II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi

II Təhmasibin dövründə zərb edilmiş sikkə

II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi — bu hadisə 1729-cu ildə II Təhmasibin sərkərdəsi Nadir xanla əfqan Əşrəf Xotəki arasında baş vermiş bir sıra döyüşün nəticəsində mümkün olmuşdur. II Təhmasibin nominal olaraq taxtda oturmasına baxmayaraq, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Əfqanlar isə Səfəvi imperiyasının ərazilərinin böyük bir hissəsindən əbədi olaraq qovuldular və bir müddət sonra Nadir yürüş edərək onları yenidən tabe etdi.

İsfahanın işğalı və Təhmasibin şah olması

[redaktə | mənbəni redaktə et]
Gülnabad döyüşünün planı

1722-ci ildə Səfəvi imperiyası dərin böhran içində idi. Ölkənin iqtisadi sisteminin çökməsi ilə paraleldə, imperiyanın hər bir tərəfini üsyanlar bürümüşdü. Həm də bundan istifadə edən əfqanlar, ilk öncə Əfqanıstandakı Səfəvi hakimiyyətini ləğv edib, imperiyanın mərkəzi bölgələrinə doğru yürüşə başladılar. 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı.

İsfahana doğru əfqan irəliləməsinin qarşısını almaq üçün Gülnabad adlanan yerdə iki tərəfin ordusu qarşı-qarşıya gəldi.[a] Səfəvi ordusu sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı. Sağ cinaha Rüstəm xan, sol cinaha isə Məhəmmədqulu xan Şamlı başçılıq edirdi. Mərkəzdə piyadalar və topçular dururdu. Ərəb hakimi həm də ərəb atlılarına başçılıq edirdi. Əfqan ordusu 4 dəstə şəklində ən güclü döyüşçülər mərkəzdə olmaqla düzülmüşdü. Sağ cinahda İmanullah xanın, sol cinahda isə zərdüşti əsgərləri düzülmüşdü. Arxa tərəfdə zənburəklər yerləşdirilmişdi. Döyüş Səfəvi ordusunun sağ cinahının əfqanlara qarşı uğurlu hücumu ilə başladı. Bundan ruhlanan ərəb hakimi sol cinahdan əfqan ordusuna doğru irəllədi. Əfqanların sol cinahı əzildi və ərəb hakiminin dəstəsi əfqan qərargahına çatdı. Lakin əsgərlər sıraları pozdular və qənimət toplamaqla məşğul oldular. Əfqanlar dağılmış süvariləri görüb onlara hücum etdilər və Səfəvi topçuları zərərsizləşdirildi. Bundan sonra əfqan topçuları Səfəvi piyadalarını top atəşinə tutdular. Top atəşi ilə Səfəvi ordusu geri çəkildi. Əfqanlar qələbə qazandılar.[2] Beləliklə, 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı. 8 ay davam edən mühasirə sonunda şəhərdə güclü aclıq başlamış, hətta insanlar yemək üçün küçə heyvanları belə tapa bilməz hala gəlmişdi. Şəhərdən kənarda olan Səfəvi sərkərdələrindən birinin təklifi ilə şahzadələrdən biri olan Təhmasib Mirzənin mühasirəni yararaq kənara qaçması təşkil edilir. Bundan bir qədər sonra Şah Sultan Hüseyn əfqan komandanı Mir Mahmud Xotəkiyə təslim olur. Təslim şərtlərinə sülalə üzvlərinin canlarına toxunulmaması, keçmiş şaha hörmət edilməsi və s. kimi tələblər var idi. Bunların qarşılığında Hüseyn öz şahlıq taxtını Mir Mahmudun başına qoyur və onu şah elan edir. Bunun ardınca, şəhərdən qaçmağı bacarmış 18 yaşlı oğlu Təhmasib Mirzə özünü şah elan edir.[3]

İmperiyanı bərpa etmə cəhdləri

[redaktə | mənbəni redaktə et]

