İsrail–Rusiya münasibətləri — İsrail və Rusiya dövlətləri arasındakı mövcud ikitərəfli münasibətlər.
İsrail–Rusiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya Federasiyasının İsrailin Tel-Əviv şəhərində səfirliyi, Hayfa şəhərində isə konsulluğu fəaliyyət göstərir. İsrailin isə Rusiyanın Moskva şəhərində səfirliyi, Yekaterinburq şəhərində isə konsulluğu fəaliyyət göstərir.
İsrail illər boyunca Rusiya yəhudiləri üçün sığınacaq rolu oynamışdır. İsrail və Rusiya Soyuq müharibə dövründə qarşı tərəflərdə olmuşdur. İki dövlət arasında əlaqələr 2000-ci illərin əvvəllərindən xüsusilə də, Rusiyada Vladimir Putinin, İsraildə isə Ariel Şaronun hakimiyyətə gəlməsindən sonra yaxşılaşmışdır.[1]
Rus dili İsraildə ivrit və ərəb dillərindən sonra əhali arasında ən çox istifadə olunan üçüncü dildir.[2]
Rusiyada yaşayan İsrail vətəndaşlarının ümumi sayı 100,000 nəfərdən çoxdur ki, onların da 80,000 nəfəri paytaxt Moskva şəhərində məskunlaşmışdır.[3] İsraildə yaşayan Rusiya vətəndaşlarının sayı isə yüz minlərlədir. Hesablamalara əsasən İsraildə rus dilini ana dili kimi istifadə edənlərin sayı 1.5 milyon nəfərdir.[4]
1944-cü ilin sonlarından etibarən yeni siyasi mövqe tutan İosif Stalin Yaxın Şərqdə ingilis müstəmləkəçiliyinin daha sürətlə ləğv edilməli olduğunu bəyan etmişdir. Bunun nəticəsi olaraq 1947-ci ilin noyabrında SSRİ tərəfi digər Sovet bloku ölkələri ilə birlikdə sonradan İsrail dövlətinin yaradılmasına səbəb olmuş Fələstin üçün BMT-nin Paylaşma Planının lehinə səs vermişdir.[5] İsrail dövləti müstəqilliyini elan etdikdən üç gün sonra 17 may 1948-ci il tarixində Sovet İttifaqı rəsmi şəkildə bu dövlətin müstəqilliyini de-yure olaraq tanımışdır. Bununla da, SSRİ yəhudi dövlətinin müstəqilliyini ABŞ-dən sonra tanıyan ilk dövlət olmuşdur.[6]
2 sentyabr 1948-ci il tarixində fəaliyyətə başlayan Qolda Meir İsrailin Sovet İttifaqındakı ilk səfiri təyin olunmuşdur. O, 1949-cu ilin mart ayına qədər bu vəzifədə xidmətini davam etdirmişdir.
Siyasi və diplomatik dəstəyə əlavə olaraq Sovet blokunun üzvü olan Çexoslovakiya İsraili müxtəlif növ silah-sursatla təchiz etmişdir. Bu silahlar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsi ərzində vacib rol oynamışdır. Bu müharibə dövründə SSRİ ərəb dövlətləri tərəfindən hücuma məruz qalmış İsraili dəstəkləmişdir. Lakin, Soyuq müharibə dövründə iki dövlət arasında əlaqələr zəifləməyə başlamışdır. Sovet İttifaqının Suriya, Liviya, Misir və İraq kimi ərəb dövlətlərini Sovet istehsalı silah və texnika ilə təchiz etməsi İsrailin narazıçılığına səbəb olmuşdur.
1967-ci ildə baş vermiş Altıgünlük müharibə ərzində SSRİ İsraillə diplomatik əlaqələrini kəsmişdir. Hər iki ölkə 1991-ci ilə qədər bu əlaqələri bərpa etməmişdir.