Sultanlı Əli Abdulla oğlu (25 dekabr 1906, Naxçıvan – 18 iyul 1960, Bakı) — ədəbiyyatşünas, pedaqoq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1946), professor (1947).[1]
Əli Sultanlı | |
---|---|
Əli Abdulla oğlu Sultanlı | |
Doğum tarixi | 25 dekabr 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyul 1960 (53 yaşında) |
Vəfat yeri |
Əli Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə. Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət "Şərq qalısı" qəzetində ədəbi işçi vəzifəsində çalışır.[2]
Ə. Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə. Sultanlı 1934–39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939–1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır.
Ə. Sultanlı "Antik ədəbiyyat tarixi", "Roma ədəbiyyatı müntəxəbatı", "Antik ədəbiyyatı müntəxəbatı" kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları", "Nizami və Qərbi Avropa ədəbiyyatı" və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.
O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Partiya və Hökumət Ə. Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək igidliyinə görə medalı ilə təltif etmişdir.
1960-cı il iyulun 18-də Bakıda vəfat etmişdir.[3]