Bu məqalə Göygöl rayonu haqqındadır. Göygöl şəhəri üçün Göygöl (şəhər) səhifəsinə baxın. |
Göygöl rayonu (əvvəlki adı: Xanlar rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Göygöl şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə rayon Göygöl rayonu adlandırılmışdır.[2]
Rayon | |
Göygöl rayonu | |
---|---|
40°35′ şm. e. 46°18′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Gəncə-Daşkəsən |
İnzibati mərkəz | Göygöl |
İcra başçısı | Elvin Paşayev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 1.358 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-GYG |
Telefon kodu | 230 |
Poçt indeksi | AZ2500 |
Avtomobil nömrəsi | 25 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf) adı altında salınıb.[3] İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnəməsi qəbul edilmişdir.
1836-cı ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8 dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s. var idi. Bu dövrün keyfiyyət və əmək mədəniyyəti göstəricilərinə əsasən maraqlı təsərrüfatlardan da bəlli etmək mümkündür. Belə ki, Yelendorfda kolonist Qotlob Koxun rəngsaz emalatxanası yarandıqdan 20 il sonra o, artıq bütün Yelizavetpolun quberniya mərkəzində şöhrət qazanmışdır. Bundan əlavə, Qafqazın bütün sənətkarları icmanın furqon ustalarının yanına axışırdılar. 1869-cu il aprelin 22-də koloniya özünün yaradılmasının 50 illiyini təntənə ilə qeyd etdi. Bu illər ərzində kənd çox sürətlə inkişaf edib dəyişmişdir. 1821-ci ildə köçkünlərin dini xadimi Yahhan Yakob Krans ilk dini ibadətxana açmağa cəhd göstərdi və 1834-cü ildə buna nail oldu. 1842-ci ildə ilk məktəb də tikildi. Bir neçə il sonra 1854-cü il aprelin 24-də Müqəddəs Yohann kilsəsinin təməl daşı qoyuldu. Eyni zamanda, uşaq bağçası və 1890-cı il noyabrın 22–də Yelenendorf peşə məktəbi yaradıldı. 1893-cü ildən etibarən Yelenendorfda ictimai yığıncaqlar keçirilməyə başlamışdır. Bu yığıncaqlarda koloniyanın problemlərinə toxunulur və onların həlli yolları axtarılırdı. 1890-cı illərin üstün cəhətlərindən biri də icmanın iqtisadiyyatında yüksəlişin qeydiyyata alınması idi. Öz üstünlüyü ilə fərqlənən başlıca məşğuliyyət sahələri: şərabçılıq, iri sənaye və texnika yenilikləri idi. 1911-ci ildə Yelenendorfda 1054 bina vardır ki, bunun da 415–i yaşayış evi idi. Bu isə onu göstərirdi ki, Yelenendorfda tikinti sənayesi də yüksək sürətlə inkişaf edirdi. Artıq koloniyada ağac evlərin qalmaması da buna əyani sübut idi. Tikintinin tempinə gəlincə, 2 il ərzində (1911–1913-cü illər) burada daha 15 xüsusi mülk tikilmişdir ki, bu da kəndin həyatını mədəni şəhər qəsəbəsi üslubuna daha çox bənzədirdi. 1900-cü illərin əvvəllərində burada şərab istehsalı və xarici ticarət çox güclü inkişaf etməyə başlamışdır. Artıq 70-ci illərdə hər bir ailə ildə 1000–1500 vedrə şərab istehsal edirdi və hər bir evin altında, zirzəmidə böyük şərab çəlləkləri yerləşirdi. 1914-cü ildə Forer və Hummel qardaşlarının Şərab firmalarının bir illik gəliri bir milyon manat təşkil edirdi. 1912-ci ildə Yelenendorfda Forer qardaşları dəyirman da tikdirmişdirlər. Şərabçılıqdan sonra burada ikinci əsas rol faytonçuluğa məxsus idi. 1877–1878-ci illərdə Türkiyə ilə başlanan müharibə faytonçuluğun sürətlə inkişafına təkan vermişdir. Bütün bu sadalananlar Yelenendorfun XIX əsr həyatını əks etdirən məqamlardır.
