İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.[3] Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar.[4] Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır.[5][6][7] Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır.[5] Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.[5]
Kənd | |
İlisu | |
---|---|
41°28′07″ şm. e. 47°03′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Şəki-Zaqatala iqtisadi rayonu |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1585[1] |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 1 340 nəfər (2012) |
Milli tərkibi | Azərbaycanlılar |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3417[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48).[8] Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır:[6]
"İlisu" toponiminin etimologiyası haqqında müxtəlif fikirlər mövcuddur. İlisu "ili" və "su" sözlərindən meyadana gəlmiş bir hidronimdir. Daha çox bu adı "Ulusu" türk. Ulu - "ata", "qədim", "böyük", "İlıqsu" azərb. "isti", "iylisu" adları ilə müqayisə edirlər. Qədim türk dilində "su" sözü "sub" və "suv" formasında işlədilirdi, "suv" şəklində işlədilərkən söz iki məna daşıyırdı: 1) çay. 2) su.[9]
İlisu kəndi ərazisində kökündə "Ulu" sözü olan çoxlu toponimlər var. Məsələn: Ulu baş, Ulu körpü, Ulu məscid, Ulu dağ. Bu toponimlərdə "Ulu" sözü "qədim, ata, böyük, müqəddəs, daima" mənalarında ifadə olunur. Qədim türk mifologiyasında yaradıcı tanrının adı Ulu Atadır. Bundan başqa D. E. Zubarev də bu adı türk mənşəli "Ulu" sözə ilə əlaqələndirmişdir.[10]
Qədim türk abidələrindəki bir sıra faktlar İlisu toponiminin birinci komponentini təşkil edən "ili" sözünün buradakı məna və mənşəyi haqqında da fikir söyləməyə imkan verir. "Qutadqu-bilik" və Mahmud Qaşqarlının "Divanü Lüğat-it-Türk"də "İli" feli vardır ki, mənası aşağı düşmək, yuxarıdan aşağı enməkdir. Qədim "il" feli yuxarıdan aşağıya doğru olan hərəkət məfhumu ilə bağlıdır. İlisu toponiminin tərkibindəki "ili" komponenti "il" və "i" sözdüzəldici şəkilçidən ibarət olan atributiv mənalı feli addır ki, məzmunu təxminən yuxarıdan aşağı düşən (enən) deməkdir. Maraqlıdır ki, Azərbaycan dilinin Qazax dialektində qabaq, ön tərəf mənasında iley sözü işlənir.[6] Maraqlı faktalardan biri də bu toponimin 1060-cı ildə qeydə alınmasıdır.[6] Akademik Ziya Bünyadovun ərəb dilindən rus dilinə tərcümə olunmuş səlcuqların tarixinə aid əsərində "İlisu" toponimi müasir dilimizdə işlənən formada göstərilir.
Ehtimal olan variantlardan biri də toponimin qıpçaq sözü olan ili(isti) və su sözlərindən düzəlib, "isti su" mənasını daşımasıdır. İlisu kəndi yaxınlığında suyun temperaturu 40 °C olan bir neçə bulaq var.[5][11]
Bu ərazidə mövcud olan mineral bulaqlar kimyəvi tərkibinə görə hidrokarbonatlı, suda müşahidə edilən təbii qaz isə hidrogen sulfidlidir.[5] Suda müşahidə olunan spesifik iyə görə ərazinin bu formada adlanması ehtimalı meydana çıxır.[12][13]
Çox az ehtimal olunan variantlardan biri İlisu adının "Elli su" (Əlli su) mənası daşımasıdır. Ərazinin çay şəbəkəsinin yetərincə sıx olmasını nəzərə alaraq E.Veydenbaum və İ.Petruşevski öz əsərlərində kəndin adını türk (tatar) mənşəli "Elli-su" (50 su) kimi tərcümə etmişdilər.[7][14]
Bunda başqa, İlisu toponiminin "İli" hissəsi Orta Asiyada olan İli çayı ilə bağlı ola bilər və həm də diqqət çəkən bir məqam odur ki, bu çayla paralel digər bir çay var: Çu çayı.[15]
İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1585 metr yüksəklikdə, orta dağlığın meşə qurşağı ilə yüksək dağlığın çəmənlik landşaftı sərhədində yerləşir. Kənddən 10 km şərqdə rayonun ən hündür zirvəsi Qaraqaya dağı yerləşir.[16][17] Şimalda Kürmükçay dərəsi istiqamətində isə respublikamızın Rusiya ilə ən əlverişli və yüksəkliyi ən az olan Günaxay aşırımı (2657 m) yerləşir.[18] Yerləşdiyi ərazinin süxurları Yura dövrünə aid olunur. Adalar şəklində Təbaşir dövrünün suxurlarına da rast gəlinir. Kənddən şimal-şərqdə, Kürmükçay dərəsində uran yataqları mövcuddur. Həmçinin Hamamçayın yuxarı axarlarında təbii qaz yatağı var. İqlimi yerləşdiyi şəraitə uygun olaraq çox sərtdir. Demək olar ki, ərazidə bütünlüklə Qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir.[11] Orta illik temperatur +2, +6 C° arasında dəyişir. Yağıntıların əsas hissə aprel-sentyabr ayları arası düşür(800 mm).[11] İllik yağıntının miqdarı 1200–1400 mm-dir. Qarla örtülü günlərin sayı 120–160 gündür.[19]
İlisu iki dağ çayı – Kürmükçay və Hamamçay çaylarının birləşdiyi yerdə yerləşir. Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Hər iki çay Azərbaycanda ən çox sel hadisəsi müşahidə olunan çaylar sırasında öndədirlər. 1921-ci ildə Kürmükçaya sel nəticəsində 2200 mln.m³ materyal gətirilmişdir (Y. P. Konovalova görə).[11] Qaraqaya yaxınlığında, 3350 m yüksəklikdə Qoçyataq (Nohur) gölü çox gözəl, füsunkar görünüşə malikdir. Göl Azərbaycanın ən yüksəkdə yerləşən göllərindən biridir. Ümumiyyətlə, bu ərazi kiçik, ancaq bol sulu dağ çayları ilə zəngindir. Bu çayların üzərində çoxlu şəlalələr var ki, gözəlliyi ilə hər kəsi cəlb edir. Ramramay, Şahverdi, Qoçyataq, Sutökülən şəlalələri hər il yüzlərcə turisti özünə cəlb edir. İlisuda qonur-dağ meşə torpaqları geniş yayılmışdır. İlisunu əhatə edən enliyarpaqlı dağ meşələrində daha çox palıd, vələs, fistıq, şabalıd, qoz ağacları üstünlük təşkil edir. Bundan başqa iynəyarpaqlı ağac növlərindən daha çox ardıc yayılmışdır. Daha yüksək qurşaqlarda isə subalp və alp çəmənlikləri üstünlük təşkil edir. Kəndin cənub hissəsində, Yezli dağında həm də Azərbaycan Respublikasında Babadağın şimal yamaclarından sonra ən yüksəkdə yerləşən meşə zolağı var. Meşə və dağlarda ayı, vaşaq, meşə pişiyi, dağ keçisi, cüyür, çöl donuzu və s. heyvanlar geniş yayılmışdır. Bu ərazidə 1987-ci ildə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruğ kəndin şimal-qərb hissəsini, Kürmükçayın sağ sahilini əhatə edir və hal hazırda sahəsi 17 min hektardır. 2003-cü ildə İlisu dövlət təbiət qoruğu ilə qonşu həm də Qax Dövlət Təbiət Yasaqlığıda yaradılmışdır.
Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. İlisunun mineral bulaqları tərkibcə hidrokarbonatlıdır.[5] İlisu termal sularını ilk dəfə 1824-cü ildə iki nəfər alman alimi, daha sonra 1866-cı ildə K. A. Nikitin tədqiq edib. 1887-ci ildə isə Q. V. Struve tərəfindən onun kimyəvi tərkibi öyrənilib və məlum olub ki, bu sularda radon var.[20] Əksər mineral bulaqların teperaturu 20 °C-dən yuxarıdır. Hamamçay mineral bulağının temperaturu 40 °C-dir. Populyarlığına və müalicəvi əhəmiyyətinə görə bu mineral su nəyin ki, rayonda həm də bütün respublikada məşhurdur. Bu su 2010-cu il də İlisu “Uludağ" Turizm və İstirahət Kompleksinə çəkilmişdir. Burda xüsusi radon vannaları var ki, bir çox xəstəliklərin müalicəsində tətbiq olunur.[13] Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. Hamamçay dərəsinin yuxarı axarlarında, yüksəklikdə böyük müalicəvi əhəmiyyətə malik olan palçıq-qeyzer mövcuddur. Yerli əhali həmin yeri müqəddəs hesab edirlər.
Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi.
İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 26 mart 2002-ci il tarixli, 100 № li əmrinə əsasən İlisuda İlisu dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.[21]
Ərazidə bir çox gözəl bulaqlar var. Onlardan daha məşhur olanı Beşbulaqdır. Azərbaycanın görkəmli şairi Əliağa Kürçaylı bu bulaq haqqında gözəl deyib:
Qovub bir-birini bu yerdə illər, |
"Beşbulaq" İlisunun mərkəzində yerləşir. 1863-cü ildə inşa edilmiş bu bulaq əsr yarım bir müddətdə İlisunun mərkəzində buz soyuqluğu, büllür şəffaflığı, gur suyu ilə kəndə xüsusi gözəllik verir. Bulaq meydanın bir tərəfində yüksələn dağa bitişik, kəsmə çay daşından səliqə ilə tikilmiş divardan ibarətdir. Su divarda qoyulmuş beş borudan axıb töküldüyündən "Beşbulaq" adlanır. Deyilənə görə, o, öz mənbəyini zirvəsi həmişə qarla örtülü dağlardan götürdüyü üçün suyu digər bulaqlara nisbətən daha soyuqdur. Bəzi illərdə onun suyu tam kəsilir, sonra yenidən gəlir. Beşbulağın bu xüsusiyyəti təbiət hadisəsi kimi maraqlıdır, səbəbi məlum deyil. "Beşbulaq" kəndin ən böyük və suyu çox olan bulaqdır. "Beşbulaq" dövlət tərəfindən qorunur.[22] "Beşbulaq"dan başqa kəndin ərazisində Bəhərin bulaq, Həcənin bulaq, Manqanın bulaq, Sarılar bulağı, Səngər bulaq, Səngər məhəllə bulağı, Tovlatala bulağı, Usta Bəşir bulağı, Qazbaşı bulağı və suyun leyfiyyətinə görə ayrıca seçilən olan Ağ bulaq.
Kəndtala. Məscidin qalıqları və Kufi xətti ilə yazılmış məzar daşı.
|
Görkəmli tədqiqatçı alim, filologiya elimləri namizədi Hacı Sabir Əfəndiyevin İlisu, onun keçmişi haqqında topladığı dəyərli məlumatları var. İlisunun hazırda yerləşdiyi məkandan bir az aralı-Kürmükçayın solunda, Səngər məhəllədən 3–5 km Qax tərəfə uzanan Böyük Qafqaz silsiləsinin döşündəki talada uzun əsrlər bundan əvvəl insanlar özlərinə yaşayış məskəni salıbmışlar. İndi də xərabəlikləri qalan Kəndtala (Orta Könə) adlı bur yerdə X–XI əsrlərəcən xeyli əhali yaşayarmış.[23] Bunu bu ərazidə mövcud olan qəbirstanlığın, iri məzar daşlarının və yaşayış binalarını qalıqlarının olması sübut edir. Qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələr bunu bir daha sübut edir. Əhalinin Kəndtaladan İlisuya köçməsini rəvayətlərdə ərazidəki içməli su ilə bağlayırlar. Ehtimal olunur ki, suyun tərkibinin özünə məxsusluğu insanlarda daima aclıq hissinin yaranmasına səbəb olmuşdur. Bu səbəb tədricən əhalinin ərazini tərk etməyə məcbur etmişdir.[4][6] Bu ərazinin yaxınlığında həm də, Sasani dövrünün memarlıq xüsusiyyətləri daşıyan Cinli qala var. Qala Şamil Fətullayevin gəldiyi nəticəyə görə VII–IX əsrlərə aiddir.[24]
İlisu kəndi tarixə İlisu sultanlığı adı ilə daxil olmuş,300 ilə yaxın bir dövrü əhatə edən,özünəməxsus dövlət idarəçiliyi ilə 36 dəfə Türk sultanının və İran şahının fərmanları ilə təsbit olunmuş,[7] XIX əsrin əvvəllərindən rus çarizminin Qafqaz siyasəti əlaqədər çox gərgin mübarizə aparıb, 1844-cü ildən isə Şeyx Şamilin milli azadlıq hərakatına qoşulan bir dövlətçilik qurumuna malik olmuşdur. İlisu sultanlığı cənub-qərbdən Muxaxçaya, cənubdan Qanıxçaya və onun qolu Əyriçaya, şərqdən Qaşqaçaya və Şəki xanlığına, şimaldan Baş Qafqaz sıra dağlarına, Samurun yuxarısına qədər böyük bir ərazini əhatə edirdi. Onun sahəsi 60 kv verst, əhalisi 12 min nəfər, kəndlərin sayı 52 idi. Sultanlıq iki hissəyə bölünürdü: Dağıstan toroaqları tərkibində olan Saxurdan və İlisu sultanlığın bilavasitə öz torpaqları.[25]
