Şahməhəmməd (Qaraqoyunlu)

Şahməhəmməd Qaraqoyunlu və ya Qiyasəddin Şahməhəmməd ibn Qara Yusif (v. 1432, Həmədan) – Qaraqoyunlu şahzadəsi, Qara Yusifin ikinci (bəzi qaynaqlara görə, ən böyük oğlu) oğlu və Mosulun, Ərbilin, Bağdadın hakimi.

Şah Məhəmməd
bayraq
Bağdad hakimi
bayraq2
1410 – 1432
ƏvvəlkiSultan Əhməd Cəlayır
SonrakıƏmir İsfahan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri
Atası Qara Yusif
Uşağı Şah Əli

Uzun müddət Ərəb İraqında hakimlik etmiş, burada yarımmüstəqil hökmdar kimi fəaliyyət göstərmişdir. Həyatının böyük bir hissəsində qardaşı Əmir İsfahanla Ərəb İraqında hakimlik uğrunda mübarizə aparmışdır. Dövrün Məmlük qaynaqlarında, dini inancına görə qınanmışdır.

Məmlük tarixçisi Tağriberdinin yazdığına görə, Şahməhəmməd Ərbildə böyümüşdür. Qaynaqlarda onun gənclik dövrü ilə bağlı bir o qədər də məlumat yoxdur. Onun barədə məlum olan ilk məlumat Teymuri Əbu Bəkr ibn Miranşaha qarşı 21 aprel 1408-ci ildə ba. vermiş döyüşdə Qaraqoyunlu ordusunun sağ cinahına komandanlıq etməsidir. İki il sonra — 1409 və ya 1410-cu ildə Qara Yusif cəlairi nəzarətində olan Mosula hücum edib ələ keçirdi və Şahməhəmmədi oraya hakim təyin etdi.[1]

1410-cu ilin 17 mayında Cəlairi Sultan Əhməd Qara Yusifin yürüşən cavab olaraq Təbrizə hücum etdi. Bu zaman Qara Yusif Ərzincanda idi və Ucanda onun təmsilçisi olaraq. Şahməhəmməd buraxılmışdı. Şahməhəmməd Xoya geri çəkildi, lakin Sultan Əhməd onu izlədi və Salmasda məğlub etdi. Sultan Əhmədin hücumu və Şahməhəmmədin məğlubiyyəti barədə eşitdikdən sonra Qara Yusif dərhal Ərzincandan geri qayıdıb Əhmədi məğlub etdi. Maraqlıdır ki, o, o zamanlar Cəlairi konfederasiyasına daxil olan tayfaların əmirlərinin tələbləri əsasında Əhmədi edam etdirdi.[1]

Qara Yusif Sultan Əhmədi öldürməmişdən əvvəl onu Ərəb-İraqınıBağdadı hal-hazırda Ərbildə olan oğlu Şahməhəmmədə verməyə məcbur etdi. Bundan başqa, Qara Yusifin 7 yaşlı oğlu Pirbudaq Qaraqoyunlu konfederasiyasının hökmdarı elan edildi.[2]

Şəhəri ələ keçirməsi

[redaktə | mənbəni redaktə et]

Sultan Əhməd Təbrizə yollanarkən Bağdadda özünün qardaşının oğlu Şahvələdin üç oğlunu buraxmışdı. Bu üç uşaq — Sultan Mahmud, Sultan Məhəmməd və Sultan Üveys şəhərdə hakimiyyəti ələ keçirmək üçün öz aralarında mübarizəyə başlamışdılar. Döndü Sultan — Sultan Üveysin anası kimi siyasi fiqurların varlığı vəziyyəti daha da qəlizləşdirirdi.[2] 215 Döndü Sultan əlavə olaraq, üç güclü Cəlairi əmiri olan Baxşayeş, Əbdülrəhim ibn Molla və Nəsrəddin Doceyli də şəhərdə idi. Hafiz-e Əbrunun bildirdiyinə görə, Şahməhəmməd Bağdadı ələ keçirmək üçün qala qapıları önündə peydə olarkən şəhər böyük oğul olan Sultan Mahmud ilə sərkərdəsi Əbdülrəhimin hakimiyyəti altında idi. Onların şəhər sakinlərinə qarşı qəddarrəftarına görə sakinlər Sultan Əhməd zamanı şəhərin hərbi başçısı olmuş Baxşayeşə şikayət etdilər. O, şəhərin nüfuzlu şəxslərinin dəstəyini əldə edərək Əbdülrəhimi ortadan qaldı. Belə bir vəziyyədə Döndü Sultan və Şahvələdin digər oğulları şəhərdən qaçaraq Şüştərə yollandılar. Onların ayrılmasından qısa müddət sonra, 1411-ci ilin avqust-sentyabrında Şahməhəmməd şəhəri ələ keçirdi. O, oğlu Şahəlini Ərbilin hakimi təyin etdi. Bura onun Bağdadı ələ keçirməsinə qədərki zamanda bazası rolunu oynamışdı.[3]

