Şamil əməliyyatı — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyasının Abver qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatdır.
Əməliyyat zamanı döyüşən qüvvələrin qarşısına alman xüsusi təyinatlı qüvvələr havadan endirilmişdir. Bu zaman döyüşən qüvvələr Sovet İttifaqının əsas neft yataqlarından bir hissəsinin yerləşdiyi Qroznı şəhəri uğrunda döyüşürdülər. Qroznı neft yataqları ilə zəngin olmaqla yanaşı, ən böyük neft emalı mərkəzlərindən də biri idi. Hücumun əsas məqsədlərindən biri Qroznı ilə yanaşı Maykop və Bakı idi. Bu qeyd edilən şəhərlər 1942-ci ilin yayında alman hərbi qüvvələrinin əsas qiddət mərkəzində olan şəhərlər idi. Bu əməliyyatları generalfeldmarşal Vilhelm Listin komandanı olduğu A Ordu qrupu həyata keçirirdi.[1]
Əməliyyat sonradan Şamil əməliyyatı adlandırılmışdır.
Plana görə Lehr-Regiment Brandenburq zBV 800 dəstəsi[1] Birinci Panzer ordusunun hücum istiqamətində yerə endirilməli idi. Bu dəstə xüsusi təyinatlı dəstə idi. Dəstəyə verilən tapşırığa görə, onlar yerli insurgentlərlə əlaqələr formalaşdırmalı, neft yataqlarını qəfil zərbə ilə ələ keçirməli və geri çəkilən Sovet İttifaqı ordusunun bu neft yataqlarını, neft emalı müəssisələrini partlatmasına icazə verməməli idilər.[2]
1942-ci ilin avqust-sentyabr ayına ümumilikdə sayları 57 nəfər olan beş xüsusi təyinatlı alman qrupu Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ərazisinə soxulmağı bacardı. Hətta onlardan biri Qroznıdakı neft emalı müəssisəsini ələ keçirməyi belə bacardı, lakin əsas alman ordusunun Qroznunun 89 kilometrliyində dayandırılmasından sonra onlar geri çəkilməyə məcbur oldular.[2] Qruplardan biri yerli üsyançı dəstələrdən birinin rəhbəri olan Həsən İsrailov ilə əlaqə yaratmağı bacardı.[3] 1943-cü ilin avqustunda 3 qrupda olmaqla, əlavə 20 nəfər də bölgəyə göndərildi, onların əsas tapşırığı Sovet İttifaqının əks-hücumuna mane olmaq idi.[3]
Bu əməliyyatlarda iştirak edən şəxslər ümumilikdə 77 nəfər təşkil etmişdir. Onlardan 15-i alman, 21-i osetin, 16-ı inquş, 13-ü çeçen, 5-i dağıstanlı, 3-ü kabardinli, 2-i gürcü, 1-i rus və qazax idi.[3] Onlar Zeppelin əməliyyatı çərçivəsində təlim almışdılar. Zeppelin əməliyyatı çərçivəsində müharibə boyunca Şimali Qafqaza və Cənubi Qafqaza 50 diversiya qrupu göndərilmişdir.[3]