Nardaran məscidi

Nardaran məscidi və ya Rəhimə xanım məscidi[2]

Nardaran məscidi
Xəritə
40°33′22″ şm. e. 50°00′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Nardaran
Aidiyyatı Səfəvilər imperiyası
Tikilmə tarixi 1663
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti stabil, fəaliyyəti dayandırılıb.[1]
İstinad nöm.134
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Nardaran məscidi (Azərbaycan)
Nardaran məscidi

Abşeronda Səfəvilər dövrünə aid 4 minarəli məscid.

XV əsr Şirvan memarlıq ənənələrinin XVII əsrdə də davam etdiyini göstərən abidələrdən biri Abşeron rayonunun Nardaran kəndində 1663-cü ildə tikilmiş məsciddir. Binanın üzərindəki kitabədə abidənin memar Muradəli tərəfindən tikildiyi göstərilir. İstər quruluşca, istərsə texniki cəhətdən Nardaran məscidi XV əsr Şirvan məscidlərinə oxşayır. Burada xüsusən daşların incə zövqlə, xüsusi şəkildə yonulmasını qeyd etməliyik. Nardaran məscidi Şirvanşahlar saray kompleksindəki binalar kimi yüksək keyfiyyətdə tikilmişdir

Nardaran məscidinin quruluşunda orijinal cəhətlər də vardır. Məscidin əsas düzbucaqlı hissəsinə bitişik tikilmiş yeni bir hissə dəhliz vəzifəsini görür. Məscidə gələnlər burada ayaqqabılarını çıxartdıqdan sonra ibadət salonuna daxil olurlar.

Bakının Nardaran kəndinin Cənub-Şərq hissəsində, qədim Qaladan cənuba doğru 250 m-lik məsafədə, Molla Talıblı ərazisində hicrətin 1073-cü ilində (Hicri 1073 — miladi 1662–63-cü il) II Şah Abbasın hakimiyyəti dövründə tikilmiş qədim məscid yerləşir. Ona bitişik halda Azərbaycanda yeganə üstü açıq yay məscidi yerləşir. Üstü açıq məscidin inşa olunma tarixi: (hicri 1283 — miladi 1866-cı il).

Arxa divardan məscidin damına 14 pilləli vintvari pilləkən gedir. Damın girişində çatma tağ formalı çətir yerləşir. Məscidin birinci otağına girişdən 2 m aralıda, içində ikinci otağa aparan giriş qapısı var, bu otaq məscidin əsas otağıdır. Uzunluğu 7,4 m, eni isə 7,4 m-dir. Məscidin dörd stuna söykənən dörd tağ üzərində günbəz i vardır. Hər sütun bir bütöv daşdandır. Tikinti zamanı Şimal divarda həm sağ, həm də sol tərəfdən müqəddəs Qurani-Kərim və kitablar üçün taxça qurulub, hər küncdə isə namaz qılmaq üçün hücrələr — yerlər ayırılıb.

Cənub divarında ərəb üslubunda mehrab yerləşir. Məscidin mərkəzində şam yandırmaq üçün çılçıraq asılıb. hal-hazırda həmin çılçıraq mövcud deyil. Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə əsasən bu qədim məscidin əl işləməsi olan çox gözəl mənbəri olub. Sovet hakimiyyəti zamanında həmin mənbəri dövlət tərəfindən gəlib aparıblar. Kəndin Nəcəfdə təhsil almış Müctəhidlərindən biri olan Şeyx Əhməd Nardarani burada dini təbliğatla məşğul imiş. Məscid qumsallıq ərazidə yerləşdiyindən güclü qum çovğunları nəticəsində günbəzə kimi torpaq altında qalmışdır, təqribən iyirminci əsrin ortalarında məscid torpağın altından çıxarılmışdır. Bunu arxiv şəkilləridə sübut edir. Məscidin iki çöl qapısı var: əsas qapı Qərb tərəfdəndir, üzərində kitabəsi var, digər qapı isə Şərq tərəfdəndir — ehtimal olunur ki, bu qapı yeni üslubda görünüşə malik olduğu üçün nisbətən sonradan tikilmişdir.

Bu məscidin damında 8 künclü özülü olan günbəzi vardır. Gümbəzin ucunda isə kilid daşı var. Əsas qapının üstündə, tağın altında uzunluğu 0,7 m, eni isə 0,6 m olan ərəbcə yazı var. Yazının tərcüməsi aşağıdakı kimidir: "Bu müqəddəs məscidin inşası haqqında qəhrəman və xeyirxah Sultanın hakimiyyəti dövründə, Sultanın oğlu Şah Əbbas — əl — Səfəvi –əl – Musəvi – əl — Hüseyninin zamanında əmr verilmişdir. Allah onun hakimiyyətini uzun ömürlü etsin. Bəxş Əli bin — Şeyx Müzəffər. Hicri 1073-cü il"

Kənd camaatı arasında (və bəzi yazılı mənbələrdə) bu məscid "Haci Bəxşi" məscidi kimi tanınır.

Burada adı qeyd olunmuş Səfəvi hökmüdarı II Şah Abbasdır. Hicri 1073-cü il isə miladi 1662–63-cü ilə bərabərdir.[3]

  1. Nardaran məscidi bağlandı Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine, oxu.az, 11 dekabr 2015, İstifadə tarixi:11 dekabr 2015
  2. "İlham Əliyev Nardarandakı "Rəhimə Xanım" məscid-ziyarətgah kompleksi ilə tanış olub". president.az. 21 iyun 2016, 13:30. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2016.
  3. Akademik İ. Əzimbəyovun qeydləri əsasında.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]