İnvestisiya trast fondu - Qiymətli kağızların saxlayıcısı və əmanətçisi olan maliyyə-kredit müəssisəsidir. Bir qayda olaraq, xırda investorların qiymətli kağızlarının etimad əsasında birləşdirilməsi yolu ilə onların pul vəsaitlərini səfərbər etmək məqsədilə yaradılır. İnvestisiya trast fondu institusional investordur, yəni trastın təsisisçilərinin çoxsaylı qiymətli kağızlarını idarə edir. O, konyunktura bələd olduğuna görə qiymətli kağızlar müxtəlif şirkətlərin investisiya planlarına sərmayə qoyur. Bu cür sərmayə qoyuluşlarından yaranan gəlirlər və zərərlər tam həcmdə səhmdarların hesabına aid edilir və trast fondun səhmlərinin bazar qiymətlərində öz əksini tapır. İnvestisiya trast fondu ona etibar edilmiş kapitalın məhdud hissəsini (5%-dən 20%-ə qədər) səhmlər alınmasına sərf etmək hüququna malikdir. Göstərilən əməliyyat növləri investisiya trast-fondun müstəsna fəaliyyət növləridir, onun başqa fəaliyyət növləri ilə məşğul olması qadağan edilmişdir. Bir qayda olaraq investisiya trast fondu kreditoru olduğu şirkətin uzun müddətli inkişaf perspektivlərinə təsir göstərmək və onun idarə olunmasına müdaxilə etmək imkanına malik olmur. Bu cür məhdudiyyətlər antiinhisar qanunvericilik tədbirləri qisminə aiddir. Müasir dövrdə investisiya trast fondu dividentlərin təkrar investisiya proqramlarında fəal iştirak edirlər. Bu halda trast fondun təsisçiləri ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən onun idarə heyəti kreditoru həmin trast fond olan şirkət tərəfindən ödənilən dividentlərin müqabilində əlavə səhmlər alır. Beləliklə, fondun etibar edilmiş kapitalı, yəni təsisçilərin mülkiyyəti artır. Xırda səhm saxlayıcılarının səhmlərinin idarə edilməsi ilə məşğul olan investisiya trast-fondu, xüsusən, Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. ABŞ-nin maliyyə fondları arasında investisiya və pensiya trastları mühüm yer tutur. Bu fondlar Nyu-York fond birjasının iştirakçısı olan şirkətlərin səhmlərinin təqribən 50%-ə malikdirlər.[1]