Məşədixanım Nemətovanın İlisudakı daş kitabələri oxuması təqdira layiq haldır və məhz İlisu məscidinin kitabələrində və İlisu sultanlarının məzar daşlarında sultanların Əli bəy Şami, Ərəb sərkərdəsi Əbu Məbran nəsilindən olduqları haqqında dəqiq məlumat vardır. İlisu Ulu məscidinin kitabəsində məscidin Əbu Məbran nəslindən olan Əli Sultan oğlu Zeyn əd-Dinin əmri ilə bərpa olunması haqqında məlumat verilir.[26] İlisu sultanlarının ilk geneologiyasını akademik Adolf Berje tərtib etmişdir. Lakin onun tərtib etdiyi şəcərədə ciddi çatışmamazlıqlar var.[6] Qax rayonunun Oncalı kəndindəki Sultanlığa məxsus qəbristanlıqda dəfn olunmuş, 1896-cı ildə vəfat etmiş Əli Sultan bəyin nəslindən olan Gəray bəy ibn İsa bəy ibn Mustafa bəyin məzar daşında onun Əli bəy Şami nəslindən olması qeyd olunmuşdur. Digər İlisu Sultanlarının məzar daşlarında isə Əli bəyin adı Şamşir qeyd olunmuşdur. 1711-ci ildə Cənubi Qafqazda siyası vəziyyətin dəyişməsilə əlaqədar Əli Sultan Osmanlı sultanı tərəfindən İlisu və Şəki xanlığına paşa titulu ilə hakim təyin olunur.[6]
Danyal Sultan İlisunun ən şöhrətli və sonuncu sultanı olmuşdur. Daniyal bəy İlisulu XIX əsrin əvvəllərində İlisuda anadan olub. 1830-cu il yanvarın 9-da İlisu sultanlığına bədbəxtlik üz verdi. Sultanlığın qoca hakimi Əhməd xan Sultan qəflətən vəfat etdi. O vaxtkı qanuna görə vərəsəlik atadan böyük oğula yox, ailənin kiçik qardaşına çatırdı. Mərhum Əhməd xan Sultanın kiçik qardaşı olmadığına görə qanuni vərəsəliyi onun böyük oğlu İmran ağa qəbul etmişdir. İmran ağa təbiətən zəif və humanist adam olmuşdur. Ona görə də İmran ağa hakimiyyəti könüllü olaraq özündən kiçik qardaşı Musa ağaya vermişdir. Musa ağa atası Əhməd xan kimi ağıllı, tədbirli idi. Daxili və xarici məsələlərdən tez baş çıxaran yeni hakim az vaxtda sultanlıqda gəzən söz-söhbətə son qoydu. Kəndlərdə baş qaldırmaqda olan nəsil iğtişaşlarının, özbaşınalığın qarşısını aldı. Lakin tale Musa ağanın da bəxtinə uzun ömür qismət eləmədi. O, 1830-cu il sentyabrın 25-də qəflətən vəfat etdi. O dövrün məşhur tarixçisi Vasili Potto yazır ki, bundan sonra vərəsəlik haqlı olaraq mahalda sərtliyi və cəsurluğu ilə ad-san qazanmış Daniyal bəy sultanın əlinə keçmişdir. Bu ağıllı və mərd adama müridizmin tüğyan elədiyi bir dövrdə sultanlığa rəhbərlik eləmək nəsib olmuşdu.[27] Sərtliyi və cəsurluğu ilə ad-san qazanmış Danyal bəy hakimliyi, Qafqaz canişini genral-feldmarşal qraf İ.F. Paskeviçin fərmanı ilə təsdiq edildi.[25] Qısa zamanda çar ordusu onu mayor, podpolkovnik, polkovnik və genral-mayor rütbələri ilə təltif etdi. 1840-cı ildə İlisu Sultanlığı rəsmən Car-Balakən bölgəsinin idarəçiliyinə tabe edildi. On il keçər-keçməz İlisu sultanlığının ərazisi Gürcüstan-İmeretiya quberniyasına qatıldı. Məhz bu səbəblər — hakimiyyətin itirilməsi, sultanlığın sürətlə süquta doğru gedişi Danyal Sultanın Şamil tərəfə keçməsinə səbəb oldu.[28]
1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan İlisu kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 288 ailə yaşayırdı.[29] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
İlisu kəndi yaxınlığında yerləşən "Hun beli" aşırımının adı onu göstərir ki, bu ərazilərdə türklər eramızın əvvəlindən mövcud olmuşlar.[30] Azərbaycana hunlar "kuşanlar"adı altında gəlmişlər. İlisuda hunların-kuşanların məskunlaşmasını sübut edən faktlardan biri də, İlisuda "Kuş uşğı" və ya "Kuşlar" nəslinin olmasıdır.[7]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 434 təsərrüfatda 1340 nəfər əhali yaşamaqdadır.[31]
Sultanlıq dövründə ərazi əsasən iki hissədən ibarət olmuşdur: şimalda yerləşən hissə — "Dağ mahalı" və cənub hissəsi — sultanlığın Qaradolaq, Qarabulaq, Qarasoy və Suvagil mahalları. İlisu kəndi sultanlığın ən güclü, ən nüfuzlu və əhalisi çox olan Qaradolaq mahalına daxil idi. Bu mahalın əhalisi sultanlıqda çox imtiyazlara malik idi. Bu mahala aşağıdakı kəndlər daxil idi:[32]
İlisunun əhalisinin sayı haqqında ilk rəsmi məlumat 1831-ci ilə məxsusdur. T. N. Yaişnikov tərəfinədən sultanlıq əhalisinin tərtib edilmiş siyahısında İlisuda 300 həyətin olduğu və 450 ailənin yaşadığı göstərilib.[33]
