış otlaqları kimi istifadə etdikləri Qarayeri deyilən yerdən 900 desyatin torpaq sahəsi alır. Lakin həmin torpaqları istifadə etmək mümkün deyildi. Torpaqları kol-kos basmış, susuz sahədə ilanlar məskunlaşmışdı. Forer ilanları məhv etmək üçün sahəyə donuz sürüləri buraxır. Donuzda ilana qarşı reaksiya güclü olduğundan, o, ilanı görən kimi tapdalamağa başlayır. Şübhəsiz ki, ilan da donuzu dişləyir. Lakin donuzun ayağındakı qalın piy qatı onu ilanın zəhərindən qoruyurdu. Beləliklə, donuzlar ilanları məhv edir. Sahələr isə kol-kosdan təmizlənir. Sahələrdə kəhriz qazılaraq su məsələsi də həll edilir və torpaq üzüm əkini üçün tam yararlı vəziyyətə gətirilir. Beləliklə, Forerin Qafqazın ən böyük sərmayəyə malik şərab şirkətinə sahib olması heç də təsadüfi deyildi. Bu sahədə bütün istehsal təşəbbüsləri, yaradıcılıq və liderlik məhz ona məxsus idi[1].

Məlumatlara görə, həmin dövrdə üzüm bağlarının sadəcə 6 faizi almanların olsa da, helenendorflu Forer və Hummel qardaşları bu kiçik sahədə bütün Qafqazda hazırlanan şərabın 58 faizini istehsal ediblər. Bu da onunla əlaqədardır ki, yerli fermerlər üzüm bağlarını şimaldan cənub istiqamətində əkirdilərsə, almanların bağları qərb-şərq istiqamətində idi. Bu isə küləyin bağlar arasında rahatca keçərək üzüm tənəklərinə daha az ziyan vurmasına səbəb olmuşdur[1].

Üzümçülük və şərabçılığın inkişafında Heydər Əliyevin rolu

[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və qərarları ilə üzüm bağlarının ümumi sahəsi genişlənmiş, üzüm istehsalı isə yüksəlmişdir.

Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sa­həsinin inkişafını idarə etmək və tənzimləmək məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır.

Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, 269 saylı sərəncamı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Respublikanın bütün zonalarında üzümçülük və şərabçılığın elmi əsaslarını öyrən­mək və elmi nailiyyətlərin istehsalata tətbiqi məqsədilə bu institutun Naxçıvan MR-də, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında təcrübə stansiyaları və dayaq məntəqələri yaradılmışdır.

Heydər Əliyevin üzümçülük sahəsinə göstərdiyi qayğı və diqqətin əsas nəticəsinə xalqımız 1984-cü ildə nail olmuşdur. Həmin il üzümlüklərin ümumi sahəsi 286 min hektara çatdırılaraq üzüm istehsalı 2.12 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil etmişdir. Heydər Əliyevin təşəbbüsü və tələbi ilə şərabçılıq sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrları ilə təmin etmək məqsədi ilə 1981-ci ildə Gəncə şəhərində Azərbaycan Texnologiya İnstitutunun yaradılması barədə keçmiş İttifaq hökuməti xüsusi qərar qəbul etmişdir. Azərbaycan üzümçülüyü Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi (1969-1982) illərdə özünün yüksək inkişaf mərhələsini keçmişdir, belə ki, illərdə üzümlüklərin sahəsi genişlənir, məhsuldarlıq artır, üzümün keyfiyyəti ildən-ilə yaxşılaşırdı[2]

