Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir.[1]
Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.[2]