Kələxana türbələri — Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında yerləşən və 250x140 m ərazini əhatə edən tübələr kompleksidir. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir.
Kələxana türbələri | |
---|---|
40°35′24″ şm. e. 48°36′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Kələxana |
Aidiyyatı | Sufizm |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 4961 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Həmin kitabədən məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edilmişdir.
XIX əsrin sonlarına kimi Kələxana türbələri elmi ədəbiyyatda ötəri olaraq vurğulanmış[1], komplksə daxil olan abidələrin mümarlıq xüsusiyyətləri isə əsaslı tədqiq edilməmişdir.[2]
Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir.[3] Tübələrdən üçünü əhatə edən müdafiə divarlarının qalıqları da dövrümüzə çatmışdır. Onlardan yalnız biri tikilinin ilkin görünüşünün elmi bərpasına imkan verəcək vəziyyətdədir.[3]
Kornelius de Bruinin kitabında verdiyi təsvirdə (XVIII əsrin əvvəlləri) doqquz türbədən beşi portallı girişə malik divarlarla əhatə edilmişdir. Ən kənarda yerləşən türbə isə ikiqat divarla əhatə olunmuşdu.[4] Arxeoloq yazır ki, birinci türbədə 5 qəbir, ikinci türbədə 3 qəbir var idi:"İlk baxışda doqquzdan az türbə görünməyinə baxmayaraq bu təpəni yeddi günbəz adlandırırlar"[5] De Bruyn həmçinin türbələr kompleksinin yerində əvvəllər bir qalanın olduğunu və yaxınlıqda bulağın mövcud olduğunu qeyd edir.[5]
Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Yazıda deyilir:
Bu məzarda Çilgər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan, yüksək tanrı tərəfindən bağışlanmış şeyx İbrahimin oğlu Əmir Əhməd dəfn edilmişdir. Sərkar Əmir Əli oğlu Əbdüləzim. Allah bağışlasın onu! İl min yetmiş dörd.[4] |
Həmin kitabədən məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əbdüləzim tərəfindən inşa edilmişdir.
Kələxana türbələri, orta əsrlər Azərbaycan memarlıq abidələri arasında eyni dövrdə yaranmış nadir kompleks tikililərindən biridir. Kompleksə daxil olan türbələrin eyni vaxtda inşa edilməsini göstərən əsas faktlardan biri odur ki, 1636-cı ildə həmin ərazidə olmuş səyyah Adam Oleari türbələr haqqında heç bir məlumat verməsə də, XVIII əsrin əvvəlində Şirvana səfər etmiş Kornelius de Bruin kitabında yerləşdirdiyi rəsmdə artıq doqquz türbənin hər birini göstərir.[5] Türbə üzərində dövrümüzə çatmış tarix (1663/1664) də nəzərə alındıqda, digər türbələrin də təxminən həmin illərdə, mümkün ki, eyni memar tərəfindən inşa edilməsini düşünmək olar.[6] Ola bilsin ki, kitabədə inşaatçının sərkar adlandırılması onunla əlaqəlidir ki, o, eyni zamanda bütün türbələrin inşasına nəzarət etmişdir.[6]
Tarixi bəlli olan türbə planda səkkizguşəli formaya malik olmaqla 4.8 metr diametrə malikdir. Türbənin gövdəsi səkkizguşəki prizma formasında olub cənub tərəfdə çıxışa malikdir. Prizmanın hündürlüyü 4.11 metrə bərabərdir. Türbənin gövdəsi yalnız piramidal dam örtüyü ilə birləşmə sayəsində ciddi və dəqiq ifadə edilmiş vertikal forma alır. Türbə kiçik stilobat üzərində inşa edilmişdir.[4]
Bütün ornamental bəzəklərdən məhrum edilmiş türbə hissələrin ölçüsünün yaxşı uyğunlaşdırılması, detalların dəqiq çəkilməsi və mükəmməl yerinə yetirilməsi sayəsində güclü təsir bağışlayır. Şirvan türbələri üçün xarakterik olan[4] güclü vurğulanmış giriş sərhəddinə Kələxana türbələrində də rast gəlmək mümkündür.[4] Həmin sərhəddin həll edilməsi giriş səthinin kiçik relyefli portalla vurğulanması ilə ifadə edilmişdir. Buna baxmayaraq sadə çərçivələmə dəqiq kompozisiya nüvəsi yaratmaqla bütün tikiliyə reprezentativ görüntü verir. Portal çərçivələri arasında xarici çərçivə ilə müqayisədə daha nazik olan daxili çərçivə xüsusi qeyd edilmişdir. Ə. Salamzadənin fikrincə tikilinin kiçik ölçülərini nəzərə alan memar xariçi çərçivənin yuxarı hissəsinin süni olaraq kiçildilməsi yolu ilə izləyicilərin gözü qarşısında tikilinin böyüdülməsinə nail olmaq istəmişdir. Oxvari giriş tağının kiçik ölçülü olması da həmin məqsədə xidmət edir.[4]