Respublikada üzümlüklərin coğrafi cəhətdən yerləşdirilməsi üzümün əkildiyi bütün rayonlarda əlverişli torpaq-iqlim şəraitinin olması ilə xarakterizə olunur. Üzümçülüyün inkişafına dair nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi, respublikamızın keçmiş ittifaqda aparıcı yerlərdən birini tutmasına və təbii-iqtisadi şəraitdən daha səmərəli istifadə etməklə yüksəkkeyfiyyətli süfrə üzümü və şərab istehsal olunmasına imkan verdi. 1970-ci ildən başlayaraq, respublikada mövcud üzümlüklərin vəziyyəti yaxşılaşdırılır, digər tərəfdən isə elmi əsaslara söykənən geniş miqyasda yeni üzümlüklər salınırdı. Üzümçülükdə yaranmış problemləri tezliklə aradan qaldırmaq üçün H.Əliyevin bilavasitə rəhbərliyi altında təxirəsalınmaz vəzifələr müəyyən edildi və Mərkəzi Komitənin bürosunda «Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə edildi. Bu təd­birlərin uğurlu nəticəsi idi ki, 1970-ci ildə 672 təsərrüfat üzüm istehsalı ilə məşğul olmuş, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozları təşkil edilmişdir. Bu dövrdə üzümçülüyə dair geniş tədqiqat işləri aparılaraq, respublikada üzümçülük və şərabçılığın intensiv inkişafını təmin etmək üçün perspektivli 10 təbii-iqtisadi bölgə müəyyənləşdirilmiş və bu bölgələrdə iri üzümçülük aqrar-sənaye birlikləri və sovxozlar fəaliyyət göstərmişdir. 1973-cü ildə üzüm tədarükünün həcmi 397 min ton və ya 1972-ci ildəkindən 114 min ton və ya 1971-ci ildəkindən 186 min ton çox oldu. H.Əliyev bütün müvafiq təşkilatlara və kənd təsərrüfatı orqanlarına istehsalı yalnız intensivləşdirmə yolu ilə inkişaf etdirməyin mümkün olduğunu izah edir və bunun üçün hər bir kolxoz və sovxozda konkret tədbirlər görülməsini tələb edirdi. 1970-ci ildə üzümlüklərin sahəsi 121,6 min hektara, 5 il ərzində 50 min hektardan çox yeni üzümlüklər salınaraq 1975-ci ildə 178,1 min hektara çatdırılmışdır. 1970-ci ilə nisbətən 1975-ci ildə məhsul istehsalı 2 dəfəyə qədər artaraq 351,7 min tondan 706,2 min tona qədər artmış, məhsuldarlıq isə 46,8 s/ha-dan 65,1 s/ha-ya yüksəlmişdir.Azərbaycanın ayrı-ayrı üzümçülük təsərrüfatlarında müxtəlif sortlardan yeni üzümlüklərin salınması geniş vüsət aldı. Qeyd etmək lazımdır ki, mövcud üzüm­lüklərdə süfrə və texniki sortların əkinləri arasındakı nisbətin qeyri-mütənasib olması ilə əlaqədar olaraq gələcəkdə öz keyfiyyəti ilə üstünlük təşkil edən yerli üzüm sortlarının əkin sahələrinin artırılması nəzərdə tutulurdu.

«Kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına dair tədbirlər» haqqında keçmiş Sov.İKP və Nazirlər Sovetinin 22 fevral 1979-cu il qərarı qarşıya möhtəşəm vəzifələr qoy­du. Həmin qərara əsasən 1990-cı ildə respublikada üzüm istehsalının 2,5-3,0 mil­yon tona çatdırılması nəzərdə tutulmuşdur.1970-1980-ci illərdə Respublikada üzümçülük yüksək templə inkişaf etməyə başladı. Həmin illərdə 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. Üzümçülüyün inkişafı ilə yanaşı respublikada şərabçılığın inkişafı da təmin olundu. Vaxtilə (1980-1985-ci illər) Azərbaycanda sənaye miqyaslı üzüm bağlarının 85,3%-ni texniki üzüm sortları, 14,7%-ni isə süfrə sortalrı təşkil edirdi.