"Qeybdəki Şah" şayiəsi

[redaktə | mənbəni redaktə et]

Hafiz-e Əbrunun yazdığına görə, Şahməhəmmədin Bağdadı mühasirəyə aldığı zaman şəhərdə şayiələr gəzməyə başlayır ki, Sultan Əhməd sağdır, lakin o qeybdədir və qısa müddət sonra zühur edib şəhəri xilas edəcək. Bu barədə farsdilli qaynaqlarda bir şey yazılmasa da, misirli salnaməçi Tağı əl-Din Məğrizi qeyd edir:[4]

Onlar Bağdadda şayiələr yayırdılar ki, Sultan Əhməd ibn Üveys qeybdən (muxtafiyan) gələcək və öz əmrlərini elan edəcəkdir. Hərdən onu çıxarıb Qara Yusufun əsgərlərinə basqın etdilər, sonra nə bacarırdılarsa apardılar. Bir vaxt ertəsi gün hücum edəcəyi barədə xəbər yaydılar və şəhəri bəzədilər. Gecə olanda əsgərlərini toplayıb hamı ilə birlikdə Tostara yola düşdülər.

İbn Həcər mühasirə zamanı siyasilərin fəaliyyəti barədə məlumat verir. Onun bildirdiyinə görə, Baxşayeşin qətlə yetirildiy gecə şayiələr gəzməyə başladı ki, onu öldürmək əmri Sultan Əhməd tərəfindən verilmişdir. Əbdürrəhim ibn Molla Baxşayeşin yerini tutdu və Sultan Əhmədə xütbə oxutdurdu və Sultan Üveys ibn Şahvələdin əmrlərini ləğv etdirdi. DÖndü Sultan gəzən şayiələrə qarşı çıxırdı və bildirirdi ki, Sultan Əhməd vəfat etmişdir. Bununla eyni zamanda, Şahməhəmməd şəhəri yenidən mühasirəyə aldı. Elə bu ərəfələrdə Sultan Əhmədin sarayda olduğu və insanları qəbul etdiyi xəbərləri yayıldı. Lakin Şahməhəmməd şəhəri ələ keçirdi və Döndü Sultan ilə birlikdə digər cəlairilər şəhərdən çıxarıldılar. Döndü Sultan Vasitə yollandı və Sultan Məhəmməd ibn Şahvələdin nominal hakimliyi altında vəqf qurub orada yaşamağa başladı.[4]

"Qeybdəki Şah" hekayəsi Gheyasinin yazdığı əsərdə fərqli cür təqdim edilmişdir. Gheyasiyə görə, Sultan Əhmədin ölməməsi barədə şayiələri yayan şəxs Şahməhəmməd olmuşdur. Guya o, şəhəri mühasirəyə aldığı zaman sakinlərə Sultan Əhmədin diri (heyy) və qeybdə olduğunu (moxtafi) olduğunu bildirmişdir. Bu zaman, Baxşayeş ittifaq qura bilmək üçün Döndü Sultanın qızı ilə evlənmək istəyirmiş. Evlənmə mərasimindən sonra Baxşayeş gecə yarı olana qədər içdi və qələndərxanaya (qələndəri dərvişlərinin yeri) getmək üçün atına minmək istədi. Lakin Döndü Soltan, "Sultan Əhməd"in (men lesan əl-Soltan Əhməd) əmri ilə Baxşayeşi qələndərxanaya getmək üçün atına minmək istəyərkən öldürdü və onun yerinə Əbdürrəhim b. Molla vəzifəyə gətirildi. O da, bir müddət sonra Sultan Əhmədin itkin olduğunu deyənlərlə birlikdə öldürüldü. Şəhər sakinləri zaman keçdikcə anladılar ki, Əhməd əslində ölmüşdür və geri gəlməyəcəkdir. Döndü Sultan "Qeybdəki Şah" hekayəsini davam etdirməyə çalışdı və bütün şəhəri Sultan Əhmədin yaxınlaşan geri dönüşü üçün bəzətdirdi. Bu zaman. Şahməhəmməd mühasirəni yarıda saxladı və Bakubəyə geri döndü. Bəzədilmiş şəhər üç gün "Qeybdəki Şah"ın geri gəlişini gözlədi, bu zaman zərfində də Döndü Sultan əri Şahvələd və oğlanları ilə birlikdə Vasitə, oradan da Şüştərə qaçdı. Şəhərin nüfuzlu şəxsləri bundan xəbər tutduqları zaman qala qapılarını Şahməhəmməd üçün açdılar. Şahməhəmməd şəhər ələ keçirdikdən sonra öyrəndi ki, Şeyx Əhməd Söhrəverdi adlı sufi də Sultan Əhmədin ölmədiyi və geri dönəcəyi şayiəsinə inananlar arasındaymış. Bu barədə ona sufinin oğlu məlumat vermişdi və həmin oğlan şəhərdəki bütün belə insanların siyahısını Şahməhəmmədə təqdim etdi. Şahməhəmmədin əmri ilə buna inanan hər bir kəs cəzalandırıldı.[5]

O, 1411–1433-cü illərdə fasilələrlə Bağdad hakimi olmuşdur. Onun Bağdad hakimliyi özünün sakitliyi ilə xarakterizə edilir. O, bu vəzifəyə ya 1410,[6] ya da 1411-ci ildə[7] atası tərəfindən təyin edilmişdir. Ona hakimliyində oğlu Şahəli yardım edirdi. Görünüşə görə, o, hakimliyinin ərazisini genişləndirmək barədə o qədər iştahlı olmamışdır. O, ərəb İraqı və kürdüstan bölgəsilə yetinməyi üstün tuturdu. Əslində, o, hakimliyinin böyük bir hissəsini atası Qara Yusifə, qardaşı Əmir İsfahanə və digər qaraqoyunlu torpaq sahibləri ilə mübarizə şəraitində keçirmişdi.[8]

Şahməhəmməd öz mövqeyini gücləndirdikdən sonra 1413-cü ildə Şəhrizor hakimi Məhəmməd Sarı Türkmanın üzərinə hücum etdi. Sarı Türkman keçmiş Cəlairi əmirlərindən olsa da, Qara Yusifə torpaqlarının özündə qalması şərtilə tabe olmuşdu. Hücumun səbəbi bilinməsə də, Sarı Türkman məğlub etdikdən sonra Şahməhəmməd tərəfindən Hit qalasında həbsə atıldı, ailəsi isə Bağdada aparıldı. Şahməhəmməd 1415-ci ilin iyun-iyulunda Şüştərə hücum edib Cəlairilərin son qalıqlarını da məğlub etdi, lakin onların hakimiyyətinə son qoya bilmədi.[8]

O, atası Qara Yusifin Teymurilərə qarşı apardığı 1414-cü il hücumlarını dəstəkləyirdi, lakin 1417-ci ildə müstəqil davranmağa başladı və öz vergilərini topladı. Şahruxun hücumu zamanı Qara Y.usifi oğlunu Azərbaycanı qorumaq üçün çağırsa da, o, bundan imtina etdi. Qara Yusif onun vergi toplamasına da göz yumdu və cəzalandırmaq əvəzinə sakitləşdirməyi seçdi. O, Əbubəkr Tehraninin bildirdiyinə görə, 1420-ci ildə daha da irəli gedərək atasının ağlını itirdiyini iddia etdi və onu Teymuri Şahruxa qarşı müharibəsində dəstəkləmədi.[8]

Qara Yusif 1420-ci ildə Teymuri Şahruxun yürüşünü qarşılamaq üçün səfərdə ikən vəfat etdi. Şahməhəmməd atasının ölüm xəbərini eşitdikdən sonra Naxçıvana yollandı, güman edilirdi ki, o, özünü yaxınlaşan taxt mübarizəsi üçün hazırlayırdı. Lakin gözlənilənlərin əksinə o, bu iddiadan imtina etdi və atasının çadırını yağmalayan, cəsədini hörmətsizlik edən əmirləri qəbul etməkdən imtina etdi. Qara yusifin ölümü zamanı onun qardaşları Əmir İsfahan və İsgəndər uyğun olaraq Kərkük və Adilcəvazda idi. Şahməhəmməd öz oğlu Şahəlinin üsyanına görə geri dönməyə məcbur oldu. Eyni zamanda 1421-ci ildə Əmir İsfahan da Ərəb İraqının işğalına başlamışdı. Maraqlıdır ki, Şahməhəmməd qardaşına elə də müqavimət göstərmədi və Bağdadın ona kifayət etdiyini bildirdi. Əmir İsfahan onu Bağdaddan da çıxarsa da, Cəlairi Üveysə məğlub oldu, sonda isə Şahməhəmməd şəhəri geri qaytarmağı bacardı. Bir müddətliyinə iki qardaş Bağdadı birlikdə idarə etdilər, lakin qardaşının vecsizliyindən bezən Əmir İsfahan Bağdadın şimalımdakı Doceylə yollandı. Şahməhəmməd qardaşı ilə ortaq idarəetmədən razı olsa da, oğlu Şahəli bunu qəbul etmirdi. O, 1432-ci ildə atasının icazəsi olmadan Əmir İsfahanın üzərinə hücub edib, uğursuz oldu. Sonda 1432–1433-cü illərdə Əmir İsfahan Şahməhəmmədi Bağdaddan uzaqlaşdırdı və onnu Bağdad hakimliyi sona çatdı.[9]

