Əli Səngərli

Əli Məmməd oğlu Məmmədov (1930, Faxralı, Bolnisi bələdiyyəsi2009, Faxralı, Kvemo-Kartli) — müəllim, şair, tərcüməçi.[1]

Əli Səngərli
Əli Məmməd oğlu Məmmədov
Doğum tarixi 1930
Doğum yeri
Vəfat tarixi 2009
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Əsərlərinin dili Azərbaycan dili
ali-shamil.tr.gg/%26%233…

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Məmməd oğlu Məmmədov 1930-cu ildə Gürcüstanın Türklər toplu yaşayan Borçalı bölgəsinin Faxralı kəndində doğulmuşdu. Bu bölgədə aşıqlar çox yaşadığından əlinə qələm alıb bədii yaradıçılıqla məşğul olmaq istəyən də, sinəsinə sazı qaldırıb aşıqlıq həvəsinə düşən də heca vəznində şeirlər yazır.

Əli Məmməd oğlu da yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Orta məktəbi bitirdikdən sonra üç il məcburi əsgərlik xidmətini başa vurub. Sonra Bakıdakı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. 1952-1957-ci illərdə Universitetdə oxuyarkən xarici ölkələr ədəbiyyatı fənnindən dərs deyən müəllimləri Əli Sultanlı ona Roma və Yunan poeziyasından seçmələri tərcümə etməyi tapşırıb. Müəlliminin tapşırığını uğurla yerinə yetirdiyinə görə Əli Sultanlı onun tərcümələrini hazırladığı Roma və Yunan ədəbiyyatı antologiyasına daxil edib.

Universiteti bitirdikdən sonra Faxralıya qayıdan Əli Məmməd oğlu məktəbdə müəllimlik etmiş, kəndlərinin başı üzərində ucalan Səngərli dağının adını özünə ləqəb götürmüşdür. Səngərli ləqəbilə yazdığı şeirlərini Bolnisi rayonundakı “Qələbə bayrağı”, Tbilisidəki “Şərqin şəfəqi”, “Sovet Gürcüstanı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi” qəzetlərində nəşr etdirmişdi. 1961-ci ildə onu Gürcüstanın paytaxtındakı A.S.Puşkin adına Tbilisi Dövlət Pedoqoji İnstitunun Azərbaycan bölməsində xarici ölkələr ədəbiyyatı fənnindən dərs deməyə dəvət etmişlər.

Xarici ölkə ədəbiyyatından dərs dediyinə görə mövzunu tələbələrə yaxşı anlatmaq, onlar üçün oxu materialı hazırlamaq məqsədilə çoxlu tərcümələr etmişdir.

Əli Səngərlinin yaradışılıdında Türk xalqlarının taleyindən bəhs edən şeirlər xususilə seçilir. Bu şeirlərdə yüksək bədii dəyər, forma axtarışları ilə yanaşı bir üsyankarlıq, etiraz da var. Gəray xanın xanımının ölümündən kədərini bildirmək üçün sarayında tikdirdiyi çeşmə-bulaq çoxlarını təsirləndirib və bu mövzuda gözəl bədi əsərlər də yaradılıb. A.S. Puşkin də “Bağşasaray fantanı” əsərini bu əvəzsiz abidədən ilhamlanaraq yaradıb.

Əli Səngərlinin 19-cu əsrdə yaşamış Krımlı Aşıq Qədirə həsr etdiyi şeir də olduqca önəmlidir. Haqsızlığa etiraz edən, millətinin bu durumuna üzülən Əli Səngərli şeirinin sonunu məşhur bir bayatının bir misrasını dəyişməklə tamamlayır.

Şair min illiklərdən keçib gələn “başımdan tüstü qalxdı”, “kipriyimdə od ağlar” kimi deyimləri, ”buradan bir atlı keçdi” misrasını “buradan bir el köçdü” kimi verməklə şeirin bədii dəyərini artırır.

Şairin “Tatar qızı”, “Sınayar”, “Türk oğlu”, “Oğuz” və başqa şeirlərində də Türklərin dərdlərindən yazır.

Əli Səngərli təkcə Krım Türkləri üçün narahat olmur. Qazax şairi Oljas Süleymenova həsr etdiyi “Qum ətri qoxladım” və “Rusiya” şeiri də üsyankarlığıyla seçilir.

Sovetlər Birliyi dönəmində Əli Səngərli haqqında televiziyada, radioda, qəzetlərdə təbliğ, tərənnümə rast gəlinmir. Ona fəxri adlar da verilmədi. Amma onun şeirlərini aşıqlar sevə-sevə məclislərdə oxudular. Ömrünün son illərinədək müəllimlik edən şair çoxlu şeirləri yazsa da, Sovetlər Birliyi çökənədək kitabı çıxmadı. Şair ixtiyar çağlarında şeirlərini toplayaraq öz xərcilə “Şair ürəyi”, “Bu köhnə dünyada təzə nə var ki...”, “Uzaqlarda qalan dünyam” kitablarını çap etdirdi.

Şair Əli Səngərli 2009-cu ilin aprelin 23-də haqqa qovuşmuş və doğulduğu kənddə dəfn edilmişdir. Onun şeirləri isə Azərbaycan gənclərində milli hissləri gücləndirir və vətənpərvərliyi coşdurur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əli Səngərli.../Әli Şamil". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.