Ələkbər Süheyli (doğum adı: Ələkbər Fərəc oğlu Əliyev; 1879 – 26 fevral 1927) — aktyor, teatr təşkilatçısı.
Ələkbər Süheyli | |
---|---|
Ələkbər Fərəculla oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Fəaliyyəti | Aktyor |
"Süheyli" Ələkbər Əliyevin səhnə təxəllüsüdür. Bu sözün ərəbcə mənası "cənubda görünən ulduz" deməkdir. Yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq sahəsində də çalışıb. Ələkbər Süheyli 1879-cu ildə Bakıda doğulub. Atası tacir olub və elmə, mədəniyyətə maraq göstərib. Buna görə də Ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona ana dilindən əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. Atası və atasının yaxın dostları olan tacirlər Rusiya, ərəb ölkələri və İranla ticari yazışma əlaqələrini məhz Ələkbər Süheylinin vasitəsilə həyata keçiriblər. O, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq məqsədilə tez-tez xarici öikələrə səfər edib.
Bakıda olanda boş vaxtlarında "Müsəlman dram artistləri cəmiyyəti"nin tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1906-cı ildə yaranan "Nicat" mədəni-maarif cəmiyyətinin teatr truppasına ilk üzv götürülənlərdən biri də Ələkbər Süheyli olub. Sonralar "Səfa", "Müdiriyyət", "Müsəlman artistləri ittifaqı"nın teatr truppalarında çalışıb. 1919-cu ildə bugünkü MDT-nin truppasına götürülüb və dörd il bu sənət ocağında işləyib. 1923-cü ildə Azad Tənqid və Təbliğ Teatrının truppasına dəvət alıb və vəfat etdiyi günə kimi burada aktyor və rejissor kimi çalışıb.
Müxtəlif truppalarda və MDT-da ifa etdiyi əsas rolların qısa siyahısı belədir: Adolf ("Qatili Kərimə", Hacı İbrahim Qasımov), Məhiz ("Tariq ibn Ziyad", Əbdülhəq Həmid), Səlim bəy, Vəli bəy, Çoban ("Dağılan tifaq", "Millət dostları" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Paşa ("Bakı müharibəsi", Cəfər Cabbarlı), Svistinov ("Müfəttiş", Nikolay Qoqol), Lodoviqo ("Otello", Vilyam Şekspir), Müəllim Mirzə Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Bəkir ("Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov), Xacə Məsud, Ohan yüzbaşı ("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şah Ömər ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Xaço ("Qaçaq Kərəm", Vano Mçedaşvili), Şeyx Mərvan ("Şeyx Sənan", Hüseyn Cavid), Veys ("Yezid ibn Müaviyyə", Mehdi bəy Hacınski), Qubad ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Məmmədbağır ("Axşam səbri xeyir olar", Sultanməcid Qənizadə), Süleyman paşa ("Akif bəy", Namiq Kamal), Allahqulu ("Molla Cəbi", Mirmahmud Kazımovski).
Milli aktrisalarımızın olmadığı dövrdə Ələkbər Süheyli xeyli qadın rolları ifa edib. Onların arasında Cahan xala ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Sona, Hafizə xanım ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hürzad ("Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Çərkəz xanım ("Kəndxuda", Mirmahmud Kazımovski), Tuba ("Zorən təbib", Jan Batist Molyer) obrazlarının səhnə ifası aktyorun yaradıcılıq uğurları sayılır. Xüsusilə Hafizə rolunun uzun illər və ondan artıq quruluşda ən yaxşı ifaçısı Ələkbər Süheyli sayılıb.
Aktyor Tənqid və Təbliğ Teatrında Məşədi Ramazan ("Arşın malı", Əhməd Qəmərli), Tacir ("Tufan", Vladimir Bill-Beloserkovski), Komarov ("1881-ci ildə", Nikolay Şapovalenko), Hacı Həsən ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Pastor ("Şöhrət silahları", Yurin) rollarını oynayıb.
Burada Sidqi Ruhullanın, David Qutmanın, Yevgeni Muromskinin quruluşlarında hazırlanan tamaşalarda rejissorluq edib.
Ələkbər Süheyli yaradıcılığının kamilləşdiyi dövrdə, 26 fevral 1927-ci ildə Bakıda vəfat edib.