Əminə Ayyar qızı Cabbar (krımtat. Emine Ayar qızı Ceppar) və ya Əminə Ayyarovna Cabbarova (ukr. Еміне Айярівна Джапа́рова; 5 may 1983, Krasnodar[1]) — Krım tatarı mənşəli Ukrayna siyasi və dövlət xadimi, jurnalisti, Ukrayna Xarici İşlər nazirinin birinci müavini.[2]
Əminə Cabbar | |
---|---|
ukr. Еміне Айяровна Джапарова krımtat. Emine Ayar qızı Ceppar | |
Ukrayna Xarici İşlər nazirinin birinci müavini | |
Vəzifədədir | |
8 may 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1983 (41 yaş) |
Doğum yeri | |
Milliyyəti | Krım tatarı |
Təhsili | Kiyev Milli Universiteti |
İxtisası | beynəlxalq münasibətlər |
Fəaliyyəti | jurnalist, redaktor, televiziya aparıcısı, siyasətçi |
Atası | Ayyar Cabbarov |
Həyat yoldaşı | Lenur Nimetullayev |
Uşaqları |
İman Aləmsultan |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır.[3] Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır.[4]
Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir.[3] Cabbar 2008-ci ildə Niderlandın Klingendaal Beynəlxalq Münasibətlər İnstitutunda diplomatlar üçün təhsil proqramını bitirmişdir.[5]
Əminə Cabbar 2002–2003-cü illərdə Ukrayna Baş nazirinin humanitar məsələlər üzrə birinci müavininin xidmətində milli azlıqlar üzrə köməkçi kimi ictimai yerlərdə çalışmışdır. O, 2008-ci ilin martından 2010-cu ilin yanvarına qədər Ukrayna Xarici İşlər Nazirliyinin Mədəniyyət və Humanitar Əməkdaşlıq Departamentinin Sosial və Humanitar Məsələlər Departamentinin üçüncü katibi vəzifəsində attaşe vəzifəsində çalışmışdır. Cabbar 2015-ci ilin oktyabrından 2016-cı ilin aprelinə qədər Krımla bağlı informasiya siyasəti üzrə Ukrayna İnformasiya Siyasəti nazirinin müşaviri olmuşdur. O, 20 aprel 2016-cı ildə Ukrayna İnformasiya Siyasəti nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Cabbar 3 sentyabr 2019-cu il tarixində tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə vermişdir.[6]
2017-ci ilin oktyabrında "Dojd" telekanalının jurnalistləri Əminə Cabbar Krım Tatar Xalqı Məclisinin sədr müavinləri İlmi Umerov və Axtyom Çiyqozanın vəzifədən azad edilməsi ilə bağlı şərh istəmişdilər. Cabbar ukrayn dilində danışmağa başlamış, bundan sonra aparıcı Anna Monqayt onun sözünü kəsərək efirdə tərcüməçinin olmadığını izah etmiş və rus dilinə keçməyi xahiş etmişdir. Cabbar ukrayn dilində çıxışını davam etdirmiş və demişdir: "Üzr istəyirəm, amma mən dövlət rəsmisiyəm, ona görə də ukrayn dilində danışmalıyam. Bu mənim şüurlu seçimimdir. Xahiş edirəm dilimi anlayın".[7]
Cabbar 2019-cu il parlament seçkilərində "Qroysmanın Ukrayna Strategiyası" partiyasından bülletendə 4 nömrə ilə xalq deputatlığına namizəd olmuşdur.[8] O, 18 may 2020-ci ildən Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın birinci müavinidir.[9] Cabbar həmçinin, UNESCO üzrə Ukrayna Milli Komissiyasının rəhbəridir.[10] O, nazir müavini vəzifəsində "Krım Platforması" Krımın işğaldan azad edilməsi üzrə beynəlxalq koordinasiya mexanizminin təşviqi ilə fəal məşğul olur.[11][12]
Əminə Cabbar 2011-ci ildən jurnalistika ilə məşğuldur. O, 2011–2014-cü illərdə Krım tatarlarının ATR telekanalında verilişlərin, xüsusən də "Zaman" xəbərlərinin aparıcısı və müəllifi kimi fəaliyyət göstərmişdir. Cabbar həmçinin, "Sherfe fashion" moda sərgisinin və "PROkino" verilişinin müəllifi və aparıcısı olmuşdur. O, 2014-cü ildə videoredaktor, "Krım. Realii" saytının baş redaktorunun köməkçisi işləmişdir. Cabbar 2014-cü ilin fevralında "Radio Svoboda"da jurnalist kimi fəaliyyətə başlamışdır.
Əminə Cabbar Lenur Nimetullayev ilə evlənmişdir, lakin sonradan cütlük boşanmışdır. Onların iki qızı var – İman və Aləmsultan.[3]
2018-ci il üzrə gəlir bəyannaməsinə görə, Cabbar 556 min qrivna qazanmışdır. O, Kiyevdə 130 kvadratmetrlik mənzil kirayələyir. 2006-cı ildə buraxılmış "Audi A6" markalı avtomobildən istifadə edir. Alınan zaman avtomobilin qiyməti 145 min qrivna olmuşdur. Banklarda 684 dollar və 963 qrivna məbləğində əmanət qoymuşdur. Bəyannaməyə görə, onun nağd pulu yoxdur.[13] 2017-ci il üçün bəyannamədə Cabbarın həyat yoldaşının Krımda mənzili, həmçinin anbarı və iki qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir.[3] 2016-cı ildə Cabbar qiyməti 102 min 800 qrivna olan "Omega Seamaster Professional 300m/1000ft" qol saatını elan etmişdir. Onun sözlərinə görə, Küveytdə dünya xəbər agentliklərinin toplantısında olarkən Küveytin informasiya və gənclərlə iş üzrə naziri Şeyx Salman Sabah Salim Homud Sabah ukraynalı məmura bahalı hədiyyə təqdim etmişdir.[14]