Ə. Salamzadə qeyd edir ki, “Çoxdan formalaşmış səkkizguşəli daş türbə tipi daxilində Kələxana türbələrinin hər birinə özünəməxsus individual sima verilməsi Şirvan memarlarının peşəkarlığı və yetkinliyini göstərir.”[4] Türbələrin özünəməxsusluğu əsasən onların hər birinin fərqli giriş portalı ilə vurğulanmışdır.[7]
Qərb tərəfdən ən kənarda yerləşən türbə yalnız portal detallarının incə işlənməsi ilə deyil, həm də digər türbələrlə müqayisədə bu türbəni əhatə edən divarların və divarın ortasında yerləşən portalın yaxşı saxlanması ilə seçilir. Divarlar hər bir türbənin daha yaxşı saxlanması və türbə ərazisinə girişin qismən də olsa məhdudlaşdırılması məqsədi ilə inşa edilmişdir.[7] Müdafiə xarakteri ilə yanaşı həmin divarlar həm də kompozisiya baxımından əhəmiyyətli rol oynayırlar. Kiçik portal və türbə ilə birlikdə həmin divarlar xırda tikili kompleksi yaratmaqla, hər üç element arasında yaxşı tapılmış həcm yanaşmasına görə abidəyə mühüm ifadəlik qazandırmışdır.[7]
Qərb tərəfdə yerləşən stalaktitli türbə nisbətlərinin uzunluğu və memarlıq detallarının incə işlənməsi ilə kompleksə daxil olan digər türbələrdən seçilir.[7] Oxvari giriş oxvari çərçivə ilə əhatə olunmuşdur. Girişin üstündə divar səthindən qabağa çıxan kitabə yeri vardır. İnşaatda istifadə edilən daşların çox yüksək səviyyədə yonulmuş olması, abidənin bağışladığı bitkinlik və incəlik təəssüratını daha da gücləndirir.[7]
Kompleksə daxil olan digər bir türbə isə hörgüsündə iri ölçülü daşların istifadə edilməsi ilə seçilir. Tikilinin iri ölçülü daşlarla üzlənməsi qonşu türbələrlə müqayisədə ona daha böyük görkəm qazandırır. Məsələn, kitabəli türbənin üzlənməsində istifadə edilmiş ən böyük daşların ölçüsü 25x45 sm-ə bərabərdirsə, bu türbənin üzlənməsində 41x64 sm ölçülü daşlardan istifadə edilmişdir.[7] Bu türbənin digər bir xarakterik xüsusiyyəti isə prizmatik həcmin yuxarı firz kəməri və aşağı hissə olmaqla iki hissəyə bölünməsidir. Korpusun bu cür bölünməsinə demək olar ki, Azərbaycanın XII-XV əsrlərə aid bütün kərpic türbələrində rast gəlmək mümkün olsa da, Şirvan ərazidində ucaldılmış daş türbələrdə bu cür hallarla nadir qarşılaşılır.[7] Şirvan-Abşeron memarlıq məktəbi tikililəri arasında bu cür bölünmənin ən parlaq nümunəsi kimi, Şirvanşahlar saray kompleksinə daxil olan Seyid Yəhya Bakuvinin türbəsini göstərmək olar.[7] Kələxana tübəsinin ayırıcı kəməri də Bakuvi türbəsinin kəmərinin naxışlarını təkrarlayır.[6]
Portal çərçivəsi kompleksə daxil olan digər türbələrin portal çərçivəsinə identik olsa da, yuxarı hissəsi yalnız çərçivənin xarici hissəsi ilə əlaqələndirilən oxvari tağla tamamlanır. Daş yonma sənətkarlarının peşəkarlığı giriş hissəsinin tağ timpanlarında verilmiş həndəsi ornamentli rozetlərdə öz əksini tapmışdır.[6]
Konstruktiv baxımdan Kələxana türbələri Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan xüsusiyyətlərə malikdirlər. Yaxşı yonulmuş daşların arası əhəng məhlulu ilə bərkidilmişdir. Maraqlı cəhət əhəng məhluluna ağac kömürünün də əlavə edilməsidir.[6] Gəc məhluluna möhkəmlik vermək üçün kömürün əlavə edilməsi Bərdə və Naxçıvan ərazisində yayılmış XII-XV əsr türbələrində də izlənilən haldır.[8]