Şamo Rəhimov (tam adı: Şamo Süleyman oğlu Rəhimov; d. 2 aprel 1931, Bakı, Azərbaycan SSR, SSRİ – ö. iyul 1965, Azərbaycan SSR, SSRİ) — dünya şöhrətli azərbaycanlı seysmoloq; xalq yazıçısı Süleyman Rəhimovun oğlu.[1]
Şamo Rəhimov | |
---|---|
Şamo Süleyman oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Atası | Süleyman Rəhimov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | fizik |
Təhsili | Moskva Dövlət Universiteti |
Fəaliyyəti | alim |
Şamo Rəhimov 2 aprel 1931-ci ildə Bakıda anadan olub.[2] Mənşəcə kürddür.[3] Həmin vaxt atasının "Şamo" romanının ilk variantı dərc olunmuşdur.[4] Elə ona görə də atası Süleyman Rəhimov dünyaya gələn oğluna Şamo adını verir.[4]
Ailədə altı uşaq olublar: dörd qardaş - Oqtay, Şamo, Arif, Aqil və iki bacı - Şəfiqə, Rəfiqə.[1]
1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini[2] fərqlənmə diplomu ilə bitirmişdir.[1] Həmin ildə SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.[2]
Hələ gənc yaşlarından dünya şöhrətli seysmoloq kimi tanınmışdır.[1] Onun zəlzələ ocağında gedən proseslər, zəlzələlərin oxunuşu, lava dalğaları, seysmik rayonlaşdırma xəritələrinin qurulması və tərtibi sahəsində böyük xidmətləri var.[5]
1958-ci ildə səthi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş "Üç yaxın stansiyalarda müşahidə edilən Reley dalğalarının yayılma sürətinin dispersiyasının eksperimental öyrənilməsi" mövzusunda yazdığı elmi əsərində səthi dalğalar sürətlərinin fazasının təyin edilməsində əvvəlki üsulların effektsiz olduğunu sübut etmişdir.[2]
O, Reley və Lyava səthi dalğaları üzrə zəlzələnin episentrinə istiqamətlərin təyini üsulunu işləyib hazırlayıb.[2] 1962-ci ildə Reley qrupu dalğalarının yeni seriyasını aşkar edərək onların xüsusiyyətlərini səciyyələndirib.[2] Onun işləyib hazırladığı üsullar Azərbaycanın seysmik rayonlaşdırılması üçün baza olmuşdur.[2] Şamo Rəhimov Azərbaycan üzrə seysmostatistik məlumatlar əsasında yer qabığının öyrənilməsinin yeni üsulunu da işləyib hazırlamışdır.[2] Bu üsul 1961-1963-cü illərdə Azərbaycanda baş vermiş on güclü dağıdıcı zəlzələnin məlumatlarının öyrənilməsi əsasında həyata keçirilib sübut olunmuşdur.[2]
Eyni gücə malik yeni-yeni zəlzələlərin tədqiqatlarını davam etdirərək, bu üsulun, həmçinin tektonik qırılmaların aşkar olunmasına və onların yer qabığında aşkar edilməsinə imkan yaratdı.[2] Doktor Şamo Rəhimovun bir sıra işləri planetin quruluşunun fundamental probleminin həllinə yönəldilmişdir.[2] Bunlar seysmologiyada "qlobal və lokal" dalğaların olması haqqında yeni təsəvvürlərin meydana çıxmasını mümkün etdi.[2]
Alim az vaxtda müasir seysmologiyanın inkişafı üçün çox iş görmüşdür.[2] Şamo Rəhimovun əsərləri orijinallığı, elmi fikrin dərinliyi, baxışların təzəliyi, problemlərin müfəssəl və dəqiq işıqlandırılması ilə seçilirdi.[2] Tədqiqatlarının nəticələri birmənalı olaraq beynəlxalq miqyasda qəbul edilmişdir.[2] Doktor Şamo Rəhimov qeyri-adi və geniş intellektə malik insan idi.[2] O, SSRİ Elmlər Akademiyası Seysmologiya Şurasının seysmik müşahidələr vahid şəbəkəsi komissiyasının, Qafqazın dərinliyinin seysmikasını öyrənən komissiyanın, SSRİ Elmlər Akademiyası Geologiya Şurasının, SSRİ Elmlər Akademiyası Regional Şurasının Qafqaz bölməsinin inkişafı və öyrənilməsi komissiyasının üzvü idi.[2]
