Əbdüləhəd Həsənov

Əbdüləhəd Səftər oğlu Həsənov (1903, Şamaxı1972, Bakı) — tibb elmləri doktoru (1937), professor (1939), AMEA-nın müxbir üzvü(1962), tibb sahəsində tanınmış alim.[1]

Əbdüləhəd Həsənov
Əbdüləhəd Səftər oğlu Həsənov
Doğum tarixi 1903
Doğum yeri
Vəfat tarixi 1972
Vəfat yeri
Vətəndaşlığı
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adları professor, AMEA-nın müxbir üzvü
Təhsili
Mükafatları "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar elm xadimi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdüləhəd Səftər oğlu Həsənov 1903-cü ildə Şamaxıda qulluqçu ailəsində anadan olmuşdur. Onun atası ipəkçilik mütəxəssisi olmuşdur. O, 1912–1918-ci illərdə Şamaxı realnı məktəbində oxumuşdur. Ə. Həsənov 1918-ci ildə Bakıya köçmüş, orada oxumuş və müxtəlif yerlərdə işləmişdir. 1919-cu ildə o, poçt-teleqraf kursuna daxil olur və kursu bitirdikdən sonra Bakı teleqraf kontorunda teleqrafçı işləməyə başlayır. 1920-ci ilin aprelindən etibarən XI Qırmızı Ordunun qərargahında işləyir, ancaq 1921-ci ilin iyulunda səhhəti ilə əlaqədar olaraq tərxis edilir. Sonra 1922-ci ilədək AİK-da (Azərbaycan İnqilab Komitəsi) teleqrafçı işləyir. 1922-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Universitetdə təhsil almaqla yanaşı, o, eyni zamanda Qırmızı Aypara nəzdindəki kurslarda və tibb bacıları üçün məktəbdə müəllim işləyirdi. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirir və orada "Xüsusi patologiya və terapiya" kafedrasında ordinator vəzifəsində saxlanılır. 1929, 1930 və 1931-ci illərin yay fəsillərində yaylaqlarda köçərilərə tibbi xidmət göstərən dəstələrin rəhbəri işləmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1931-ci ildə Əbdüləhəd Həsənov Azərbaycan Dövlət Universitetinin biokimya kafedrasına aspiranturaya daxil olur. 1933–1937-ci illərdə Moskvada elmi ezamiyyətdə olur və orada A. N. Bax adına SSRİ EA-nın Biokimya İnstitutunda, sonra isə SSRİ Xalq Komissarları Soveti nəzdində A. M. Qorki adına ÜETİ — Ümumittifaq Eksperimental Tibb İnstitutunun kimya şöbəsində işləyir. Ə. Həsənov 1936-cı ildə "Maddələr mübadiləsinin aralıq məhsullarının hidrogen peroksid vasitəsilə oksidləşməsində oksihemoqlobinin katalitik təsiri" mövzusunda namizədlik, 1937-ci ildə isə "Heyvan toxuma proteazlarının hərəkət şərtlərində proteoliz məsələsi" mövzusunda tibb elmləri doktoru dərəcəsi dissertasiyasiyasını müdafiə etmişdir. Əbdüləhəd Həsənov Bakıya qayıtdıqdan sonra 1937-ci il-də Azərbaycan Dövlət Tibb İnstitutunun biokimya kafedrasının müdiri təyin olunur və dünyasını dəyişəndək, yəni 1972-ci ilədək bu vəzifədə qalır. 1939-cu ildə o, bu kafedrada professor adına layiq görülür. Eyni zamanda Ə. Həsənov 1938-ci ildən etibarən həmin institutun elmi-tədris hissəsi üzrə direktor müavini, həmçinin 1938-ci ildən 1941-ci ilədək isə Azərbaycan Əczaçılıq İnstitutunun elmi-tədris hissəsi üzrə direktor müavini olmuşdur.

1964–1967-ci illərdə professor Ə. Həsənov N. Nərimanov adına Azərb. Dövlət Tibb İnstitutunun nəzəri tibb üzrə elmi şurasının sədri olmuşdur. O, həmçinin həmin institutun Elmi Koordinasiya Şurasının üzvü idi. 1953–1967-ci illərdə Əbdüləhəd Həsənov Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur.

Professor Ə. Həsənovun tədqiqatlarının əsas istiqaməti bunlar idi: biokimyəvi proseslərdə karotinin (A provitamini) işti-rakı, zülallar və vitaminlər arasında qarşılıqlı əlaqə, respublikanın kurort resurslarının fəaliyyətinin biokimyəvi cəhətləri, xüsusən Azərbaycanın bitki xammalı vitaminləri üzrə, Darıdağ suyunun biokimyası üzrə, naftalan və karatonaftalanın biokimyası üzrə, eləcə də sintetik sulfopreparatların problemləri üzrə, dördxlorlu karbonun biokimyası üzrə, anti-malyariya preparatları, narkoz kimyası üzrə və s. Ə. S. Həsənov karotinin maddələr mübadiləsinə təsirini öyrənərkən geniş yayılmış fikrin — karotinin heyvan orqanizminə əhəmiyyətini A vitaminin sələfi kimi məhdudlaşdırdığı — əksinə olaraq bu maddənin mübadilə prosesinin müxtəlif əlaqələrində bilavasitə iştirakını inamla sübut etmiş və bu iştirakın mexanizmini aşkar etmişdir. Ə. S. Həsənov bir çox mübadilə proseslərinin karotin tərəfindən tənzimlənməsi məlumatından çıxış edərək naftalanın yeni preparatını – "karoto-naftalan"ı (karotinlə naftalanın qarışığı) təklif etmişdir ki, bu təbii naftalan neftindən əhəmiyyətli dərəcədə az zəhərlidi. Qeyd etmək lazımdır ki, onun tərəfindən hazırlanmış preparat II Dünya müharibəsi illərində (1941–1945) irinli yaraların müalicəsində geniş tətbiq olunurdu və effektiv nəticələr əldə edilirdi.

Əbdüləhəd Həsənov nəşr olunmuş 200 elmi işin, həmçinin bir sıra broşürların, çoxlu sayda qəzet məqalələrinin, dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. "Karatonaftalan" monoqrafiyası onun elmi işlərindən biridir. O, həmçinin ilk dəfə 1933-cü ildə Azərbaycan dilində nəşr olunmuş, 1974 və 1989-cu illərdə isə təkrar nəşr olunmuş bioloji kimya üzrə dərsliyin həmmüəllifi olmuşdur. Bu gün də bu dərslik öz aktuallığını və təcrübi dəyərini qoruyub saxlayır. Ə. Həsənov 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.[2]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Ədüləhəd Səftər oğlu Həsənov 1972-ci ildə Bakıda vəfat etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Həsənov Əbdüləhəd Səftər oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. M. Seyidbəyli. D. Vahabova. Azərbaycan tibbinin korifeyləri. Bakı, 2020.