İcma

İcma (Ərəbcə: إجماع) — bir İslam hüququ termini.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz.

İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” İcmanın dəlil olduğunu göstərən hədisi-şəriflər də vardır: “Müsəlmanların yaxşı hesab etdikləri şey Allah qatında da yaxşıdır.” “Ümmətim zəlalət üzərində birləşməz.” hədisləri bunlardandır.

İcma sərih, sükuti və məsələnin müəyyən qismi üzərində eyni fikirləri səsləndirmək olmaqla üç qismə bölünür. Sərih icma; bir əsrdəki hər bir müctəhidin icma mövzusu olan məsələyə dair fikrini açıq-aşkar ifadə etdiyi icmadır. Sükuti icma; hər hansı bir əsrdə, ictihad etmə iqtidarına sahib olan kəs, müəyyən bir fikir ortaya qoyar, bu fikir digər müctəhid ya da müctəhidlərə çatar onlar da qəbul və ya rədd olmaqla hər hansı rəy bildirməsələr, o məsələdə “susma yolu ilə (sükuti) icma” meydana gəlmiş hesab olunur. Məsələnin bir hissəsində icmaya gəlincə, məsələn; ölənin qardaşları ilə birlikdə varis olan babanın (ata tərəfdən baba), qardaşları mirasdan məhrum edəcəyini iddia edən səhabələr olduğu kimi, babanın üçdə birdən az olmaqla varis olacağını iddia edən səhabələr də vardır. Odur ki, hər iki halda da miqdarı dəyişməklə birlikdə babanın varis olacağı mövzusunda həmfikirdirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]