Kənd 9 məhəllədən və əhalinin etnik-sosial tərkibi baxımından 95 nəsildən ibarətdir. Kəndin Səngər, Bucaq, Dabaq, Qala, Tovla-tala, Bacar, Bəytabun və kəndin ən böyük məhəlləsi olan Qaradolaq (vaxtilə mövcud olmuş 2 məhəllə Sarılar obası və Cuhud oba məhəllələri indi digər məhəllələrlə birləşmişdir) adlarından göründüyü kimi tarixi bir zərurətlə formalaşmışdır.[34] Bu nəsillərin 15-ə yaxını Dağıstan xalqlarından olan saxur və avarlarla bağlıdır. Yalnız Qorqu uşağı və Zurablar adlanan nəsillərin yaxın əcdadlarının xristian olduqları və sonradan islamı qəbul etdikləri ehtimal olunur. Digər nəsillərin soy kökləri türk mənşəlidir. İlisu kəndindəki (eləcə də bütünlükdə keçmiş Zaqatala qəzasında) ən böyük nəsil isə Məhərrəm uşağı adlanan nəsil hesab olunur. Həmin nəslin sələfləri olan şəxslər 1844-cü ildə Daniyal sultanla birlikdə Şeyx Şamilin tərəfinə keçmiş və uzun müddət ruslara qarşı vuruşmuşlar. Qafqaz müharibəsi sona çatdıqdan sonra onların bir hissəsi Avarıstanın Ulukosor mahalının İrib və Ratlub aullarında yaşayışlarını davam etdirmiş, digər qismi isə yenidən İlisuya geri qayıtmış, bir neçə ailə isə Zaqatalanın Yuxarı Tala kəndinə köçərək Durus oba məhəlləsini salmışlar. Bu nəsildən digər bir qrup isə 1869-cu ildə Osmanlı Türkiyəsinə köç etmişdir.[35]
İlisu kəndi bir neçə məhəllədən ibarət olmuş və bu gün də kənd bu məhəllələrin adı ilə tanınır. Məsələn: Səngər, Bucaq, Qala, Bacar, Qara dolaq və s. qədim məhəllələr bu günə kimi öz adını saxlamışdır. İlisuda hər məhəllədə yaşayan insanlar öz köklərinə, soylarına görə nəsillərə bölünür. Bunlardan Allahyar bəy uşağı, Kazım bəy uşagı, Qoca uşağı, Məhərrəm uşağı, Seyidəli uşağı və s. göstərmək olar. Daniyal Sultanın nəslindən olanlar isə Sultanovlar soyadını daşıyırlar. Sadaladığımız bu nəsillər hal-hazırda da bu soyadları daşıyırlar.[36]
Səngər məhəllə tabunu | Bucaq məhəllə tabunu | Dabaq məhəllə tabunu | Qala məhəllə tabunu | Bacar məhəllə tabunu | Sarılar obası | Bəy tabun | Qaradolaq tabunu | Tovla tala tabunu |
---|---|---|---|---|---|---|---|---|
Qala uşağı | Seylu uşağı | Qədəsərlər | Kaçiylər | Bacarlar | Kaslar | Buyurtmalar | Məhərrəm uşağı | Ciciqarlar |
Qorqu uşağı | Malliylər | Qaçaylar | Tağı Məmma uşağı | Qolladar Papiy İbrahim uşağı | Mantaşlar | Qoca uşağı | Baqqarlar | |
Zurab uşağı | Ovçular | Qapalar | Şahnəzər uşağı | Çapar uşağı | Kubaçılar | Bahar uşağı | Hacıbilal uşağı | |
Keçələr | Qınnalar | Molla Əhməd uşağı | Bazaylar | Dibxlovlar | Quzaylılar | Surxay uşağı | Bənövşələr | |
Camallar | İmaməlilər | Hacı Abbas bəy nəsli | Şahməhəmmədlər | Akkanaylar | Murud uşağı | Qazan uşağı | Adaş uşağı | |
Qdəmaylar | Əzim uşağı | Qitdi Omar nəsli | Nəzir uşağı | Uca uşağı | Molla Bəkir uşağı | Sayad uşağı | Azaylar | |
Aşıq Əhməd uş. | Hürüzadələr | Qıçalar | Xalıqverdi uşağı | Hacı Zal uşağı | Muradsoltan uşağı | Cər uşağı | ||
Keçəçilər | Sərqaylar | Həmzət bəy nəsli | Şeytanlar | Sofu uşağı | Qaqaylar | |||
Paprus uşağı | Matənlər | Canaylar | Şamay uşağı | Qaramahmud uşağı | Piftilər | |||
Xəliyullah uşağı | Qadmovlar | Baba uşağı | Əsgər uşağı | Caqanaylar | ||||
Hacı Həmzət Baba həsli | Qəmbər uşağı | Həsil uşağı | ||||||
Kuşlar | Ərəb uşağı | Qazanışlar | ||||||
Lakuylar | Cartılar | |||||||
Qanuqlar | Berkilov Qılkı uşağı | |||||||
Dabanlar | Təmir uşağı | |||||||
Dəlı Əlican uşağı | Hacıbaba uşağı | |||||||
Nurəhməd uşağı | ||||||||
Mahal uşağı | ||||||||
Seyidəli uşağı | ||||||||
Qasım uşağı | ||||||||
Əlim uşağı |
İlisu torpağı çoxlu dövlət və ictimai-siyasi xadimlər yetişdirmişdir:
İlisu kəndi həm də öz alimlər ilə məşhurdur. Aşağıda ilisulu alimlərin bəziləri haqqında qısaca məlumat verilir:
Bundan başqa 100-ə yaxın elimlər namizədi də İlisunun yetirməsidir.
Qədim yaşayış məskəni olan İlisunun böyük tarixi sərvətlərindən biri də türk dilləri silsiləsindən xüsusi orjinallığı ilə qorunub saxlanılan İlisu şivəsidir. Azərbaycanın Şimal qrupu dialekt və şivələrinə aiddir.[44] İlisu-qədim türk-oğuz, Dədə Qorqud dilinin yadigarıdır. Ancaq bu dil adidəsi çox geniş və dərin tədqiqata ehtiyac duyur. Bu qədər vaxtda ancaq iki akademik iş diqqəti cəlb edir: professor Səyyarə Mollazadənin namizədlik dissertasiyası və professor Yəhya Kərimovun bu şivəyə həsr olunmuş diplom işi.
