İsoo Abe

İsoo Abe (安部 磯雄, Abe İsoo?, 4 fevral 1865[1], Fukuoka10 fevral 1949[2][3], Tokio[d])Yaponiya xristian sosialisti və pasifisti. Yaponiyada beysbol idmanının inkişafına verdiyi töhfələr səbəbilə "Yaponiya beysbolunun atası" kimi və sosialist fəaliyyətlərinə görə "Yaponiya sosializminin atası" kimi tanınır.[4]

İsoo Abe
yap. 安部磯雄
Doğum tarixi 4 fevral 1865(1865-02-04)[1]
Doğum yeri
Vəfat tarixi 10 fevral 1949(1949-02-10)[2][3] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Zoşiqaya qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti universitet müəllimi[d], sosioloq, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1865-ci ildə Yaponiyanın Fukuoka şəhərində doğulmuşdur. Kiotoda yerləşən Doşişa Universitetindən məzun olmuş, universitetdə Co Niicimanın təsiri ilə xristian olmuşdur. Bir müddət Okayama prefekturasında keşiş kimi xidmət verdikdən sonra 1891-ci ildə ABŞ-yə səyahət edərək Hartford Teologiya Məktəbində təhsil almışdır. Burada xristian sosializmi ilə tanış olmuşdur.[5]

1895-ci ildə Yaponiyaya qayıtdıqdan sonra sosial islahatlarla məşğul olmağa və orta məktəblərdə dərs deməyə başlamışdır. 1903–1926-cı illərdə Vaseda Universitetinin professoru olmuşdur.[6]

Abe Yaponiyada bir çox sosialist təşkilatın yaradılmasında iştirak etmişdir. O, 1901-ci ildə Yaponiyada rəsmi olaraq tanınmış ilk sosialist partiya olan Sosialist Xalq Partiyasını (Şakay Minşuto?) yaratmış və partiyanın manifestini yazsa da, partiya iki gün sonra hökumət tərəfindən ləğv olunmuşdur. 1926-cı ildə davamçı partiyanı və 1932-ci ildə Sosial Kütlələr Partiyasını (Şakay Tayşuto?) qurmuş, bu partiyaların sədri olmuşdur. Partiyanın sağa meyil etməsindən sonra 1940-cı ildə Milliyyətçi Əmək Partiyasını (Kinro Kokuminto?) partiyasını qurmuş, lakin partiya tezliklə hökumət tərəfindən ləğv olunmuşdur.[5]

1904–1905-ci illərdə baş verən Rus-yapon müharibəsinə qarşı olmuş, öz fikrini nəşrlər vasitəsilə çatdırmağa çalışmışdır. 1905-ci ildə Naoe KinoşitaSanşiro İşikava ilə birlikdə "Şin kiqen" (azərb. Yeni dövr‎) jurnalını nəşr etdirmişdir, 1907-ci ildə "Heimin Shimbun" qəzetinin yenidən yaradılmasında iştirak etmişdir. 1910-cu ildə baş verən Vətənə xəyanət insidentindən sonra radikal sosialistlərdən uzaqlaşmışdır.[5]

Abe 1921-ci ildə Yaponiya Fabian Cəmiyyətinin təsisçilərindən biri olmuş, 1924-cü ildə cəmiyyətin sədri seçilmişdir. O, Yuaykay kimi bir sıra həmkarlar ittifaqlarında fəaliyyət göstərmişdir. Yuaykayın məsləhətçisi olmuş və təşkilatın jurnalı üçün yazılar yazmışdır.[5] 1928–1940-cı illərdə Yaponiya parlamentinin üzvü olmuşdur. Müharibənin yaxınlaşmasına etiraz edərək 1940-cı ildə parlamentdən çıxmışdır.[6] İkinci Dünya müharibəsindən sonra yaradılmış Yaponiya Sosialist Partiyasının (Nihon Şakayto?) məsləhətçisi olmuşdur.[5]

Abe pasifist olmuş və Yaponiyanın sülh ənənələrini vurğulamışdır.[6] Doğum nəzarətini müdafiə etmiş, lisenziyalı fahişəlik hərəkatında iştirak etmişdir.[7]

"Yaponiya beysbolunun atası"

[redaktə | mənbəni redaktə et]

Abe Yaponiyada beysbol idmanının inkişafı üçün töhfələrə görə "Yaponiya beysbolunun atası" kimi tanınır.[8] O, 1901-ci ildə Vaseda Universitetində "Vaseda" beysbol klubunu yaratmış və 1926-cı ilə qədər komandanın meneceri olmuşdur. 1905-ci ildə komandanı ABŞ turuna aparmışdır. Vaseda–Keyo beysbol rəqabətini başlatmış, Tokio Böyük Altılıq Beysbol Liqasının əsasını qoymuşdur.[4] Kano Ciqoro ilə birlikdə Yaponiya Həvəskar İdman Növləri Assosiasiyasını yaratmışdır.[7]

  1. 1 2 Bell A. Abe Isoo // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. 1 2 Abe Isoo // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Isoo Abe // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  4. 1 2 "Abe Isoo and the Waseda Baseball Club". Vaseda Universitetinin saytı (ingiliscə). 4 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2024.
  5. 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 2
  6. 1 2 3 Huffman. səh. 3
  7. 1 2 "ABE Isoo". Portraits of Modern Japanese Historical Figures (ingiliscə). Milli Diet Kitabxanası. 26 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2024.
  8. Blackwood, Thomas. "Bushidō Baseball? Three 'Fathers' and the Invention of a Tradition". Social Science Japan Journal (ingiliscə). 11 (2). 2008: 223–240. İstifadə tarixi: 26 iyul 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]