Ələşrəf Veysəl oğlu Məmmədov — geologiya-mineralogiya elmləri doktoru (1978), professor (1988), AMEA-nın həqiqi üzvü (2001). [1][2]
Ələşrəf Məmmədov | |
---|---|
Məmmədov Ələşrəf Veysəl oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İlisu, Qax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Veysəl Məmmədov |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Elmi adı | akademik |
Təhsili | Bakı Dövlət Universiteti |
Tanınır | professor |
Mükafatları |
Ələşrəf Məmmədov 1 noyabr 1931-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Ali təhsilini 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Geologiya şöbəsində almış, universiteti Geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.[1][2]
Ələşrəf Məmmədov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda kiçik elmi işçi olaraq başlamışdır. 1956-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspediyasında işçi qrupuna rəhbərlik etmiş, 1958-1970-ci illərdə Geologiya İnstitutunun tektonika laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1971-2003-cü illərdə, fasiləsiz olaraq 30 ildən artıq bir müddət ərzində AMEA Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsində müdir vəzifəsini icra etmişdir. O, Azərbaycanda paleocoğrafiya məktəbinin yaradıcısı hesab olunur.[1][2]
Ələşrəf Məmmədov AMEA Geologiya İnstitutunun müdafiə üzrə İxtisaslaşdırılmış şurasının həmsədri, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini vəzifələrini icra etmişdir. Həmçinin AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini, Azərbaycan geoloqları Milli Komitəsinin büro üzvü və Azərbaycan İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen Komissiyasının sədri olmuşdur.[1]
Ələşrəf Məmmədov 1956-cı ildə "Geoloji şəraitlərlə əlaqədar olaraq Kür və Qabırrıçay çaylararasının təbii neft-qaz təzahürlərinin tədqiqatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1978-ci ildə "Neft-qazlılıqla əlaqədar Orta Kür çökəyinin geologi quruluşu və inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1988-ci ildə professor elmi adını alan Məmmədov 30 ildən çox Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru kimi fəaliyyət göstərmişdir. Alim 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.[1][2]
Onun tədqiqatları Kür çökəkliyinin geoloji quruluşunu, inkişaf tarixini və neft-qazlılığını, Azərbaycanın neftli-qazlı dəstələrinin struktur-fasial xüsusiyyətlərini və əmələgəlməsi şəraitlərini, Azərbaycanın ən yeni tektonikasını, Xəzər dənizinin mezo-kaynozoy tarixini dərk etməyə imkan vermişdir. Onun Orta Kür çökəkliyinin neft-qazlılıq proqnozları çökəkliyin Gürcüstan və Azərbaycan hissələrində bir sıra yeni neft yataqlarının açılması ilə təsdiq olunmuşdur. O, Azərbaycanın bir sıra geoloji, tektonik, neotektonik, dördüncü dövr çöküntüləri xəritələrinin, SSRİ-nin cənubunun tektonik, neotektonik xəritələrinin, SSRİ-nin litoloji-paleocoğrafi, "Gec pleystosen və polosendə SSRİ-nin paleocoğrafiyası", "Mezozoyda və kaynozoyda Avroasiyanın şelfləri" atlaslarının həmmüəlliflərindəndir. [3]
Regional geologiya, tektonika, dördüncü dövr geologiyası və paleocoğrafiyası sahələrində görkəmli alimdir. İlk dəfə olaraq Kür çökəyinin şimal yamacı zonasında yura çöküntülərinin alloxton yatımını müəyyən etmişdir. Azərbaycanın neftli-qazlı çöküntü komplekslərinin geotektonik və paleocoğrafi toplanma şəraitlərini və tektonik quruluşunu tədqiq etmiş, Kür çökəkliyinin səth və dərinlik quruluşunu müəyyən etmiş, Orta Kür çökəkliyində neft-qaz axtarışının elmi əsaslarını vermiş, Xəzər dənizinin Mezozoy və Kaynozoy eralarındakı inkişaf tarixini bərpa etmiş, Azərbaycanın və Xəzər bölgəsinin Dördüncü Dövr çöküntülərinin xronostratiqrafiyasını işləmiş, Azərbaycanın və Cənubi Qafqazın gec Kaynozoyunun radiometrik şkalasını işləmiş, Xəzər dənizinin Dördüncü Dövr transgressyasının və regressiyasının həmin dövrdəki buzlaşmalarla əlaqəsini müəyyən etmiş, Azərbaycanın paleolandşaft və paleoiqliminin təkamül xüsusiyyətlərini aşkar etmişdir. Ələşrəf Məmmədov 200-dən çox elmi əsərin və 12 monoqrafiyanın müəllifidir.[1][2]
Ələşrəf Məmmədov 2003-cü ildə Bakıda vəfat etmişdir.[1][2]
Ələşrəf Məmmədov 1988-ci ildə "Azərbaycanın dördüncü dövr çöküntüləri xəritəsi" və "Dördüncü dövr çöküntüləri" monoqrafiyasına görə Azərbaycanın Dövlət mükafatı laureatı və Z. A. Tağıyev adına Azərbaycan Milli mükafatı laureatına layiq görülmüşdür. Eyni zamanda "Fədakar əməyə görə" medalı ilə təltif edilmişdir.[1][3]