İlisu şivəsi haqqında təsəvvür yaratmaq üçün onu başqa dialekt və şivələrimizdən ayıran başlıca xüsusiyyətləri diqqətə çəkmək lazımdır. İlisu şivəsinin maraqlı, səciyyəvi fonetik, morfoloji və leksik xüsusiyyətləri var.
İlisu şivəsinin maraqlı fonetik hadisələrindən biri saitlərin və samitlərin əvəzlənməsidir. Bu əvəzlənmələri qədim və müasir türk dilləri ilə müqayisə etməklə aydın olur ki, başqa türk dillərində olduğu kimi, İlisu şivəsi də qədim türk kökləri ilə bağlıdır.[45]
İlisu şivəsində ismi xəbərlər şəxsi sonluqları ilə deyil, şəxsi əvəzliklərinin ismin əvvəlinə yanaşması ilə analitik yolla ifadə olunur. Bu İlisu şivəsinin çox qədim dövrlərlə bağlı olduğunu göstərir. Belə xüsusiyyətlər tatar dilində geniş yayılmışdır.[46]
Bəzi saylar fonetik cəhətdən ədəbi dilimizdəkindən fərqlənir.
İlisu şivəsinin ən maraqlı cəhətlərindən biri də "ne?", "nara?", "navax?" əvəzlikləridir. Azərbaycan ərazisində yalnız İlisuda işlənilən bu əvəzliklər türk dilindəki "nereye", "nerede" və s. uyğun gəlir.
İlisu şivəsində bəzi türk mənşəli sözlər:[47]
İlisu şivəsində | Türk dillərində |
---|---|
abal-key | abal-hal, vəziyyət |
başarmax-bacarmaq | başarmax-başarmaq |
yeltəmə-yüngül xasiyyət | yeltəmə-rəqs müsiqisinin adı |
devran-dövran | devran-dövran |
düşman-düşmən | düşman-düşmən |
degirmi-dəyirmi | degirmi-dəyirmi |
vidir-çətin dağ yolu | vidir-dağ yolu |
inisi-qayın | inisi-kiçik qardaş |
kura-moruq | kurray-moruq |
İlisu məktəbi Azərbaycanın ən qədim və tarixi ənənələri olan məktəblərindən biridir. 1899-cu ildən fəaliyyətə başlayan bu məktəbdə həm dünyəvi, həm də dini biliklər verilmişdir. Bir əsrdən çox tarixə malik İlisu məktəbi ölkəmiz üçün 18 görkəmli dövlət xadimi, 120-dən çox elm adamı, akademik, elmlər doktoru və namizədləri, neçə-neçə tannmış din xadimi, 50 dən çox respublika və rayon miqyaslı məmur və rəhbər kadr, 40-dan çox tanınmış mütəxəssis və ziyalı şəxslər, eləcə də 6 dünya çempionu yetişdirib. Respublikamızın bu qocaman təhsil mərkəzinin məzunları arasında 100-dən çox elmlər doktoru və elmlər namizədi, 1200-dən şox alı təhsilli mütəxəssis vardır.[6]
Hazırda İlisu məktəbi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır və bu gün də respublikanın ən qabaqcıl təhsil ocaqlarından biridir. İlisu məkəbi respublikanın ictimai həyatında fəal iştirak etmiş, məktəblilər olimpiadalarda, idman yarışlarında yüksək nailiyyətlər qazanmışlar.
"Vətən yolu" yolu dərsliyinin müəllifi, Harun bəy Sultanov İlisu kəndində doğulmuşdur. Onun çoxsahəli yaradıcılığının mühüm bir sahəsini məktəb dərsliklər tərtib etmək təşkil edir. Bu cəhətdən "Vətən yolu" dərsliyi səciyyəvidir. "Harun bəy İlisulu" imzası ilə 1907-ci ildə Tiflisdə Qeyrət mətbəəsində çap olunmuş bu dərsliyin məzminu, qayəsi ilk baxışdan diqqət cəl edir.[6] Elə dərsliyin müqəddimimində Harun bəy İlisulu göstərir ki, "İlisu kəndində Yusif Ramazan oğlunun xeyirxahlığı ilə tikilmiş məktəbdə dərs oxumağa bizim uşaqların dilində yazılmış bu kitab çox gərkli oldu. Və həmin həzrətin (Yusif Ramazan oğlunun-C.Ə) köməyi ilə məndə bu kitabı çıxartdı, "Vətən yolu" işıq üzü gördü".[48] "Vətən yolu" dərsliyinin özünəməxsus metodik məzmunu, tərtibi prinsipləri var. Dərslik doxsan iki dərs nümunəsindən ibarətdir. Hər dərsdə əlifba təlimi və onunla əlaqədar mətinlər verilmişdir. Dərslikdə yumoristik məzmunlu mətinlərə, şağirdləri müstəqil düşünməyə və səmərəli nəticə çıxarmağa imkan verən yzaılara, xüsusilə, dialoqlu parçalara geniş yer verilir. Dərsliyin "Bəzi hadisələr" adlı hissəsi də yaxşı düşünülmüş sistemlə, pedaqoji və metodik ardıcıllıqla tərtib olunmuş elmi məzmunlu məlumatlardan ibarətdir. Maraqlı məqamlardan dərsliyin adıdır. Məhs Harun bəy bu adı seçməyib. Məlumdur ki, Azərbaycanda ilk dərs vəsaiti 1882-ci ildə çap olunmuş "Vətən dili" dərsliyidir. O zamanlar Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamış kitabdan ruhlanan Harun bəy dərsliyi bu ada uyğun adlandırmışdır.
İlisunun rəngarəng təsərrüfat, sənət sahələri arasında qoyunçuluq əsas yer tutur. İlisuda qoyunçuluğun inkişafını və tənəzzülünü bir neçə dövrə bölmək olar.
