Bakı qalası — Bakı şəhərinin orta əsrlərə aid İçərişəhər hissəsini əhatə edən qala divarları və qüllələrdir. Səyyahların illüstrasiyaları və XIX əsrin əvvəllərinə aid fotolardan məlum olur ki, vaxtilə Bakı şəhəri iki qat qala divarları ilə əhatə olunmuşdur. Həmin qaladan dövrümüzə yalnız daşdan olan hündür divarlar və onun bir neçə qapısı çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründə və daha sonra bu divar və qapılar dəfələrlə təmir və bərpa edilmişdir.[1]
Bakı qalası | |
---|---|
40°19′ şm. e. 49°52′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Səbail rayonu |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | III Böyük Mənuçöhr |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Sahəsi | 22 ha |
Vəziyyəti | qoruq |
Rəsmi sayt | icherisheher.gov.az |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 66 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Dövrümüzə çatmış qala divarları, qüllələr, mazğallar, banketlər, maşikullarla bərkidilmiş və əsrlər boyunca şəhər üçün etibarlı müdafiə təmin etmişdir. Orta əsrlərdə qala divarları 1500 metr uzunluğa malik olsa da, dövrümüzə yalnız 500 metrlik hissəsi çatmışdır. Qala divarları 3.5 metr enə, yerlərindən asılı olaraq, 8–10 metr hündürlüyə malikdir.[2]
XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.
Orta əsrlərdə Bakı qala divarları Xəzər dənizinə kimi uzanırdı. Tektonik proseslər nəticəsində sahilin görünüşü tez-tez dəyişmiş və dənizin səviyyəsi aşağı düşmüşdü. Buna görə də Bakı qalası ilə Xəzər dənizi arasında geniş sahil ərazisi meydana gəlmiş və sonradan bu ərazidə Neftçilər prospekti və Dənizkənarı bulvar salınmışdır.[3]
Quru tərəfdən qala divarları enli və dərin xəndəklərlə əhatə olunmuşdu. Xəndəklər üç istiqamətdən qala divarlarına doğru uzanan yeraltı su kəmərləri vasitəsiylə su ilə doldurulurdu.[4] Cənubdan – yəni dəniz tərəfdən isə qala divarları bir qatlı olmuşdur.[4]
Şəhərin qədim müdafiə sistemində, Bak buxtasında yerləşən Bayıl qalası istiqamətində dənizin içinə doğru uzanan divar və qüllələr də mühüm rol oynamışdır. Həmin divar və qüllələri XVII əsrdə Bakıya səfər etmiş alman səyyah Engelbert Kempferin Bakı qravürasında görmək mümkündür. 1927-ci ildə kanalizasiya sisteminin yaradılması zamanı Qız qalası tərəfdə 2.75 metr dərinlikdə dəniz tərəfdə yerləşən divarın qalıqları da aşkarlanmışdır. Bakının feodal dövrünə aid olan bu qədim qala divarlarının təməli üzərində sonradan dövrümüzə çatmış qala divarları inşa edilmişdir.[4] XVII əsrdə ikinci sıra qala divarları inşa edilmişdir.[5] I Şah Abbasın hakimiyyəti dövründə — 608–1609-cu illərdə Bakı qalasında əsaslı bərpa işləri aparılmış, Zülfüqar xanın göstərişi ilə isə, xarici qaladivarları inşa edilmişdir.[6] Bu barədə məlumat, qoşa qala qapısı üzərində hicri təqvim ilə 1017-ci ilə (miladi 1608–1609) aid kitabədə verilmişdir.[7]
Orta əsrlərdə Bakı qalası beş qapıya malik olmuşdur.[2] 1656-cı ildə Bakıya səfər etmiş türk səyyah Övliya Çələbi yazır:
Xəzər dənizinin sahilində yerləşən Bakı qalası yüksək təpə üzərində yerləşməklə gözəl kvadrat formasına malikdir. Daxili qala divarları qərb tərəfə istiqamətlənmişdir. Darvaza Naxçıvan dəmirindən hazırlanmışdır.[5] |