Ölməmişdən əvvəl 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovun fəaliyyəti beynəlxalq aləmin də diqqətini cəlb etmiş və onu seysmologiya sahəsində ən məşhur alimlərdən biri kimi qəbul etmişdilər.[6]
Görkəmli seysmoloq, professor, ABŞ Prezidentinin elm üzrə məsləhətçisi Frank Press Şamo Rəhimovu Amerikaya dəvət etmiş, lakin Sovet hakimiyyəti ona xaricə getməyi icazə verməmişdi.[2] Buna baxmayaraq ABŞ-nin Seysmologiya Cəmiyyəti Azərbaycan Elmlər Akademiyasına, Şamo Rəhimova öz aylıq bülletenini göndərirdi.[2] Hətta ölümündən sonra azı 11 il də bülletenlərin Şamo Rəhimovun ünvanına göndərilməsi davam etmişdir. Qeyd edək ki, Şamo Rəhimov Frank Press və müəllimi M.Yuinqin səhvlərini, Yer quruluşunun öyrənilməsindəki metodların əsaslarının etibarsızlığını sübut etmişdi.[2] Doktor Şamo Rəhimov bu barədə öz üsulunu təklif etmiş və yeni əsaslı düstur çıxarmışdı.[2] Bir qədər sonra isə Amerika alimlərindən professor İ.Dorman, M.Evinq və eləcə də Frank Press, M.Yuinq də Şamo Rəhimovun bu yeni kəşflərini təsdiq etmişdirlər.[2]
2002-ci ildə ABŞ-də çap olunmuş "Seysmologiya və mühəndisi seysmologiya" məlumat kitabında seysmoloqların XX əsrdə əldə etdikləri əsas nəticələrinə həsr olunmuş fəsildə, azərbaycanlı alim İkram Kərimovun təqdim etdiyi bioqrafik arayış dərc edilmişdir ki, orada da Şamo Rəhimovun nailiyyətləri öz əksini tapmışdır.[2]
Şamo "Nizami" adlı dram, "Cahanşah" adlı poema da yazmışdı.[1]
1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat etmişdir.[1]
Qardaşı Arif xatirələrində bu hadisə ilə bağlı belə qeyd etmişdir:
"O faciəli gündən bir gün əvvəl Moskvadan Şebalin adlı bir alim evimizin qonağı oldu. Birlikdə şam yeməyi etdilər. Sabahısı qardaşım dünyasını dəyişdi. Bu müəmmalı, amansız ölüm dağ vüqarlı atamı yaman sarsıtdı."[1]
Görkəmli tənqidçi, yazıçı Qulu Xəlili belə yazır:
"Dəfn zamanı Süleyman müəllim qollarından yapışanları özündən araladı. Qəfildən əlini gursaçlı başına atdı, oradan bir çəngə tük qoparıb dedi: "Xalqım, siz ki, mənim övladımı belə böyük məhəbbətlə, hörmətlə bu uzun, ağır yolu çiyninizdə gətirib torpağa tapşırdınız, çox sağ olun! Mən bu ağ saçlarımı sizin ayaqlarınızın altına atıram. Sizin qədəmlərinizi bu qoca vaxtımda öpürəm, üzümü sizin ayaqlarınızın tozuna sürtürəm...".[1]
Onu da qeyd edək ki, elmi işi - zəlzələləri öyrənmək məqsədilə Ermənistanda yerləşən seysmik stansiyaların məlumatlarını əldə etməkdən ötrü tez-tez oraya ezamiyyə olunan Şamo Rəhimov 1965-ci ildə deyirdi ki,
"Ermənilərin hərəkətləri təhlükəli xarakter alır. Onlar silahlanır, əhalidən pul yığır, Dağlıq Qarabağı zəbt etməyə hazırlaşırlar.[2] Respublika hökuməti bütün tədbirləri görməlidir ki, bunun qabağı alınsın."[2]
Qardaşı Arif Şamonun vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub.[1]
Həmin vaxtlar atası da belə deyirdi:
"Mən bu sarsıntılar içində özüm üçün "Şamo vaxtı" təyin etmişəm. Müəyyən vaxt ərzində öz əvəzimə işlədiyim kimi, yaşla, səhhətlə hesablaşmadan "Şamo vaxtı"nı da işləyirəm. "Şamo vaxtı" mənim ən əziz vaxtımdır...".[1]
2013-cü ilin iyun ayında "Ayrıldıq ki, qovuşaq" adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilmişdir ki, həmin film Şamo Rəhimovun və atası Süleyman Rəhimov ilə qardaşı Şamo Arifin həyatından bəhs edir.[4][7]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |