İran–İraq müharibəsində ermənilərin iştirakı (fars. ارمنیها در جنگ ایران و عراق; erm. Հայերը Իրանա-իրաքյան պատերազմում) — 1980–1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi dövründə əsasən İran tərəfdən iştirak etmiş ermənilərin sözügedən müharibədəki fəaliyyətini əks etdirməkdədir. İran erməniləri İranda yaşayan ikinci ən böyük qeyri-müsəlman icmadır. Ölkədə yaşayan 400 minlik bəhai icmasından sonra sayları təxminən 70–100 min arasında dəyişən iran erməniləri əsasən ölkənin mərkəzi ostanlarında və xüsusi ilə Tehran şəhərində yaşamaqdadırlar.
1980-ci ildə Səddam Hüseyn rəhbərliyindəki İraqın İranda baş vermiş İran İslam İnqilabından sonra İrana hücum etməsi və səkkiz davam edən müharibə İranda 188 min əsgər və mülkü şəxsin ölümü ilə nəticələnmişdir. Həlak olan şəxslər arasında ölkənin əksəriyyətini təşkil edən müsəlmanlardan əlavə qeyri-müsəlman icmaların nümayəndələri də vardı.
1980-ci ilin sentyabr ayında İraqın İrana hücumu ilə başlayan və səkkiz il davam edən İran-İraq müharibəsi ölkədə yüz minlərlə insanın cəbhələrə səfərbər edilməsi və bir o qədərdə şəxsin könüllü olaraq döyüşlərə qatılması ilə nəticələnmişdir. İranda sonuncu şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətinə qarşı başladılan İran İslam İnqilabı zamanı ölkənin erməni, zərdüşt və assuriyalı icmaları əvvəlcə tərəfsiz mövqe tutmağa çalışsalar da, zamanla üstünlüyün inqilabçıların əlinə keçdiyini görüb onlara yaxın maraqlardan çıxış etməyə başlamışdılar.
1981-ci ildə İsfahan şəhərində yerləşən erməni məhəlləsi Yeni Culfadakı kilsənin baş rahibi, eyni zamanda iran ermənilərinin mənəvi dini rəhbəri hesab olunan Koriyon Papyan öz çıxışlarında İranın müdafiəsi məqsədilə düşmənə qarşı mübarizə aparmağın əhəmiyyətindən danışmağa başlamış və zamanla İranı sözügedən müharibədə dəstəkləyən əsas qeyri-müsəlman dini icma rəhbərlərindən birinə çevrilmişdir. İran erməniləri tərəfindən Tehranın şimalında və İsfahan şəhərindəki Yeni Culfa məhəlləsində İran Silahlı Qüvvələrinə geyim və ərzaq yardımı göstərilməsi məqsədilə iki yardım toplama məntəqəsi yaradılır və yerli erməni icması ordu üçün müxtəlif təyinatlı yardımların toplanmsına başlamışdır.
Erməni Qriqoryan Kilsəsinin İran yeparxiyası döyüşlərin şiddətləndiyi 1983-cü ildən etibarən geyim və ərzaq yardımlarından əlavə canlı qüvvə toplamaq qərarına gəlmişdir. Bu məqsədlə könüllülərin qeydiyyatdan keçə biləcəyi və İran Silahlı Qüvvələri ilə koordinasiyalı fəaliyyət göstərən xüsusi məntəqələr yaradılıb. Tehran şəhərinin daxil olduğu Tehran ostanında 9, Ərak, İsfahan və Təbriz şəhərlərində isə bir 1 ədəd olmaqla xüsusi məntəqələr yaradılmışdır. Həmin məntəqələr başda ermənilər olmaqla ölkədə yaşayan digər az saylı xristian icmaların müharibəyə cəlb edilməsi məqsədilə yaradılmışdır.
Yaradılan məntəqələr təkcə döyüşçü yox, eyni zamanda arxa cəbhələrdə müxtəlif yardımcı fəaliyyətlər göstərmək məqsədilə də formalaşdırılmışdır. Göstərilən yardımcı fəaliyyətlərə yolların çəkilməsi, soyuducu anbarların tikilməsi, səhra xəstəxanalarının yaradılması və sairə kimi işlər aid idi. Erməni Qriqoryan Kilsəsinin İran yeparxiyası tərəfindən bu tipli dəstələrin arxa cəbhələrə səfərbər edilməsi 1983-cü ildən müharibənin tamamlandığı 1988-ci ilə qədər davam etmişdir.
8 il davam etmiş İran-İraq müharibəsində dəqiq necə erməni əsilli şəxsin iştirak etdiyi məlum deyil. Döyüşlərə qatılan şəxslərin bir qismi hərbi qulluqcu, bir qismi isə arxa cəbhələrə yardım göstərmək məqsədilə döyüşlərə qatılmışdır. İran-İraq müharibəsi zamanı 44 erməni əsilli İran Silahlı Qüvvələrinin mənsubu şəxs həlak olub. 26 iran ermənisi mülkü itki kimi qeydiyyata alınıb. 4 iran ermənisinin adı müharibə zamanı itkin düşənlərin siyahısına əlavə edilmiş, 35 nəfər isə müharibədən sonrakı əsirlərin qarşılıqlı mübadiləsi çərçivəsində İran İslam Respublikasına təhvil verilmişdir.
İran-İraq müharibəsində iştirak etmiş və hərbi əməliyyatlar zamanı həlak olmuş etnik ermənilərin əksəriyyəti ölkə paytaxtı Tehranın cənub-şərqində yerləşən Nor Burastan məzarlığında dəfn edilmişdir. Nor Burastan İrandakı ən böyük qeyri-müsəlman məzarlığıdır və burada müharibədə həlak olan erməni əsgər və zabitlər üçün xüsusi bölmə ayrılıb.