1954-cü ildə[8] şimal divarında yerləşən qüllələrdən birinin qismən uçması zamanı[4] XII əsrə aid olan və ərəb dilində[8] kufi xətti[9] ilə yazılmış kitabə aşkar edilmişdir. Hazırda Azərbaycan Tarix Muzeyində saxlanan kitabə, dövrümüzə çatmamış iri inşaat kitabəsinin bir hissəsidir. Aşkarlanmış kitabədə Bakı qalasının XII əsrin birinci yarısında Şirvanşah III Mənuçöhrün (1120–1160) sifarişi ilə inşa edildiyi göstərilmişdir.[4]
"Şəhər qalasının bina edilməsinə əmr etdi: əzəmətli məlik, alim, adil, müzəffər, mənsur, mücahid, dinin və dövlətin fəxri, islam və müsəlmanların istinadgahı, ən böyük Xaqan, böyük Şirvanşah Əbülhica Mənuçöhr bin …" [4]. |
XIX əsrin əvvəllərində qala divarlarının daxili boyunca üzükvari küçə (Kiçik Qala küçəsi) yaradılmışdır. XIX əsrin 80-ci illərində Bakı qalasının xarici divarları sökülmüşdür.[5] Hələ, 1868-ci ildə Bakı qubernatoru şəhərin abadlaşdırılması üçün xarici qala divarlarının sökülməsi məqsədilə Qafqaz hərbi dairəsinə müraciət etmişdir. 1870-ci ildə qala divarlarınn xarici yarusunun sökülməsinə razılıq verilmişdir. 1886-cı ildə bu məsələ Bakı Şəhər Dumasında müzakirə olunmuş və xarici divarların sökülməsi qərarlaşdırılmışdır. Zülfüqar xan tərəfindən tikilmiş qapı isə xarici divardakı Şamaxı qapısının yanın keçirilmişdir.[2] Həmin dövrdən etibarən hər iki qapı birlikdə Qoşa qala qapıları adlandırılmağa başlamışdır.[10]
Hündürlüyü 8–12 metrə, eni isə 3,5 metrə çatan şəhər divarları Bakının asayişini təmin edirdi. Orta əsrlərdə Qala divarlarının uzunluğu 1500 metr idi bu gün isə qala divarlarının uzunluğu 500 metrdi. Qala divarının əvvəlki uzunluğunun yalnız üçdə iki hissəsi dövrümüzə qədər gəlib çatıb, lakin bu fraqment orta əsr Bakısında müdafiənin nə dərəcədə düşünüldüyünü söyləməyə əsas verir. Divarın perimetri boyu hər tərəfdə qala bacaları – mazğallar açılmışdı və burada oxçular, daha sonra isə atıcılar atəş açırdı. Orta əsr mənbələrinə əsasən divarlar içində top mazğallarının açıldığı 70 yarımdairəvi döyüş qülləsi (hazırda 25 qüllə mövcuddur) ilə möhkəmləndirmişdi.
İçərişəhərin şimal hissəsində əsas müdafiə qülləsi və ya donjon – dördbucaqlı qala bürcü yerləşir. Bu qala xalq etimologiyasında "cəbbəxana" (silah anbarı) adlanır. Bakı donjonun özünəməxsusluğu ondadır ki, ayrıca müdafiə qurğusu olmasına baxmayaraq, inşaatçılar onu şəhərin mərkəzində deyil, qala divarının cərgəsində ucaldaraq divarı möhkəmləndirmişlər.
Bakı qalasının beş qapısından əsas olanı Şamaxı qapısıdır. XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.[11]
Qoşa qala qapıları kimi tanınan qapılar, Bakı qalasının quru tərəfdən əsas giriş qapısı olmaqla, qala divarlarının şimal tərəfində yerləşir. Qoşa qala qapıları vaxtilə bir-birincən 15 metr aralı yerləşən iki qala divarında yerləşən qapıların bir divarda birləşdirilməsi ilə yaranmışdır. Qədim qapılardan biri birinci qala divarında yerləşən XII əsrdə inşa edilmiş Şamaxı qapısı, digəri isə sökülmüş ikinci qala divarında yerləşmiş və Şamaxı qapısının yanına köçürülmüş XVII əsrdə inşa edilmiş Zülfüqar xan qapısıdır.