İlisuda əsrlər boyu müxtəlif sənətkarlıq növləri və bu sahələrdə çalışmış sənətkarların şöhrəti Azərbaycan daxilində, eləcə də Gürcüstanda və Dağıstanda yayılmışdır. Azərbaycanın Qarabağ, Şirvan, Şəki bölgələrində ilisulu sənətkarlar saysız-hesabsız yaşayış binaları inşa etmişlər. Digər sənət sahələrində də ilisulular adsan qazanmışlar. İlisulu bir çox bənnalar Balakən, Tala məscidləri kimi onlarca böyük memarlq abidələri yaratmışlar.[6]
İlisunun qədim qabayunlu qoyunları xalçaçılıq üçün çox gözəl xammal idi. Zərif yunlu qoyunçuluğa keçməklə xalçaçılığa böyük zərbə vuruldu. İlisuda görkəmli xalça ustaları və onun nəsildən-nəsilə keçən ənənələri də beləliklə unudulmağa başladı. Qoyun yununun ipindən toxunan xalı-xalça, gəbə, xalı, cecim, palaz, kilim, xayma kimi növləri, təbii otlardan alınmış boyaqlarla İlisu evlərinin bəzəyi idi. İlisuda toxunan xalçalar öz xüsusi texnologiyasına görə fərqlənir. Onlar uzun və ensiz olur. İlisuda xalçalar təkarğac üsulu ilə toxunur və rəngləri 7 rəng olmaqla çox şux olur. Xalçaların naxışları qədim türk motivləri əsasında qurulmuşdur. Hal-hazırda da İlisuda fərdi evlərdə xalça toxuyan dəzgahlara təsadüf etmək mümkündür.[51] İlisuda keçəçilik də ayrıca bir sənət sahəsi kimi öz ustalarını yetişdirmişdir. Keçəçiliyin də yapıncı, çopuz kimi geyim növləri ilə yanaşı döşəməlik keçələr də insanların məişətinə daxil olmuşdur. Corab toxumaq hər bir evin ənənəsi idi. İlisuda dabbaqçılıq da yetərincə inkişaf etmişdi. Bu sahə xüsusi bir sənətkarlıq tələb edən peşə olub və bunun da nəsildən-nəsilə keçən ənənələri var idi. Onların hazırladığı xəzlər, padoşlar çəkməçilik peşəsinin əsasını təşkil edirdi. Dəri aşılaması ilə kürkçülük də özəl bir sənət sahəsi kimi İlisuda geniş yayılmışdır.
Böyük Qafqazın cənub yamaclarında, meşə qurşağının alp çəmənliyinə keçdiyi sərhəddə yerləşən İlisu kəndinin çox zəngin faunası var. Ərazidə maral, çüyür, dağ keçisi, ayı, qaban və s. olması tarixən insanlarda ovçuluğa böyük maraq yaratmışdır. İlisuda ovçuluğun tarixi Ovçu Pirimdən başlayır. Onun haqqında olan müxtəlif rəvayət və əfsanələr bu gün də dillərdə dolaşır. Əfsanəyə görə məhz məşhur İlisu hamamı bir neçə əsr bundan qabaq Ovçu Pirim tərəfindən inşa edilmişdir. Sərt və keçilməz dağlara malik olan bu ərazidə ovçuluqla məşğul olmaq yetərincə təhlükəlidir. Məhz bu üzdən neçə-neçə ovçunun marxal (qar uçqunu) altında qalıb və ya qayalardan uçub tələf olması bu ərazi üçün adi hadisəyə çevrilmişdir. Valeh Əhmədov, Ülfət Abbasov, İsmət Ağayev, İsmayıl Mehdiyev və daha neçə belə ovçu dağlarda tələf olmuşlar. İlisuda ən çox təkə ovuna maraq göstərilirdi. Təkə dağ keçisinin erkəyinə deyilir. Adlı-sanlı ovçular sırasında mərhumlardan Baba Həsilovun, İsgəndər İsgəndərov, Kamal Babayevin, Yusif Abbasovun adlarını çəkmək olar. Əksər ovçuların şələçiləri də olardı. Şələçi — ovçunun yükünü daşıyana deyilir. İlisuda hal-hazırda da müasir gənclər arasında ovçuluğa böyük maraq var. Ad-san qazanan ovçulardan Rəsul Əfəndiyevi, Həmzət Murudovu, Fərhad İsmayılovu, ovçu İsgəndərin oğlu Nüsrətin adlarını çəkmək olar.[6] Müasir dövrdən fərqli olarak keçmişdə İlisuda ovçuluq nizamsız və nəzarətsiz olmuş və o üzdən bir müddət ov heyvanlarının sayında kəskin azalma qeydə alınmışdır. Bəzi heyvanların isə demək olar ki, nəsili kəsilmişdir. Buna qaplanı misal göstərə bilərik. Əbəs yerə ehtimal olunmur ki, İlisunun cənub-şərqində yerləşən Qaflan dağ və qaflan dərə məhz qaplanların çox olduğu bölgə olmuşdur.[52]
İlisu həmişə həm yerli, həm də xarici turistlərin diqqət mərkəzində olmuşdur. Tarixi-coğrafi özəlliklərə malik İlisunun yüksət turizm potensialı var. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 26 mart 2002-ci il tarixli, 100 № li əmrinə əsasən İlisuda İlisu dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır. Bundan başqa, İlisuda İlisu Dövlət Təbiət Qoruğu mövcuddur. Hər tərəfi əhatə edən meşəli dağlar və onların üstündən əskik olmayan buludlar, yazda və yayda, demək olar, hər gün sel kimi yağan yağış, onun ardınca çıxan göy qurşağı, tərtəmiz hava, sakitlik və gözəl mənzərədə salınmış yüzillik evlər, eləcə də çox qədimdənqalma abidələr hər zaman insanları özünə cəlb etmişdir. Son zamanlar İlisuda həyata keçirilən quruculuq tədbirləri beynəlxalq turizmin bütün tələblərini ödəyəcək duruma gəlib çatmaqdadır. İlisuda dağ turizmi və alpinizm həvəskarları üçün hər cür təbii şərait var. Kənddə yaşıl turizm, icma turizmi, müalicə turizmi, istirahət turizmi daha geniş yayılıb.[53] Bura da tikilib istifadəyə verilmiş "Uludağ" sanatoriya-müalicə kompleksi, "Yaşıl Park", "Səngərqala", "İlisu", "Almabağı" istirahət mərkəzlərində fərdi, ailəvi və kollektiv istirahətə gələnlər üçün hər cür şərait yaradılmışdır.[13][54][55]