1896-cı ildən etibarən isə ermənilər Göygöl ərazisində məskunlaşmağa başlayıblar. Qarabağ münaqişəsi başlayan kimi isə dərhal buradakı ermənilər Göygölün qədim erməni torpağı olduğunu iddia edərək bu ərazilərin Qarabağ ilə birlikdə Ermənistana verilməsini tələb ediblər. 1989-cu ildən etibarən burada yaşayan ermənilər qonşu azərbaycanlı kəndlərinə qarşı quldur hücumları etməyə başladılar. Belə vəziyyət 2 il davam etdi. 1991-ci ilin aprel-may aylarında keçirilən Çaykənd əməliyyatı nəticəsində buradakı bütün qeyri-qanuni silahlı birləşmələr ləğv olundu.
Rayon kimi Göygöl 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər Nərimanov rayonu olub. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir.
Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır. Göstərilən sərhədlər daxilində Göygöl rayonunun sahəsi 916,7 km², əhalisi isə 62 minə yaxındır.
Rayonun ümumi ərazisi: 91675 hektar
Məhsuldar torpaqların ümumi sahəsi: 58652 hektar
Heyvandarlıq üçün otlaqların sahəsi: 40978 hektar
Əkilmiş torpaqların ümumi sahəsi: 13362,5 hektar
Meyvə bağlarının ümumi sahəsi:
Respublikamızın digər dağətəyi rayonlarında olduğu kimi, Göygöl rayonunun da iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Dağətəyi ərazilərdə və alçaq dağlıqda qışı quraq keçən mülayim-isti, orta dağlıqda qışı quraq keçən soyuq, yüksək dağlıqda isə dağ tundra iqlimi hakimdir. Havanın orta illik temperaturu rayon ərazisində müsbət 10 dərəcədən yüksək olduğu halda bəzi yüksək dağlıq zonada 0 dərəcədir. İllik yağıntıların miqdarı mümkün buxarlanma kəmiyyətinin 50–100 %-ni təşkil edir. Havanın temperaturu 10 dərəcədən artıq olan temperaturların cəmi 3000–4000 dərəcə arasındadır. Orta illik 12–14 dərəcə, yanvar 1 dərəcə şaxta, iyul 24–25 dərəcə isti, yağıntılar 500–900 mm-dir. Yağıntılı dövr yaz və payızın əvvəli, quraq dövrü isə qışdır. Qışı əsasən mülayim keçir və qar örtüyü o qədər də davamlı deyil.
AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 60.890 nəfər əhali yaşayır.[4]
Etnik qrup |
27 yanvar-3 fevral, 1999-cu il sa.[5] | 13–22 aprel, 2009-cu yıl sa.[4][6] | ||
---|---|---|---|---|
Sayı | % | Sayı | % | |
cəmi | 53 266 | 100.00% | 57 191 | 100.00% |
azərbaycanlı | 51 950 | 97.53% | 57 071 | 99.79% |
kürd | 123 | 0.23% | 34 | 0.06% |
rus | 95 | 0.18% | 33 | 0.06% |
talış | 1 | 0.00% | 5 | 0.01% |
ləzgi | 2 | 0.00% | 5 | 0.01% |
erməni | 8 | 0.02% | 5 | 0.01% |
türk | 999 | 1.88% | … | … |
ukraynalı | 34 | 0.06% | … | … |
tatar | 10 | 0.02% | … | … |
digər | 44 | 0.08% | 38 | 0.07% |
Göygöl şəhəri, Xanlar qəsəbəsi, Əzizbəyov qəsəbəsi, Gəncə qəsəbəsi, Murovdağ qəsəbəsi, Ağsu, Almədətli, Aşıqlı, Balçılı, Bəhrambəy, Cümşüdlü, Çaykənd, Çaylı, Çiçəkli, Danayer, Dərələyəz, Dozular, Əzgili, Firuzabad, Göyçəkənd, Gürzalılar, Haçaqaya, Xasabağ, Xəqani, Kərəmli, Köşkü, Qarabulaq, Qırıxlı, Qızılca, Qızılca stansiyası, Quşqara, Mollacəlilli, Mixaylovka, Nadel, Sarısu, Səhriyar, Pənahlılar, Sərkarlı, Səmədli, Tülallar, Topalhəsənli, Toğana, Üçtəpə, Yalqışlaq, Yeni Qızılca, Yeni Zod, Zurqes