1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır.[12]
Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir. Sonuncu dəfə Qoşa qala qapıları 2018–2019-cu illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə avstriyalı bərpaçı Erik Pumerin komandası tərəfindən həyata keçirilib.[13]
Hər iki qapının ölçü və formaları demək olar ki, eynidir. Qala divarlarına yaxınlaşan düşmənlərdən müdafiənin təmin edilməsi üçün bütün divar boyunca, eyni zamanda Qoşa qala qapıları üzərində mazğallar və maşikullar yerləşdirilmişdir.{{sfn|Рзаев|1950|pp=30}
Bakı qalasının cənub-qərb divarında yerləşən qapıdır. Salyan darvazası Azneft meydanına açılan bağda yerləşir[14]. Qapı günbəzvari şəkildə tağbənd formasında tikilmişdir.
Bakı qalasının cənub-şərq hissəsindəyerləşən uca qüllə şəkilli bu qüllə 28 metr hündürlüyə malikdir. Qız qalasının diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.[15]
Funksiyaca Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Prof. Cəfər Qiyasi qeyd edir ki,
"Qız qalasının əvvələr hansı məqsədlə inşa edilməsi üzərində dayanmadan demək olar ki, abidədə uzunmüddətli passiv müdafiə üçün tikilmiş qüllə tippli qalaların səciyyəvi cəhətləri var: divarları çox qalındır (aşağıda 5 m, yuxarıda 4 m) , qülləyə basqını çətinləşdirmək üçün birinci və ikinci mərtəbə arasında pilləkən quraşdırılmayıb, divarı içərisində ağzı üçüncü mərtəbəyə açılan su quyusu qurulub, gövdəsinə bitişik bürclü qala divarı gedir və s. Ən başlıcası isə iç məkan quruluşu baxımından Qız qalası Abşeron qəsrlərinin dairəvi qüllələri ilə bir olub, onlardan kəmiyyətcə – böyük hündürlüyü və mərtəbələrinin çoxluğu ilə seçilir."[16]
XV əsrdə[4] Bakı qalasının Şərq divarı yanında, xüsusən şimal tərəfdən düşmənə müqavimət göstərmək məqsədilə dördbucaqlı qala (donjon) tikilmişdir. Bürc və yarımdairəvi qalalar müdafiə sisteminin ayrılmaz hissəsi idi. Qalanın hündürlüyü 16, divar qalınlığı 2 m-dir. Əsgərlərin sürətli hərəkəti üçün qala divarının altı boyunca davam edən yeraltı yol qoşa qala darvazasına doğru istiqamətlənmişdi. Bu yeraltı yol şəhəri şimal tərəfdən əhatə edirdi.
Orta əsrlərdə, istər dinclik dövründə, istərsə də müharibə şəraitində bu qaladan silah anbarı (cəbbəxana) kimi istifadə olunmuşdur. Qala-bürcün tikilməsi əsasən iki məqsəd daşıyırdı. Qala divarlarının görüntüsünün möhtəşəmliyini artıraraq Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün ərazini nəzarətdə saxlamaq və qapalı, geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək. Bu dördkünc qalanı donjon da adlandırırlar.[17] Rusların Bakıya gəlişindən sonra Qalada silah anbarlarının sayı daha da artdı. Qalanın cənub divarında, küncdə su quyusu vardır ki, bu da insanların uzun müddət qala daxilində sığınacaq tapmasına yardım edirdi.
İçərişəhər bir çox tanınmış rəssamın əsərində təsvir edilmişdir. Qədim şəhərin abidələri və küçələrini Engelbert Kempfer, Aleksey Boqolyubov, Qriqori Qaqarin, Vasili Vereşşagin, Aleksandr Kuprin, Əzim Əzimzadə, Tahir Salahov və başqa məşhur rəssamların əsərlərində görmək mümkündür.
Belə hesab edilir ki, Bakını ilk təsvir edən, 1630-cu ildə onun görünüşünü yaratmış İsveç rəssamsəyyahı Engelbert Kempfer olmuşdur. Onun əsərində Bakı dənizin içlərinə doğru uzanan qalın qala divarlarının içində, düz damlı evlərlə təsvir olunmuşdur. 1770-ci ildə Bakıya gəlmiş Rusiya EA-nın təmsilçisi Qmelin Bakını həndəsi üçbucaq formasında təsvir etmişdir. XIX əsrdə Bakının ruslar tərəfindən ələ keçirilməsindən sonra rəssamlar arasında da şəhərə maraq artmışdır. İçərişəhərin ümumi planı 10 manatlıq azərbaycan əskinasının əks tərəfində əks olunmuşdur.