Sürgün edilməsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Şaməhəmmədin son günləri və ya ayları yaxşı qeyd edilməmişdir. Gheyasi iddia edir ki, o, Bağdad ətrafında ordusunu yenidən qruplaşdırmağa çalışmış, uğursuz olduqdan sonra isə gəmi ilə Fərat çayının qərb sahilinə keçmişdir. O, oğlu Şahbudağın və bir hambalın müşayiəti ilə VII imam Musa Kazımın məzarını ziyarət etmiş, burada Seyid Covsaki adlı şəxs ona heyvanlar verdikdən sonra Duceylə, oradan da Hadithaya yollanmışdır. Burada müəyyən ordu topladıqdan sonra MosulƏrbili yenidən ələ keçirmiş və diqqətini Bağdada yönəltmişdir. O. Bakubəni ələ keçirmiş və yağmalamışdır. Lakin o, Əmir İsfahanın xəstə olmasına baxmayaraq, Bağdadı ələ keçirə bilməmişdir. Son olaraq, Əmir İsfahan ona hücum etmiş və Bağdaddan uzaqlaşdırmışdır. Gyesainin bildirdiyinə görə, Şahməhəmməd və ətrafı Şekan adlı qalanı ələ keçirməyə çalışarkən öldürülmüşdülər.[10] Muḥaddis̲in yazdığına görə isə, oğlu Şahəlinin Qara İsgəndərin yanına qaçmasından sonra Şahməhəmməd Baba Hacı Həmadani tərəfindən öldürüldü. Həmədani Gaverudun hakimi idi.[11]

Dini düşüncələri

[redaktə | mənbəni redaktə et]

O, təkcə İslam dinindən tamamilə imtina etməkdə və xristianlığı qəbul etməkdə ittiham edilməyib, həm də ənənəvi idarəçilik təcrübələrinə tamamilə etinasız yanaşan biri kimi təqdim edilib.[12] Onu Bağdadda ziyarət etmiş hürufi dərvişi Qiyasəddin Məhəmməd bu sözləri yazmışdı:[13]

8 aydan sonra biz Bağdada II Rəbidə gəldik. Şahməhəmməd bizi ziyarət etdi. O, bizə çox mərhəmət göstərdi. Hər bir halda, o, qəribə dini ədəb və terminologiyaya sahib idi. Biz mühahidə etdik ki, o, peyğəmbərləri və müqəddəsləri rədd edir. Onun əqidəsinə və əxlaqına nifrət edərək, icazəsi olmadan şəhəri tərk etdik. İndi mən bu məhəbbət səhifələrini yazarkən, biz Baqubada məskunlaşmışıq.

Şahməhəmməd və onun kiçik qardaşı İsfahan barədə dövrün müasiri olan qaynaqlar ikrah dolu sözlər yazmışdırlar. Bu o dövrün Məmlük tarixçiləri üçün Teymuri və Türkman hökmdarlar barədə alışılmış da üzərində pis sözlər kimi xarakterizə edilə bilər. Lakin Gyeyasi kimi müəlliflər Bağdad qaraqoyunluları barədə nisbətən daha mülayim sözlər yazmışdırlar. Lakin o da qeyd edir ki, Bağdad qaraqoyunluları bütün günlərini yeyib-içməklə keçirirlər və Şahməhəmməd dargörüşlü şəxsdir. O, bunu Şahməhəmmədin Bağdadı ələ keçirərkən başından zədə alması ilə əlaqələndirir.[14] Onun dini görüşləri barədə isə İbn Tağrıberdi bu sözləri yazmışdır:[15]