Təhmasib özünü şah elan etdikdən sonra Fətəli xan Qacarın təsir dairəsinə düşmüşdü. Xarakter olaraq zəif şəxsiyyət olan II Təhmasib, Fətəli xan Qacarın nüfuzunu zəiflətməyə çalışsa da, bunu bacarmamışdı. Bu zaman Səfəvi imperiyasının əraziləri Rusiya, Osmanlı və Əfqan qüvvələri tərəfindən işğal edilmişdi və bu 3 qüvvəyə qarşı uuğrlu mübarizənin aparılması çox çətin hədəf kimi görünürdü. Lakin Fətəli xan, əfqanlarla Osmanlının bir-biri ilə döyüşməsindən yararlanmağın mümkün oldüğünü düşünməkdə idi. Həqiqətən də artan Əfqan-Osmanlı rəqabəti II Təhmasibi bu qüvvələrin gözündə təhlükə ərz etmək baxımından daha geri plana salmışdı. Hərbi əməliyyatlara başlayan II Təhmasiblə Fətəli xan ilk öncə Xorasanda üsyan qaldırmış Məlik Mahmud üzərinə yürüş başladırlar. Bu yürüş zamanı Məlik Mahmudun məğlub edilməsi ilə birlikdə, II Təhmasib Nadirlə tanış oldu. Fətəli xan, II Təhmasiblə Nadirin yaxınlaşmasından narahat idi, güman ki, II Təhmasib Nadiri Fətəli xanı balanslaşdırmaq üçün bir vasitə kimi dəyərləndirirdi. Onların ikisinin arasındakı münasibətlər də gərgin idi. Sonda Nadir, Fətəli xandan üstün olmağı bacarır, Fətəli xanın mühasirədə olan Məlik Mahmuda göndərdiyi məktub ələ keçirilir. Bu məktubun həqiqətən Fətəli xan tərəfindən yazılıb-yazılmaması mübahisəlidir. Lakin sonda bu hadisə, Nadirin istəklərinə zidd olsa da, Fətəli xanın öldürülməsi ilə nəticələnir. Bundan sonra Məlik Mahmud da 1726-cı ilin noyabr ayında məğlub edilir və Nadir Xorasanın canişini təyin edilir.

Bundan sonra da Nadirin təsir dairəsinə düşən II Təhmasib bundan xilas olmağa çalışsa da, uğursuz olur və bununla razılaşmağa məcbur olur.

Səfəvi taxtının bərpa edilməsi

[redaktə | mənbəni redaktə et]

