Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).
Əli Nur | |
---|---|
Əli Qayıb oğlu Nurzadə | |
Digər adları |
Əli Nurzadə Əlibala Nurəliyev |
Doğum tarixi | 10 yanvar 1948 (76 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1972-ci ildən |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları |
Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.[1] Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Şirzad ("Şeyx Xiyabani", İ. Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N. Həsənzadə), Nəsimi ("Fəryad", B. Vahabzadə), M. F. Axundov ("Mənsiz dünya", N. Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S. Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C. Məmmədquluzadə), Çapar ("Şah Edib", Sofokol), Kərim ("Lənkəran xanının vəziri", M. F. Axundov), Mustafa ("Ulduz, yaxud Ədirnə Fəthi", C. Cabbarlı), Şəfiyev ("Bu dünyanın adamları", Hidayət), Qara xaqan ("Özümüzü kəsən qılınc", B. Vahabzadə), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Baloğlan ("Almaz", Cəfər Cabbarlı), Niyaz ("Yaşar", Cəfər Cabbarlı).
Əli Nurzadə "Mənsur və Sitarə" (Mənsur), "Xatirələrdən gəlmiş qonaq" (Mənsur), "Ürək yaman şeydir" (Əjdər), "Qaçaq Süleyman" (Qaçaq Süleyman) və s. teletamaşalarda oynayıb.
2020-ci ildə Əli Nurun oğlu Baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub[2].