Şahməhəmməd allahsız imansız (faseqan zendigan). O. heç bir dini ibadət yerinə yetirmişdir. İslamın ayinlərini ləğv etdi, din alimlərini öldürdü. Ramazanda onun süfrəsi naharda — iftar zamanı yayıldığı kimi — hamının görməsi üçün sərilirdi və vay halına ki, ondan yeməyənə. Əvvəlcə atasının dövründə Bağdad valisi olub. O zaman o, ədalət və yaxşılıq göstərdi. [Ədalət və yaxşılıq göstərməsinin] səbəbi Ərbildə böyüməsi və orada xristianlarla dostluq etməsidir. O, onların vasitəsilə küfrün şər inancları (əz-zəndəqa) və xristianlıq dininə meyllə qarşılaşdı. O, bu inancları gizli şəkildə yaşayırdı və onun atası Qara Yusif bundan xəbərsiz idi. Atası Qara Yusif onu Bağdad valisi təyin edərkən o, Sultan Əhməd ibn Üveysi — Allah ona rəhmət etsin — öldürdü. O, atası sağ ikən Bağdadda təbəələrə qarşı ədalətli davranmış, atası Qara Yusifin vəfatına qədər bir-iki il haram olan şeylərə qarşı təqva və təvazökarlıq göstərmişdir. Bağdadı tərk etdi, sonra Şah Vələddən sonra yenidən oraya qayıtdı [b. Şeyx Əli]. Sonra o, şəhər üzərində hökmranlıqda həddi aşdı, tamamilə dəyişdi və öz pis əqidəsini ortaya qoydu. O, ateist (təzandaqa) və kafir (kəfəra) idi. Din alimlərini öldürdü, namazı və cümə məclisini ləğv etdi. O, təmiz xristian oldu və İsanı Allahın bütün digər məxluqlarından üstün tutdu. O, alimlərdən soruşardı ki, ilk növbədə nə üstündür, diri və ya ölü. Onlar diri insana üstünlük verdiklərini cavablandırdıqda o, deyərdi: "Görürsünüz ?! İsa diridir, Məhəmməd isə ölü". Sonra ona uyğun qərar verəcək və başqa heç bir arqumentə qulaq asmayacaqdı. Əbd əl-Məsih kimi tanınan bir xristian hökmran idi və öz dövründə (dovlateh) idarəçi idi. O, bu [davranışı] aşkar etdikdə, əsgərləri onu tərk etdi və Bağdadda yalnız kiçik bir dəstə qaldı. Bu müddət ərzində Bağdadın rayonlarında və ətraflarında əsas yolları soyğunçuların sayı o qədər artdı ki, ümumi yollar çürüdü. İnsanlar dəstə-dəstə Bağdadı tərk etdilər. [Şah Məhəmməd] bir neçə il Bağdaddan çıxan həcc karvanını dayandırdı.

Bir digər Məmlük qaynağı Məğrizi də buna bənzər sözlər yazır və onun dövründə şəhərin zəiflədiyini bildirir. Binbaş ümumi olaraq Qaraqoyunlu sülaləsi üzvləri arasında şiəlik müyillərinin olduğunu, bəzi şahzadələrin şiə olduğunu bildirsə də, sülalənin tam olaraq şiə sülaləsi adlandırılmasını mübahisəli hesab edir. Həmçinin o, qeyd edir ki, ola bilsin ki, İsfahanla Şahməhəmməd daha radikal dini düşüncələri təmsil edirdilərsə, Cahanşah dövrün qaydalarına daha uyğun dini düşüncələrə sahib olmuşdurlar.[16]

İki oğlu olduğu bəllidir:

  1. Şahbudaq[9]
  2. Şahəli[17]
  1. 1 2 Binbaş, 2019. səh. 214
  2. 1 2 Binbaş, 2019. səh. 215
  3. Binbaş, 2019. səh. 216
  4. 1 2 Binbaş, 2019. səh. 217
  5. Binbaş, 2019. səh. 218
  6. Minorsky, 1955. səh. 220
  7. Binbaş, 2019. səh. 219
  8. 1 2 3 Binbaş, 2019. səh. 220
  9. 1 2 Binbaş, 2019. səh. 221
  10. Binbaş, 2019. səh. 221-222
  11. Muḥaddis̲, 1982. səh. 16
  12. Binbaş, 2019. səh. 208
  13. Binbaş, 2019. səh. 207
  14. Binbaş, 2019. səh. 222-223
  15. Binbaş, 2019. səh. 223-224
  16. Binbaş, 2019. səh. 229-230
  17. Minorsky, 1955. səh. 50-73
  • Evrim Binbaş. The Jalayirid Hidden King and the Unbelief of Shāh Mohammad Qara Qoyunlu. Journal of Persianate Studies. 12 (2). 2019. ISBN 1874-7094.
  • V. Minorsky. The Qara-Qoyunlu And The Qutb-Shahs. Bulletin of the School of Oriental and African Studies. 17 (1). 1955. ISBN 1474-0699.