Təhmasibqulu xanla II Təhmasib arasında münaqişə yoluna qoyulduqdan sonra II Təhmasib israrla İsfahana yürüş etmənin lazım olduğunu bildirir. Lakin Təhmasibqulu xan Səfəvi dövlətini yenidən birləşdirmək üçün ilk addım kimi əfqanlarla mübarizə aparmağı seçir. Bir-biriləri mübarizə aparan iki əfqan tayfalarından abdalilər ilk qurban kimi seçilir. çünki onlar uzun illər idi ki, parçalanmış və bir-biriləri ilə müharibə halında idilər. Herat üzərinə yerimək ərəfəsində Nadirlə Təhmasib arasında "əməkdaşlıq" münasibətlərinə yeni bir zərbə Səbzəvar insidenti ilə dəyir. Belə ki, məlum olduğu kimi, Təhmasib, nazirlərinin məsləhəti ilə, Nadirlə birgə Herata yürüşə çıxmaqdan boyun qaçıraraq, özünün Mazandarana getmək fikrində olduğunu, qüvvələrini isə abdalilərə qarşı əlbəttə ki, Nadirin komandanlığı altında göndərməyə razılığını bildirir. Lakin Nadir ona qarşı düşmən münasibətdə olan nazir və digər rəsmilərin ordu içərisində ona (Nadirə) tabe olmamaq fikirlərini yaydıqlarından xəbər tutduqda, Herata irəliləmək fikrindən daşınaraq, Məşhədə qayıdır. Təhmasibin Nadirə dost münasibətdə olan buğayri türklərinə hücuma keçdiyindən təəssüflənən Nadir abdalilərin Biyarcumand bölgəsinə hücumunun qarşısının alınması məqsədilə yürüşündən Təhmasibə xəbər göndərir ki, bu əməlindən əl çəksin və ona (Nadirə) əfqanlara qarşı mübarizədə yardımçı olsun. Cavab olaraq Səbzəvara geri çağırılan Nadir, yol boyunca, Təhmasibin Xorasanın bütün yerlərinə xəbər göndərib Nadirin əmr və sərəncamlarına əməl edilməməsini təlqin etdiyinin şahidi olur. Bu da azmış kimi, Səbzəvar darvazalarının üzünə bağlandığını görən Nadir radikal mövqe tutaraq şəhəri atəşə tutur. Şəhər təslim olduqdan sonra Nadir-Təhmasib münasibətləri yeni xarakter kəsb edir. İki gündən sonra Nadir şahzadəni artıq həbsdə olanlar kimi, xüsusi dəstənin müşayəti ilə Məşhədə göndərir. Təhmasibqulu xan II Təhmasiblə birgə Məşhədi 1729-cu ilin mayında tərk edir. "Tarixi-Nadir"dən məlum olduğu kimi, abdallarla Kafir qala yaxınlığında baş verən döyüşdə Təhmasibqulu xan şəxsən əfqan liderlərindən birinin başını kəsir; abdalilər Küsüyə yaxınlığında böyük itki verərək, bütün sursatlarını atıb, Herata üz tuturlar. Ribati-Paryandakı məğlubiyyətdən sonra Allahyar xan Təhmasibqulu xanın düşərgəsinə qasid göndərərək sülh təklif edir; lakin Təhmasibqulu xan, Allahyar xan və onun sərkərdələrinin onun hüzuruna şəxsən gəlmələrində israr edir. Allahyar xan Zülfüqarın onun köməyinə gəldiyini eşidib, sülh fikrindən əl çəkir. Nəticə etibarilə Təhmasibqulu xan hər iki abdal lideri üzərində qələbə əldə etdikdən sonra Təhmasibqulu xanın hüzuruna gəlmiş əfqan sərkərdələri öz hərəkətlərinə görə üzr istəməklə yanaşı, tabe olduqlarını və hətta gilzaylara qarşı mübarizədə qızılbaşlarla əməkdaşlıq edəcəklərini bəyan edirlər. Bu zaman Təhmasib və onun nazirləri abdalilərin təkliflərinin qəbul edilməsi əleyhinə çıxırlarsa da, Təhmasibqulu xan sülhlə razılaşır. Səhəri gün abdali liderləri böyük hədiyyələrlə Təhmasibqulu xanın çadırına gəlir və əbalarla mükafatlandırılırlar. Bəzi abdali sərkərdələri II Təhmasibin xidmətinə daxil olur, abdalilərin rəhbəri Allahyar xan isə Herat hakimi vəzifəsində rəsmi təsdiq olunur.

İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında Mehmandost çayı sahilindəki döyüşdə (Damğan döyüşü (1729)) Əşrəfin qoşunları darmadağın edilir.[4] Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.

Nadirlə Əşrəf arasında Həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığındakı Murçexort adlı yerdə döyüş baş verir. Murçexort İsfahan şəhərinin 55 km şimalında yerləşirdi və bu döyüşdə kim qalib gəlsəydi asanlıqla paytaxta sahib ola biləcəkdi.

