İsfahanın mühasirəsi — əfqanların üsyanı zamanı 6 aylıq İsfahan mühasirəsi nəzərdə tutulur. Mühasirə 1722-ci ildə martdan oktyabra qədər davam etmiş və şəhərin üsyançılar tərəfindən ələ keçirilməsi ilə nəticələnmişdir.
Bir zamanların güclü dövlətlərindən olan Səfəvi imperiyası XVII əsrin sonlarından özünün tənəzzül dövrünü yaşayırdı. Bunun səbəbləri sırasına hakim şahların idarəetmə ilə məşğul olmamaları, mülki qarışıqlıqlar, saray daxili çəkişmələr, qonşu dövlətlərlə müharibələr və s. daxil idi.
Bəzi şaha tabe hakimlər, məsələn hörmətli tayfa liderlərindən biri olan Mir Veys Hotaki Şah Sultan Hüseyni idarəetmədəki boşluqların aradan qaldırılmadığı təqdirdə onun hakimiyyətinin zərbə alacağı barədə məlumatlandırmağa çalışdı.[1] Lakin bu cəhd hakim elitada təmsil olunan və mövcud sistemin dəyişdirilməsində maraqsız olan şəxsləri narahat etdi. Hotaki Gurgin xan tərəfindən həbs edilməsi üçün İsfahana göndərildi, lakin o, bu imkandan istifadə edərək şahla yaxınlaşdı və geri qayıtmağa icazə aldı. Geri döndükdən sonra Gurgin xanla strateji tərəfdaşlıq etdi və sonda onu öldürərək bir neçə üsyanın başlamasına səbəb oldu.[2]
Şiə olan Səfəvilərdən narazı olan sünni pəştunlar Mir Veys Hotakinin rəhbərliyi altında üsyana qalxdılar. Üsyana cavab olaraq Səfəvi dövləti tərəfindən göndərilmiş bir neçə cəza ordusu üsyançılar tərəfindən məğlub edildi. Lakin Mir Veys Hotaki həbs edildi və qətlə yetirildi. 1709-cu ildə onun öldürülməsindən sonra oğlu Mahmud Hotaki yerinə keçdi və üsyanı davam etdirdi. Onun əsas məqsədlərindən biri imperiyanın paytaxtı olan İsfahan şəhərini ələ keçirmək idi.
8 mart 1722-ci ildə Gülnabad yaxınlığında baş vermiş döyüşdə əfqan ordusu gözlənilmədən şah ordusu üzərində qələbə qazandı və İsfahan şəhərini mühasirə aldı. Bu döyüşdə iştirak etmş ordulardakı döyüşçü sayı dəqiq bilinməsə də, ehtimal edilir ki, əfqan ordusunun sayı 18 min nəfərdən ibarət olduğu halda, Səfəvi imperiyası ordusunun sayı təxminən 40 min nəfər olmuşdur.[3] Məğlubiyyətdən sonra sağ qalmış Səfəvi ordusu dağınıq şəkildə geri çəkilməyə başladı və şəhər mühasirəyə alındı. Əfqanlar şəhərin qala divarlarını dağıda biləcək artilleriya qüvvələrindən məhrum idilər, buna görə də, şəhəri sadəcə mühasirəyə aldılar. Onlar ümid edirdilər ki, sonda Şah Hüseyn təslim olacaqdır. Səfəvi ordusunun mühasirəni ortadan qaldırmaq üçün həyata keçirdiyi cəhdlər uğursuz olduqdan sonra, Səfəvi imperiyasına tabe olan gürcü hakimi VI Vaxtanq da yardıma gəlməkdən imtina etdi. Kənarda ordu toplamaq və yardım gətirmək üçün şahzadə Təhmasib Mirzə 600 döyüşçü ilə birlikdə əfqan mühasirəsini yararaq qaçmağı bacardı.Nəhayət 8 aylıq mühasirədən sonra şəhərdə böyük aclıq başladı. Aclıq sonda şəhərin təslim edilməsi ilə nəticələndi və Şah Hüseyn 1722-ci ilin 23 oktyabrında Mahmud Hotakiyə təslim oldu. 25 oktyabrda Mahmud Hotaki şəhərə daxil oldu.[4][5][6] Əfqanların Səfəvi torpaqlarındakı hakimiyyəti 1729-cu ilə qədər davam edəcəkdir.[7]