İlisu kəndinin qurtaracağındakı məşhur Ram-rama şəlaləsinin yaxınlığında Yarpızbasan dağının ətəyində tikilmiş "Ulu dağ" istirahət kompleksi 2005-ci ildə istismara verilmişdir. 4 hektar ərazini əhatə edir və ilboyu xidmət göstərir. Beşi 2 mərtəbəli, ikisi 1 mərtəbəli olmaqla 7 kotejdən ibarət olub eyni vaxtda 240 nəfərin dincəlməsinə imkan yaradır. Turist marşrutlarına Sumu Qalaya, qədim alban məbədlərinin xarabalıqlarına, qədim Şəki yolu ilə Qum, Ləkit yaşayış məntəqələrinə, müqəddəs Georgi məbədinə, qədim məscidə və s. yerlərə gəzinti nəzərdə tutulur. Şamil qalasının xarabalıqlarından Dağıstanla aramızda son yaşayış məntəqəsi olan Sarı-baş qülləsi görünür. Kompleksdə müalicə əhəmiyyətli olan isti suda vanna qəbul etmək olar.[13]
Milli memarlıq üslubunun elementləri ilə inşa olunan "Səngər qala" hoteli tarixi abidəni xatırladır. Hotelin adı buradakı "Səngər bulağı"nın adından götürülüb. Tikintisinə 2011-ci ildən başlanan hotel 7 mərtəbədən ibarətdir. Hotel gözoxşayan xarici və daxili dizaynda, fərqli bir üslubda inşa edilib. Birinci mərtəbədə qeyd-qəbul və digər inzibati otaqlar yerləşir. Yeddinci mərtəbədə hər tərəfi ətraf dağ və meşə mənzərəsinə açılan restoran var. Qalan 5 mərtəbədə isə nömrələrdir. Hoteldə xidmət çeşidlərinə görə fərqlənən ümumilikdə 38 nömrə var. Hər bir nömrədə qonaqların rahat istirahəti üçün standartlara cavab verən şərait yaradılıb. Nömrələr kondisioner sistemi, birbaşa çıxışlı telefon şəbəkəsi, simsiz internet şəbəkəsi və s. lazımi imkanlarla təmin edilib. Hoteldə milli və dünya mətbəxinin gözəl təamlarını dadmaq mümkün olacaq. Hotel binası kənardan qədim tikilini xatırladır. Hotelin birinci mərtəbəsinə girişi insanın gözləri önünə tarixi bir mənzərəni canlandırır. Burada xalqımızın qədim döyüş ənənələrini göstərən silahlardan tutmuş incə naxışlarla işlədilmiş bəzək əşyalarını da görmək olar. Tarixi məkanda yerləşən hotelin digər mərtəbələrində də tarixi anları canlandıracaq əşyalar qoyulub və divarlarda müxtəlif elementlər yaradılıb. Hotelin yerləşdiyi ərazi də binanın dizaynına uyğun qurulub. Dağlardan süzülüb gələn bulaq istirahət edənlərə təbiətin sərinliyini bəxş edir. Bir sözlə, burada isti yay günlərində gözəl istirahət etmək olar. Qiymətlər isə hotel tam istifadəyə veriləndən sonra məlum olacaq.[56]
2005-ci ildə istifadəyə verilən "Yaşıl park" istirahət mərkəzi Ulu körpünün yaxınlığında əzəmətli Laçın qaya adlanan dağın ətəyində yerləşir. Eyni vaxtda burada 84 nəfərin dincəlməsi üçün tam təminatlı şərait yaradılmışdır. İstirahət zonasında 6 standart otaq, xoll, qonaq otağı və yataq otağı olan 5 ikimərtəbəli kottec var. Zonanın ərazisində restoran, kafe, disko-bar, voleybol meydançası, örtülü üzgüçülük hovuzu, sauna, uşaqlar üçün oyun meydançası və park xidməti fəaliyyət göstərir.[57]
El Hotel Azərbaycanın Qax rayonunda açılmış ilk 5 ulduzlu hotelidir. EL Hotel dünya standartlarına cavab verən gözəl dizayn, beynəlxalq xəttə bağlantısı olan telefon, sürətli internet şəbəkəsi, peyk televiziya sistemi, individual olaraq idarə edilən isitmə və soyutma sistemi, seyf, saat və musiqi mərkəzi və minibar ilə qurulmuş rahat qonaq otaqları təklif edir.[58]
İlisuda uzun illər həm də ev turizmi mövcud olmuş və son dövrlər bu xüsusilə böyük intişar tapmışdır. Bu turizm növü İlisuda bir çox ailələr üçün əsas qazanc yeri kimi maddi təminat mənbəyinə çevrilib. Dünya turizm təcrübəsində də belə nümunələr az deyil. Bura gələn turistlər kəndin insanlarına, təbiətə daha yaxın olmaq üçün fərdi evlərdə gecələməyə üstünlük verirlər. Mənzillərin qiyməti şəraitindən asılı olaraq dəyişir. Bir nəfər gecələmək üçün 5–10 manat arası pul ödəyir. Ailəvi mənzillərin qiyməti isə 20–30 manat arasında dəyişir. Turistlərin bu yerlərə üstünluk verməsinin digər bir səbəbi isə onlara gostərilən xoş munasibət, qonaqpərvərlikdir.[59]
İlisu kəndi özünün tarixi-memarlıq abidələri ilə zəngindir. Tarixin ayrı-ayrı dövrlərinin memarlıq xüsusiyyətlərini əks etdirən abidələrin bir qismi müasir dövrümüzə qədər qorunub saxlansa da onların böyük bir hissəsi isə müharibələr və təbii aşınmalar nəticəsində dağılmışdır. Bu günümüzə qədər qalmış abidələr, Sumuq qala, Ulu körpü, Ulu məscid, Qalaça (Şamilqala), Qala kompleksi, Cinli qala və epiqrafik abidələri İlisunun qəhrəmanlıq tarixinin şanlı səhifələridir. Bu abidələr kəndin ümumi monumentallığı və bədii-memarlq dəyəri ilə seçilir. Onlar sıravi tikililərlə, təbii landşaftla, kəndin ümumi quruluşu ilə kompozisiya baxımından sıx bağlıdır, buna görə də onlar birlikdə bədii vəhdət yaradır. Onlardan bəziləri özünün ilkin funksiyasını itirsə də, bədii-estetik əhəmiyyətini itirməmişdir.