Döyüşün ilk anlarından Nadir top zərbələrinə üstünlük verdi. Topçuların rəhbəri olan Əmir xana verilən əmrlə əfqanların əsasən mərkəzdəki qüvvələri vuruldu. Tarixçi Səmnaninin bildirdiyinə görə, əvvəlki illərdə bir əfqan döyüşçüsü 100 nəfər qızılbaş döyüşçüsünün öhdəsindən gələ bilirdisə, Murcexort döyüşündə bir qızılbaş döyüçüsü min əfqan döyüşçüsünün öhdəsindən gəlirdi.[5] Nadirin piyadaları əfqanların toplardan və zənburəklərdən olan atəşlərinə baxmayaraq, əfqan sıralarına çata bildilər. Qızılbaş ordusunun əzmkarlığı nəticəsində Əşrəfin topları ələ keçirildi və o, top dəstəyindən məhrum edildi. Əfqanara köməyə gələn Osmanlı doyüşçülərinin bir hissəsi əsir götürüldü. Lakin əsir götürülən döyüşçülər döyüş bitdikdən sonra sərbəst buraxıldı.[6]

Tarixçi Babayinin bildirdiyən görə, əfqan qoşunları var-dövlətlərini döyüş meydanında qoyub qaçdıqdan sonra Qızılbaş ordusu bunları talan etməyə başladı. Halbuki Nadir xan döyüşdən əvvəl belə bir hərəkətə yol verilməməsi ilə bağlı qəti ömr vermişdi. Təpədən bu mənzərəni izləyən Nadir yanında saxladığı ehtiyat qüvvəsi olan 8 minlik süvari qoşuna talançıları meydandan yığışdırmağı tapşırdı. Bir yerə toplanan ordunun qarşısında çıxış edən Nadir talançıların bəzilərini cəzalandırdı və elan etdi ki, hətta 10 il sonra belə kimdənsə əfqanlara aid olan mal-mülk tapılarsa o adam edam ediləcək. Bütün qoşun topladığı əşyaları təhvil verdi. Nadir isə bir yerə toplanmış qiymətli əşyalara od vurub yandırtdırdı.[7]

Nadir xan qaçan əfqanları təqib etmək üçün Əliqulu bəy Əfşara tapşırıq verdi.

Əşrəf başda olmaqla, sağ qalan əfqanlar İsfahana qaçdı. Əşrəfin məğlub olması xəbərini eşidən isfahanlılar silahlanaraq şəhərdəki əfqan qarnizonunu qırdı. Şəhərə daxil olan Əşrəf şəhərdə qalmağın təhlükəli olduğunu başa düşürdü və ona görə də, tapşırıq verdi ki, illərlə əhalidən topladığı var-dövləti daşımaq üçün heyvanlar tapılsın. Bunun üçün 300-ə yaxın dəvə və xeyli sayda qatır toplandı. Şəhərdən çıxıb Şiraza yönələn Əşrəf qəzəblənərək vəzirini İsfahandakı bütün evləri yandırmaq üçün geri göndərdi. Əfqanların geri döndüyünü görən şəhər əhalisi yenidən silahlandı. Şəhərdəki hay-küyü görən əfqanlar Nadirin qoşunlarının artıq şəhərə daxil olduğunu düşündü və geri döndülər.[8]

Əşrəf bir neçə Səfəvi şahzadəsini də özü ilə Şiraza aparmışdı.

Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Baş vermiş Zərqan döyüşündə əfqan döyüşçüləri ilə birlikdə, hökmdarları Əşrəf də öldürülür.[9][10]

Beləliklə də, 1722-ci ildə İsfahanın əfqanlar tərəfindən ələ keçirilməsi ilə ləğv edilmiş Səfəvi taxt-tacı yenidən bərpa olunur. Əfqanlar məğlub edilsə də, Səfəvi torpaqlarının bir hissəsini işğal etmiş Osmanlı imperiyası və Rusiya çarlığı ilə mübarizə hələ bir qədər davam edəcəkdi.

II Təhmasibin paytaxta daxil olması

[redaktə | mənbəni redaktə et]

İsfahanlılar əfqanların qovulmasını böyük şadyanalıqla qeyd etdilər. 1729-cu ilin noyabrın 16-da Nadir xan ordusu ilə birlikdə təntənəli formada İsfahana daxil oldu. “Aləm Ara-ye Naderi”yə görə, İsfahan əhalisi 3 gün boyunca bayram etdi. Nadirin əmri ilə əfqanların şəhərdə qalmış mal-mülkləri müsadirə edildi və Murçexortda fərqlənən əsgərlərə və sərkərdələrə paylanıldı.