1722-ci ildəki Gülnabad döyüşündən 1729-cu ilə qədər imperiya ərazisindəki hakimiyyət Səfəvi sülaləsindən Gilzay əfqanlarından olan Mahmuda, ondan sonra da əmisioğlu Əfrəfin əlinə keçdi.[8] Səfəvi şahzadələrinin çoxu, habelə Şah Sultan Hüseyn sonda edam edildi. Əfqanların üsyanları və sonda paytaxtın ələ keçirilməsinin yaratdığı böhran nəticəsində qonşu Rusiya çarlığı və Osmanlı imperiyası müharibə elan edərək dövlətin ərazilərinin işğalına başladılar.[9] Gilan, Azərbaycan, Luristan və Qərbi İran əraziləri 1724-cü ildə Rusiya və Osmanlı arasında imzalanmış İstanbul müqaviləsi ilə iki yerə parçalandı. Bu müqavilənin əsas səbəbi iki dövlətin də aralarında müharibəyə yol açmadan, yerdə qalan torpaqların da ələ keçirilməsi və paylaşdırılması idi. Rusiya Xəzər dənizinin şərqindəki torpaqları ələ keirərək buradan Hindistana gedən ticarət yolu qurmaq istəyərkən, Osmanlı ona yaxın olan torpaqların Rusiya tərəfindən işğalına əngəl ola bilmək üçün oraları ələ keçirmək istəyirdi.[10] Mahmud Hotakini əvəzləyən Əşrəf bütün imperiya torpaqlarında qanuni hökmdar kimi tanınmaq istəyirdi, buna görə də, 1727-ci ildə Osmanlı ilə imzaladığı razılaşmaya görə Qərbi İran torpaqlarının Osmanlı hakimiyyətinə keçdiyini tanıdı, bunun qarşılığında isə, Osmanlı onu qanuni hökmdar kimi tanıdı.[11]
1729-cu ildə Şah Sultan Hüseynin oğlu şahzadə Təhmasibin və onun sərkərdəsi Təhmasibqulu xan (sonralar Nadir şah Əfşar) əfqan ordusunu dəfələrlə məğlub etdilər.[12] Xorasandan başlayan bu proses sonda İsfahanın əfqanlardan geri alınması ilə nəticələndi. Murçe-Xort döyüşündən bir gün sonra — 16 noyabr 1729-cu ildə Nadir xan ordusuna İsfahana daxil olma əmri verdi. Səfəvi ordusunun İsfahana daxil olması ilə Əşrəf xanın şəhəri tərk etməsindən sonra yaranmış özbaşınalıq və xaosa dərhal son verildi. Əfqanların İsfahanı ələ keçirən zaman törətdiyi qırğına cavab olaraq şəhərdəki əfqanlar öldürüldü və meyidləri küçələrdə sürükləndirildi. Qısasçıların bir digər hədəfi isə 1722-ci ildə İsfahanı tutan əfqan hökmdarı Mir Mahmud Hotaki oldu. Onun məzarı üzərində olan məqbərə dağıdıldı və ictimai tualet kimi istifadə edildi. 1729-cu ilin noyabr ayının 9-da şəhər qapılarının qarşısında Nadir xan II Təhmasib şahı qarşılamaq üçün gözləyirdi. Şah, Nadir xana çatan kimi minnətdarlıq əlaməti kimi atdan düşdü və ona öz təşəkkürünü bildirdi. Nadir də cavabın da öz atından düşdü. Qısa bir diaoloqdan sonra ikisi də yenidən öz atlarına mindilər. Öndə II Təhmasib, onun bir qədər gerisində Nadir xan olmaqla şəhərə daxil oldular. Şəhər əhalisi Səfəvi şahını böyük sevinclə qarşıladı. O dövrün tarixçilərinin dediyinə görə Səfəvi şahı şəhərin dağıdılmasını və insanların düşdüyü pis vəziyyəti gördükdən sonra göz yaşlarını saxlaya bilməmiş və ağlamışdır.
1730-cu ildə əfqanlar tamamı ilə qovuldular və II Təhmasibin şahlığı altında Səfəvi imperiyası yenidən bərpa edildi. II Təhmasib rəmən şah olsa da, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Sonda 1732-ci ildə II Təhmasib taxtdan salındı və yerinə oğlu 2–3 yaşlı Abbas Mirzə şah elan edildi.[10] 1736-cı ildə Muğan qurultayında III Abbas da taxtdan salındı və Səfəvi sülaləsinin hakimiyyətinə son qoyuldu. Nadir xan özünü şah elan etdi. Yeni şah Hindistana yürüş edərək 1739-cu ildə Karnal döyüşündə böyük qələbə qazandı və Dehliyə daxil oldu. Osmanlı ilə uzun müddət müharibələr edən və sonda qələbə qazanan Nadir şah 1747-ci ildə qətə yetirildi.[13]