Təbiidir ki, üzümçülüyün inkişafını üzüm sortları olmadan təsəvvür etmək mümkün deyil. Vaxtilə üzümlüklərin 69,1%-i suvarılma, 30,9%-i isə dəmyə şə­raitində əkilib-becərilirdi. 80-ci illərdə Azərbaycanda mövcud olan üzümlüklərin 16,4%-i Mədrəsə, 11,2%-i Bayanşirə, 10,6%-i Həməşərə, 4,1%-i Xindoqnı, 2,4%-i Mələyi, 0,4%-i Ağ şirə və Misqalı, 3,4%-i Təbrizi, 1,5%-i Ağ şanı və Qara şanı yerli üzüm sortları (cəmi 50,1%) becərilən sahələr təşkil edirdi. Əsrlər boyu təbii xalq seleksiyası yolu ilə Azərbaycanda yerli üzüm sortları və formaları yaradılmışdır ki, bunların da öyrənilməsi, təsərrüfat baxımdan qiymətləndirilməsi, botaniki cəhətdən təsvir edilməsi və qruplar üzrə təsnif edilməsi tələb olunurdu.1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 mln. tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektar, üzüm yığımı 2,126 min ton, hektardan məhsuldarlıq respublikada ən yüksək həddinə çataraq 99,2 sentner təşkil etdi. Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxdı.

Üzüm növləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda çox sayda üzüm növləri yetişdirilmişdir. Onlar öz adlarını əksər hallarda malik olduğu bu və ya digər xüsusiyyətə uyğun almışdır. Məsələn, rənginə görə: (qara, ağ, sarı, sarıgilə, bənövşəyi, göygəzəndən, qarasərmə və s.); keyfiyyətinə,dadına, rayihəsinə görə (gilabi, kişmişi, şəkəri, təmbəi, şirəyi, kərimqəndi); giləsinin ölçüsünə görə (quşurəyi, misqalı, yülküquyruğu, dəvəgözü, tüləğözü, keçiməməsi-inəkəmcəyi, gəlinbarmağı-xatınbarmağı); toxumlarının böyüklüyü və salxımlarının formasına görə (sapdadurmaz, haçabaş, bəndi, təbərzə). Bir sıra üzüm növlərinə isəyetişdirildikləri yerlərə uyğun adlar verilmişdir: "Arazbarı", "Beyləqani", "Təbrizi", "Şabranı", "Dərbəndi". "Ordubadi", "Şirvanşahı", "Tatlı", "Mərəndi", "Mədrəsə", "Şahtaxtı" və s.

Dünyada "Şirvanşahı" növü ilə rəqabətə girə biləcək üzüm sortu axtarmaq əbəs bir işdir.Bu növdən hazırlanan "Kürdəmir kaqoru dünyanın sayılan şərab növləri siyahısına daxil olmuşdur. Bununla birgə, ölkəmizdə bu və ya digər üzüm sortunu yetişdirən insanların şərəfinə adlandırılmış növlər də az deyil. "Xəlili" ("Ağ Xəlili", "Qara Xəlili", "Hüseyni", "Əsgəri", "Səkinə xanım", "Muxtarı", "Ağadayı", "Mələyi" növləri bu deyilənlərə sübütdur.

Təcrübəli Azərbaycan üzümçüləri yerli üzüm növləri ilə yanaşı. digər ölkələrdən gətirilmiş növləri də ustalıqla yetişdirə bilmişlər. Onların arasında Gürcüstandan gətirilmiş "Rkatsiteli", "Tavkeri"; Krımdan gətirilmiş "Muskat", "Berdo", "Pino"; Avropadan gətirilmiş "Kaberne", "İzabella", "Risling", "Aliqote", növlərinin adlarını xüsusilə qeyd etmək olar. Bu növlərin yerli şəraitə uyğunlaşdırılaraq yetişdirilməsi öz bəhrəsini vermişdir.

Qanunvericilik bazası

[redaktə | mənbəni redaktə et]

19 oktyabr 2001-ci il tarixində "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir[3].

  1. Yuxarıda get: 1 2 3 4 5 Alman koloniyaçıların Azərbaycanda uğuru - FOTO Arxivləşdirilib 2020-01-22 at the Wayback Machine. xeberle.com, 16.08.2017  (az.)
  2. "Üzümçülük Və Şərabçılığın Inkişafında Ümummilli Lider Heydər Əliyevin Rolu" (az.). Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu. 16.03.2023 tarixində arxivləşdirilib.
  3. "Üzümçülük və şərabçılıq haqqında" Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine Azərbaycan Respublikasının 19 oktyabr 2001-ci il tarixli, 208-IIQ nömrəli Qanunu. e-qanun.az  (az.)