Şah II Təhmasib 1729-cu ilin noyabr ayının 29-da İsfahana daxil oldu. Mənbələrdə yazılana görə, bütün şəhər əhalisi şahın pi.vazına çıxmışdı. Çaharbağına qədər 2 millik yola fərşlər, xalçalar, zərli parçalar döşənmişdi. Şah Təhmasib uzaqdan görünəndə Nadir atdan düşüb onun qarşısına çıxdı, onunla salamlaşdı. Birlikdə Hezarcirib bağına gələn Nadir və Şah Təhmasib gecəni orada keçirdilər. Səhəri gün isə onlar yola düşdülər və şah bağı olan Çaharbağa gəldilər. Oradan isə Şah Təhmasib şah sarayına yollandı.

Hakimiyyətdən devrilməsi

[redaktə | mənbəni redaktə et]

Təhmasibqulu xan Xorasandakı üsyanı yatırarkən, II Təhmasib aşağı düşmüş nüfuzunu qaldırmaq üçün Osmanlı əleyhinə hərbi əməliyatlara başladı. Hərbi əməliyatların gedişində məğlub olan II Təhmasib, Təhmasibqulu xanın Xorasandan etirazlarına baxmayaraq, Osmanlı imperiyası ilə sülh müqaviləsi imzalamağa məcbur oldu.[11] Bu müqaviləyə əsasən Səfəvi dövləti Arazdan şimaldakı Səfəvi ərazisinin Osmanlıya verilməsi ilə razılaşırdı. Lakin Xorasandakı üsyanı yatırıb geri dönən Təhmasibqulu xan II Təhmasibi hakimiyyətdən devrir və onun yerinə oğlu Abbas Mirzəni III Şah Abbas adı ilə şah elan edir.[12] Şah elan edilən zaman III Şah Abbasın hələ heç 1 yaşı da tamam olmamışdı.[13]

II Təhmasib 1740-ci ildə ailəsi ilə birlikdə Nadir şahın oğlu tərəfindən qətlə yetirilmişdir.[14]

  1. Bu döyüşdə Səfəvi ordusunun komandanlarından olan Kartlili Rüstəm xan və fransız hərbçi Flippe Kolombe də həyatını itirmişdir.[1]
  1. Lang, David Marshall. "Georgia and the Fall of the Ṣafavī Dynasty". Bulletin of the School of Oriental and African Studies. 14 (3). 1952: 537–538. doi:10.1017/s0041977x00088492.
  2. A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, ed. Spencer C. Tucker, (ABC-CLIO, 2010), s.726.
  3. Əliyarlı, Süleyman. Azərbaycan tarixi. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
  4. Ferrier, J. P. History of the Afghans. Murray. 1858. səh. 61. İstifadə tarixi: 2010-09-30. J.P.Ferrier.
  5. Səmnani Pənahi. Tarix-e nezami və siyasi-ye doura-e Nader şah Əfşar. I. Tehran. səh. 274.
  6. Michael Axworthy (2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant,p. 203. I. B. Tauris
  7. Qulam Rza Əli Babayi. Tarix-e Ərtəş-e İran əz həxamənşi ta əsr=e Pəhləvi. Tehran. səh. 46.
  8. Sayks P. Tarix-e İran. Tehran. səh. 393.
  9. Michael Axworthy (2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, s. 131. I. B. Tauris
  10. Hanway, Jonas. An Historical Account of the British Trade Over the Caspian Sea: With the Author's Journal of Travels from England Through Russia Into Persia, and Back Through Russia, Germany and Holland : to which are Added the Revolutions of Persia During the Present Century with the ... History of ... Nadir Kouli ... (ingilis). T. Osborne [and 9 others]. 1762. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-13.
  11. "Slaves of the Shah: New Elites of Safavid Iran". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-13.
  12. Axworthy s.123
  13. "Safavid Iran: Rebirth of a Persian Empire". 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-13.
  14. "The Cambridge History of Iran, Bind 6". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-13.