Yerli əhali arasında "Sumu qala" və ya "Sumaq qala" adı ilə tanınan müdafiə qülləsinin inşa tarixi XVII–XVIII əsrlərə aid edilir. Bu qüllə Dağıstandan Sarıbaşa, oradan İlisuya qədər olan yolun üzərində tikilmişdir. Rəvayətə görə qala Sumu və ya Usmi xan adlı İlisu hakimi tərəfindən inşa edildiyinə görə belə adlanmışdır. Sumuq qala plan quruluşuna görə kvadrat fomrmasındadır. Onun tikintisində çay daşından və əhəng məhlulundan istifadə olunmuşdur.[35] İlisu kəndinin memarlığında Cümə məscidi xüsusi əhəmiyyət daşıyır. Kəndin mərkəzində yerləşən bu məscidi yerli sakinlər " Ulu məscid" adlandırmışlar. Uzunsov dördbucaqlı şəkildə olan məscidin əsas kompozisiya oxu şimal-qərbə istiqamətlidir. XVII əsrə aid olan bu tikili, məscidin kitabəsində göstərildiyi kimi Məhhəmməd, Əli Ağa və Baba adlı ustalar tərəfindən inşa olunmuşdur.[24]
İlisu kəndinə gedən yolda Kürmük çayının üzərində qədim bir körpü var. Kəndin təxminən iki kilometrliyində yerləşən və Ulu körpü adlanan bu körpü çox əlverişli bir yerə inşa olunub: çayın yatağının daraldığı sahədə, sal qayalar üzərində çaydaşı, əhəng məhlulu və kvadratşəkilli bişmiş kərpicdən tikilmişdir. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 m-dir. Ulu körpü, İlisu sultanlığın mərkəzinə çevrildikdən sonra tikilmişdir. Tarixi məlumatların təhlili körpünü XVII əsrin sonu, XVIII əsrin əvvələrinə aid etməyə əsas verir.[60] Cinli qala Kürmükşayın sol sahilində, qayanın üstündə inşa olunmuşdur. İlisu kəndindən 5 km aralı yerləşən qalanın yerləşdiyi dağın yaxınlığındakı dərənı yerli əhali Qala dərəsi adlandırmışdır. Qalada tədqiqat işləri aparmış professor Şamil Fətullayevin gəldiyi nəticəyə görə, onun inşa tarixi VII–IX əsrlər aid edilmişdir.[24]
İlisu, onun yetirmələri və nemətləri yaradıcı insanların diqqətindən yayınmamışdır. İlisu haqqında romanlar, povestlər, oçerklər, publisistik məqalələr və s. yazılmışdır. Neçə-neçə bəstəkar, rəssam, heykəltaraşın yaradıcılığında İlisu mözvzusu öz əksini tapmışdır.
Molla Cümə, xalq şairləri Məmməd Rahim, Bəxtiyar Vahabzadə, eləcə də Əliağa Kürçaylı, Gəray Fəzli, Seyran Səxavət, Əvəz Sadıq və başqaları İlisu və ilisulular barədə ürək sözlərini demişlər. Maral Rəhmanzadə İlisu tablolarını, bəstəkar Ağabacı Rzayeva "Dağlar qızı" mahnısını bəstələmişdir.
Sovet İttifaqı və ABŞ-nin bir neçə illik təqvimlərini İlisu mənzərələri bəzəmişdir.[6]
İlisu ilə bağlı Molla Cümənın "İlisu kəndi" şeiri çox maraqlıdır:
İlisu kəndində, Koxa tabunda, |
Xalq şairi Məmməd Rahim İlisuda olarkən buranın təbiəti, insanları onu ilhama gətirmiş, "İlisu" şeirini yazmışdır:
Dağların qoynunda xeyli zamandır, |
Bəxtiyar Vahabzadə "Sadə adamlar" poemasını İlisuda qələmə almışdır:
Beşbulağın sərin suyu |
Əliağa Kürçaylı "Qartal" şeiri də İlisuda yazılmışdır:
İlisu, Beşbulaq, Şamil qalası, |
Tarixçi-publisist Şahmərdan Əhmədlinin tarixi qəhrəmanlıq mövzusundakı "İlisu" şeiri də, diqqətəlayiqdir.
Qarşında dayanıb gözəl Dağıstan, |
Gəray Fəzlinin "Gecə günəşi" əsərndəki, hadisələr İlisu kəndində cərayan edir.
İlisu mətbəxi öz zənginliyi və fərqliliyi ilə çox məşhurdur. Özünə məxsus yeməkləri olan İlisu daha çox aşağıdakı yeməkləri ilə populyardır:
İlisu yeməklərində qurudulmuş ət məmulatları daha çox istifadə olunur. Qaxac bir qayda olaraq oktyabr ayında hazırlanırdı ki, bu ayın ab-havası daha münasib hesab olunurdu. Qaxacla hazırlanan yeməklərə məşhur İlisu sürhüllüsü, xinqilisi, lobya şorbası, lobyalı və qozlu aşı misal göstərmək olar. Hicnovur qoyunun (piyli) yoğun-şirin bağırsağına doldurulmuş döyülmüş, ədəvalanmış ətlə (kolbasa sayağı) hazırlanırdı. Bundan əlavə şirdan, darbaq, qarın, cozlə (qarın piyi) hazırlanırdı ki, bunlarla bütünlüklə dolma adlanırdı. Sürhüllü yeməyinin başqa növləri də mövcuddur. Xüsusilə əzməli sürhüllü (quyruq və qara ciyərin paşteti) məşhurdur. İlisu dələməsi[63] də çox populyardı. Dələmə pendirin ilkin məhsuludur. Onu süzməklə alınan maye-arxana adlanır. Arxana bişirilir, üzünə yığılmış qaymaqdan məgəş adlanan çox dadlı bir məhsul alınır.[64] Yerdə qalan maye isə qələzim adlanır və pendir doldurulmuş motallara əlavə edilir.
İlisu haqqında filmlər | ||
---|---|---|
Filmin adı | İstehsal ili | Qısa məzmunu |
İlisu | 2006 | Filmdə kəndin tarixi, qədim abidələri və əhalisinin məşğuliyyəti əks etdirilir. |
Azərbaycan sirləri. İlisu sultanlığı | 2010 | Film İlisu sultanlığına həsr olunub. |
1981-ci ildə Yuli Qusmanın çəkdiyi "Qorxma, mən səninləyəm" filminin əsas hissələri İlisu kəndində çəkilmişdir. Musiqli macəra filminin əsas maraqlı epizodularından biri Sumuq qalada çəkilib. 30 il sonra bu filmin davamı kimi çəkilən "Qorxma, mən səninləyəm — 1919" filmində bəhs edilən hadisələr XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verir. Bu filmin də əsas hissələri İlisu kəndində çəkilib.[65]
Məmməd Rahimin "İlisu" şeirinin sözlərinə bəstələnmiş bu mahnının musiqisi Eldar Mansurovundur. Mahnını Cəlal Abbasov ifa edir.[66]
<ref>
teqi; :02
adlı istinad üçün mətn göstərilməyib