Ramana qəsri — Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır.[1] 2001-ci ildə Ramana qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[2]
Ramana qəsri | |
---|---|
40°27′22″ şm. e. 49°58′48″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Ramana |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
Vəziyyəti | muzey kimi fəaliyyət göstərir |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4.3. |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəsr, Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilmişdir. Bəzi tədqiqatçılar qəsrin inşa tarixini XII əsrə aid edirlər.
Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür.
Qəsr, Şirvanşahların sifarişi ilə[3] ehtimal ki, XIV əsrdə[4] müdafiə məqsədilə inşa edilmişdir. Bəzi tədqiqatçılar qalanın Nizami dövründə (XII əsr) tikildiyini iddia edirlər.[5]
Əsasən, XII əsrdən etibarən tikintisinə başlanılan Abşeron qalaları bir-biri ilə təmasda idi. Həm də qalaların yarımadanın cənubla müqayisədə daha çox şimal-şərq sahillərində, yəni Bakının şimal və şimal-şərq kəndlərində tikilməsi təhlükənin də əsasən bu istiqamətdən gəldiyini göstərirdi. Sahildə yadelli gəmilərini görən ilk qala gecələr tonqal işığı, gündüzlər tüstü vasitəsilə təhlükə barədə məlumatı digər qalaya, həmin qala da bir başqa qalaya ötürürdü və beləliklə, mərkəz – Bakı qalası daxil olmaqla, bütün Abşeron ayağa qalxırdı. Bəzi tarixçilər vaxtilə bütün qalalardan digər qalaya, ümumilikdə, Bakı qalasına, o cümlədən Qız qalasına yeraltı yolların olduğunu iddia edirlər.[6]
Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir.[7] Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Qüllələr arasındakı məsafə 10-11 metri keçmir ki, bu da o XIV əsrə kimi müdafiə tikililərinin inşasında ümumi qəbul edilmiş məsafədən fərqlənir.[7] Ehtimal ki, qəsrin xarici divarlarına yaxın ərazilərin çarpaz ox atəşi ilə müdafiəsini təmin etmək niyyəti güdən memar qüllələr arasındakı məsafənin azaldılmasına qərar vermişdir.[7]
XIII-XIV əsrlər Abşeron müdafiə tikililəri heç də hər zaman divar dibinin müdafiəsinə şərait yaratmır.[7] Bəzən qüllələr (hətta künc qüllələri belə) Ramana qəsrində olduğu kimi yumrulanmış küclərə malikdir. Buna görə də, divar dibinin müdafiəsi xarici divarların bütün səthi boyunca düzülmüş mağzallar kəməri vasitəsilə təşkil edilirdi.[7]
Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. L. Mamikonovun fikrincə oxvari tağ formasında həll olunmuş bu giriş qapısı qəsrə sonradan əlavə edilmişdir.[8]
Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür. Qüllənin yaşayış sahəsinin ölçüsü 83 m2-ə bərabərdir.[8] Donjonun yaruslarından yalnız birinci və ən sonuncu oxvari tağtavan formasında həll edilmiş daş örtüyə malikdir. Digər yarusların tavanları isə taxta şalbanlar əsasında hazırlanmış düz tavana malikdir.[8]
Donjona dörd tərəfdən yarımdairəvi qüllələrin əlavə edilməsi, bir tərəfdən onun memarlıq xüsusiyyətlərinə təsir edərək daha möhkəm xarakter vermiş və beləcə tikilinin hündürlüyünün artırılmasına imkan vermiş, digər tərəfdən isə qüllə divarlarının müdafiəsinin daha səmərəli təşkilinə şərait yaratmışdır. [9]
Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub.[10] O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına və Bakıxanov qəsəbəsinə vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər.