Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şirvan-Abşeron memarlıq məktəbi — Azərbaycan memarlıq tarixində özünəməxsus yeri və əhəmiyyəti olan məktəblərdən biri. Şirvanşahlar dövlətinin Kəsranilər sülaləsi zamanı möhkəmlənməsi və beləliklə, inşaat üçün əlverişli şərait yaranması yerli memarlıq məktəbinin çiçəklənməsi üçün zəmin yaradır. Şirvanşahlar dövlətinin ərazisi təbii inşaat daşlarıyla zəngin olduğu üçün bu ərazidə hələ qədim dövrdən başlayaraq əhəng daşı bir inşaat materialı və binaların bəzəyində oyma şəklində tətbiq edilən yeganə material idi.
Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri daş və onun üzərində tətbiq edilən ornamental oymanın birlikdə təsiri əsasında formalaşmışdır. Gözəl yerli daşın diqqətlə yonulması və onun səthinin hamarlanması Şirvan tikililərinin hörgüsünə xüsusi bir görkəm verir. Belə hörülmüş səthlərin üzərində yerləşdirilən zərif daş oymaları kompozisiyanın gözə çarpan hissələrində mərkəzləşdirilir və öz bədiiliyi ilə diqqəti cəlb edir. Şirvan memarlığının belə bir istiqamətdə inkişafı burada kompozisiyaların sadəliyini müəyyənləşdirmiş, əsas diqqət isə ayrı-ayrı ünsürlərin dürüst şəkildə işlənməsinə verilmişdir.