Rayonda sərbəst güləş, futbol, voleybol, basketbol, aşihara karate-kaykan, taekvondo, kikboksinq, cüdo, universal döyüş, budo, üzgüçülük, boks idman növləri üzrə qruplar mövcuddur. 2022-ci il tarixində rayonda: Bədən tərbiyəsi və idmanla məşğul olan təşkilatların sayı – 63 O cümlədən ümumtəhsil məktəblərinin sayı – 50 Olimpiya İdman Kompleksi – 1 İdman məktəbi - 1 İdman klubları - 12 Həmin təşkilatlarda 87 nəfər ali və orta ixtisas təhsilli məşqçi müəllimlər məşğələ keçirlər. İdmanla məşğul olanların sayı – 850 nəfər Bədən tərbiyəsi dərslərində məşğul olanların sayı – 10393 nəfər Rayonda İdman qurğularının sayı – 96 Həmçinin 1300 yerlik Olimpiya İdman Kompleksinin stadionu, 600 yerlik Göygöl Mərkəzi Şəhər Stadionu, 34 ümumtəhsil məktəbinin idman zalları, 1 atıcılıq tiri, 50 sadə idman qurğuları fəaliyyət göstərir.[7]
2022-ci ildə rayonda gənclərin sayı – 14733 nəfərdir və onlardan kişilər – 7909, qadınlar – 6824 nəfərdir. Göygöl rayon Gənclər və İdman İdarəsi rayon ərazisində gənclər və idman siyasətini həyata keçirən orqandır. Gənclər siyasəti Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərar və qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Gənclər və İdman Nazirliyinin qərar və sərəncamlarını və digər normativ sənədlərini rəhbər tutaraq həyata keçirilir. Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin ortaya çıxarılması, onların istedadlarının inkişaf etdirilməsi, gənclərin idmana cəlb olunması, elmə, təhsilə olan maraqlarının artırılması, vətənpərvərlik və vətəndaşlıq hisslərinin artırılması və həmçinin yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və maarifləndirilməsi məqsədilə davamlı şəkildə bu istiqamətdə tədbirlər həyata keçirir. Keçirilən bu tədbirlər yeniyetmə və gənclərdə vətənə və xalqa, tariximizə və milli ideologiyaya hörmət və məhəbbət hisslərini artırır, onların elmə, təhsilə və idmana marağını artırır. Göygöl şəhərində 2014-cü ildən Gənclər Mərkəzi gənclərin istifadəsinə verilmişdir ki, bu da rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkil olunmasına, mədəni kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılmasına gətirib çıxarmışdır. Gənclər Mərkəzində 200 nəfərlik akt zalı, kafe, linqafon otağı, rəqs otağı, karaoke-əyləncə zalı vardır. Rayonda artıq 2020-ci ildən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi də fəaliyyət göstərir. Bu da rayon gənclərinin inkişafına, gənclər siyasətinin rayonda həyata keçirilməsinə yeni bir addımdır. Göygöl rayonu 2021-ci il üçün Gənclər Paytaxtı seçilmişdir. Hər il rayonda rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət şöbəsi, Səhiyyə şöbəsi, hüquq-mühafizə orqanları, GİKM-in Göygöl nümayəndəliyi, Gənclər Evi SXM və digər təşkilatlarla birgə müxtəlif idman yarışları, bilik yarışları, intellektual oyunlar, inşa, şeir, rəsm müsabiqələri, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində profilaktik görüşlər təşkil olunur.[7]
Rayonun əsas təsərrüfat fəaliyyətini taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Orta hesabla ildə 18249 ton taxıl, 8983 ton kartof, 4981 ton tərəvəz, 1558 ton meyvə və gilə meyvə, 2474 ton ət, 20324 ton süd, 277 ton yun, 9521000 ədəd yumurta istehsal olunur.[8] Rayonun iqtisadiyyatında üzümçülük və heyvandarlıq mühüm yer tutur. Mədən sənayesi, çınqıl zavodları, istehsalat və məişət xidməti kombinatları, şərab zavodu və başqa sənaye müəssisələri var.
Rayonda 264 şəxsi müəssisə, bundan 14 kooperativ, 63 MMC, 131 kiçik müəssisə, 56 kəndli fermer təsərrüfatı, 16 dövlət müəssisəsi fəaliyyət göstərir. Dövlət müəssisələri:
Şəxsi müəssisə və Səhmdar Cəmiyyətlər.
Rayon ərazisində əsasən də göl ətrafında yamacları örtən meşələr, şərq fıstığı, Qafqaz vələsi, Qafqaz palıdı və şərq palıdı ağaclarından ibarətdir. Rayon ərazisinin 17,3 % meşələr əhatə edir. Parçalanmış dağlıq relyefin müxtəlif səmtli yamaclarında ayrı-ayrılıqda, yaxud qarışıq meşələr əmələ gətirir. Cənub yamaclarında vələs, şimal yamaclarında fıstıq, fıstıq-vələs, yuxarı meşə zonasında və quru yamaclarda şərq və Qafqaz palıdı, palıd-vələs meşələri inkişaf etmişdir. Şam ağacları massiv əhəngdaşı kəsəkləri üzərində, torpaqdan tamamilə mərhum olan yerlərdə bitir. Meşənin yuxarı sərhədində tozağacı, aşağıda isə itburnu, doqquzdon, quşarmudu, moruq, yemişan, alça, gərməşov, və başqa ağac və kollar yayılmışlar
Göy-göl Kəpəz dağının ətəyində, səfalı bir guşədə yerləşir. Onun ətrafında daha 7 eyni mənşəli göl vardır. Uçqunların əmələ gətirdiyi bənd nəticəsində Göy-göl, Maral-göl, Zəli-göl, Ağ-göl, Şamlı-göl, Ördək-göl, Ceyran-göl, Qara-göl gölləri yaranmışdır. Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 80 hektara yaxındır. Gölün uzunluğu 2450 m, eni 595 m, ən dərin yeri 95 m-dir. Buradakı təmiz, şəffaf suyun həcmi 24 mln kub m-ə çatır.
Maral-göl dəniz səviyyəsindən 1902 m yüksəklikdə yerləşir, sahəsi 23 hektardır, ən dərin yeri 60 m-dir. Göy-göldən fərqli olaraq, onun ətrafını subalp çəmənlikləri əhatə edir.
Çaylardan əsasən suvarmada istifadə olunur. Çaylarda suyun səviyyəsi yaz aylarında artır. Əsas çaylar: Kürəkçay, Gəncəçay və Qoşqarçaydır. Bu çaylardan ən uzunu Kürəkçaydır. Onun uzunluğu 108 km, su toplayıcı sahəsi 2080 kv.km-dir. Mənbəyinin hündürlüyü 3100 m, mənsəbi isə 18 m-dir. Kür çayına tökülür və Kürün sağ qoludur.
Uzunluğuna görə ikinci çay Gəncəçayıdır. Uzunluğu 98 km-dir, su toplayıcı sahəsi 752 kv.km-dir, orta illik su sərfi 4,2 kv m-dir. Gəncəçay çayı da Kürün sağ qoludur, Yenikənd körfəzinə tökülür.
Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Xanlar şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" adlanan alman kilsəsi,[9] XVI əsrə aid iki gözlü körpü, 1896-cı ildə tikilmiş üç gözlü körpü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən tikilmiş 9 memarlıq incəsənət abidələri, Zurnabad kəndində XII əsrə aid Qala, keçmiş Sarıqaya kəndində XVI əsrə aid Türbə, Dozular kəndində XVI əsrə aid bir gözlü körpü, Topalhəsənli kəndində taixi məlum olmayan iki tağlı daş körpü, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənd kəndində taixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi, Yeni-Zod kəndindən 300 m məsafədə Alban kilsəsi, 3 km məsafədə Alban məbədi, Balçılı və Üçbulaq kəndlərinin ərazisində taixi məlum olmayan "Qız-qalası", Köşkü kəndində dəmir dövrünə aid kurqan, Balçılı və Quşqara kəndlərinin ərazisində Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır.
Bundan başqa rayon hər il silsilə keçirilən festivalları ilə məşhurdur. Burada Milli Yaylaq və respublikada ilk olaraq Moruq Festivalı, Göygöl Nağılları kimi kütləvi, ailəvi tədbirlər keçirilir. [10]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |