Əmir Şərifəddin

Əmir Şərifəddin (ind. Amir Sjarifuddin Harahap, Amir Sjarifoeddin Harahap, 27 aprel 1907, Medan19 dekabr 1948, Surakarta) — İndoneziya siyasi xadimi.

Əmir Şərifəddin
ind. Amir Sjarifuddin Harahap
Şəxsi məlumatlar
Doğum tarixi 27 aprel 1907(1907-04-27)
Doğum yeri
Vəfat tarixi 19 dekabr 1948(1948-12-19) (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Partiya
Fəaliyyəti siyasətçi
Dini islam, xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30-cu illərdə Hollandiya müstəmləkə jandarmeriyasının Yavada, Sumatradaİndoneziyanın başqa adalarındakı hər bir şö'bəsinin seyfində belə və ya buna oxşar anget tapmaq olardı...

Hollandiya hakimiyyət orqanları 20-ci illərin ortalarında İndoneziya gənclərini tə'sir altına almaq məqsədilə İndoneziyalı tələbələri HaaqaAmsterdamın ali məktəblərində oxumağa geniş cəlb edirdilər. Lakin İndoneziya gənclərinin əksəriyyəti və ən yaxşı hissəsi həmişəki kimi Hollandiya hakimiyyətini əslində olduğu kimi müstəmləkəçi və zalim hesab edirdi.

1928-ci ildə Hollandiyadan qayıdan Şərifəddin ölkənin ictimai həyatında, vətənin azadlığı uğrunda mübarizədə fəal iştirak edir. Müxtəlif milli təşkilatlarda işləyən Şərifəddin Hollandiya müstəmləkəçiliyinə qəti və barışmaz düşmən olduğunu göstərmişdi. Qorxmazlıq, energiya, vətənin azadlığı işinə sədaqət xalq arasında Əmir adlandırılan Şərifəddinə ümumi hörmət və məhəbbət qazandırmışdı. Təbiidir ki, milli istiqlaliyyət uğrunda, xalqın səadəti uğrunda mübarizə Şərifəddini kommunistlərlə yaxınlaşdırmışdı. Həmin dövr kommunist partiyası qüvvələrinin möhkəmləndiyi, xalq arasında onun nüfuzunun artdığı dövr idi və partiyanın qeyri-leqal vəziyyətdə olması da buna maneçilik törətmirdi. İKP MK Şərifəddinin şöhrət və nüfuzunu nəzərə alıb ondan leqal işdə istifadə etmək qərarına gəldi. Əmir ölkənin bütün əsas milli təşkilatlarının müstəmləkəçiliyə qarşı, istiqlaliyyət uğrunda vahid mübarizə cəbhəsinə cəlb olunmasını müdafiə edən Qerindo (İndoneziya xalq hərəkatı) təşkilatının yaranmasında fəal iştirak edir. 1939-cu ilin mayında İndoneziyanın 8 siyasi partiyası və təşkilatı İndoneziya siyasi ittifaqını (İSİ) yaradırlar. İndoneziyaya öz müqəddəratını tə'yin etmək hüququ verilməsi «siyasi, iqtisadi və ictimai demokratiya» əsasında milli birlik yaradılması, demokratik yolla seçilmiş İndoneziya parlamenti yaradılması ittifaqın proqramına daxil idi. Əmir Şərifəddin bu ittifaqın rəhbərlərindən biri olur.

1939-cu ilin dekabrında İSİ İndoneziya Xalq konqresini çağırır. Konqresdə 90 müxtəlif milli partiya və təşkilatın nümayəndələri iştirak edirlər. Konqres ölkənin milli qüvvələrinin xalqa dərhal demokratik hüquqlar verilməsi şüarı altında birləşməsində böyük rol oynadı. Konqresin işində, onun qərarlarının həyata keçirilməsində isə Əmir Şərifəddin böyük rol oynamışdır. Konqres İndoneziya dilinin ümumxalq dili elan edilməsi qərarını, «Böyük İndoneziya» mahnısının–milli himnin mətnini və musiqisini bəyəndi. Qəbul edilmiş qətnamədə deyilirdi ki, ikinci dünya müharibəsinin başlanması İndoneziya üçün də qorxu təşkil edir. Qətnamə Hollandiya və İndoneziya xalqlarını yapon militarizminə qarşı mübarizədə həmkarlığa çağırırdı.

O vaxtın əsas problemini–Hollandiyanı təhdid edən alman faşizminə qarşı və İndoneziyanı təhdid edən yapon militarizminə qarşı mübarizə problemini nəzərə alan İndoneziyanın siyasi partiya və təşkilatları Hollandiya hakimiyyət orqanlarından tələb etdilər ki, indoneziyalılara Hollandiya konstitusiyası çərçivəsində muxtariyyat verilsin. Lakin Hollandiya hakimiyyət orqanları Hollandiya təslim olduqdan və İndoneziya ərazisi yapon qoşunları tərəfindən işğal edildikdən sonra da İndoneziya xalqına hər hansı siyasi müstəqillik verməkdən imtina etdilər.

Hollandiya müstəmləkəçilərinin belə mövqeyi Yaponiyanın İndoneziya xalqına «azadlıq» gətirməsi haqqında yaponların yaydıqları əfsanəyə İndoneziyanın bir sıra millətçi rəhbərlərinin inanmasına, şübhəsiz, kömək göstərdi. Təkcə İndoneziya Kommunist Partiyası qətiyyətlə yalançı yapon təbliğatına qarşı çıxır, xalqı işğalçılara müqavimət göstərməyə çağırırdı. Yaponiya işğal orqanları ilk vaxtlarda İndoneziya milli hərəkatı rəhbərlərinin qılığına girməyə çalışırdılar. Onlar «Asiya asiyalılar üçündür» şovinist şüarını təbliğ etməklə, həmin rəhbərlərin nüfuzundan istifadə edib öz mövqelərini möhkəmləndirməyə və cənub-şərqi Asiyada ekspansiyanı genişləndirməyə çalışırdılar. Hələ İndoneziya işğal edilməmişdən əvvəl ölkənin milli hərəkat rəhbərləri arasında Əmir Şərifəddinin böyük nüfuza malik olduğunu nəzərə alan yapon agentləri onu dəfələrlə pulla öz tərəflərinə çəkməyə çalışmışdılar. Yaponiya təbliğatına qarşı Şərifəddinin gündəlik, ardıcıl mübarizəsi və Yaponiya basqınına qarşı müqavimətin təşkili yapon agentlərinə onun cavabı idi; Əmir bütün qüvvəsini bu mübarizəyə sərf edirdi. Yapon qoşunu İndoneziyanı işğal etdi. Yapon kəşfiyyatı Şərifəddini axtarırdı. Şərifəddin isə İKP-nin tapşırığını yerinə yetirərək həyatını hər saat risq qarşısında qoymaqla sövdəgar tərzində ölkəni gəzir, adamları işğalçılara qarşı müqavimət hərəkatına cəlb edirdi. Onun tə'qib olunması hər an davam edirdi. Lakin xalqın hifz edib saxladığı Şərifəddin ələ keçmirdi. Yapon kəşfiyyatı nəhayət 1943-cü ildə Şərifəddini tutmağa müvəffəq olur. Ona on gün ərzində işgəncə verirlər. Heç bir nəticə əldə edə bilməyən yapon hakimiyyət orqapları Əmiri ölüm cəzasına məhkum edir. Bu xəbər həbsxanadan kənara çıxdı. İndoneziyalıların hiddət və qəzəbi o qədər qüvvətli idi ki, yapon cəlladları ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz etməli oldu. Əmir iki il həbsxanalar küncündə qaldı. İndoneziya vətənpərvərlərinin Əmiri həbsxanadan qaçıracağından qorxan yapon hakimiyyət orqanları onu bir həbsxanadan digərinə köçürürdü. Ancaq İndoneziyanın müstəqilliyi elan olunandan sonra, özü də bundan ancaq ay yarım keçmiş Əmir yaxasını həbsxanadan qurtarmağa müvəffəq olur. İstiqlaliyyət elan olunduqdan bir gün sbnra, 1945-ci il avqustun 18-də gənc respublikanın ilk konstitutusiyası qəbul edildi və Sukarno onun birinci prezidenti seçildi. Əmir Şərifəddin qiyabi surətdə məlumat naziri təyin edilmişdi. Həmin vaxtdan ta 1948-ci ilin əvvəlinə qədər Əmir İndoneziya hökumətinin bütün hey'ətlərinə daxil olmuşdur, müdafiə naziri, sonra isə baş nazir vəzifələrində işləmişdir. 1945-ci ildə o, tezliklə ölkədə ən nüfuzlu siyasi partiyalardan birinə çevrilmiş İndoneziya Sosialist Partiyasının rəhbərlərindən biri olur. Bu milli azadlıq inqilabının son dərəcə yüksəliş dövrü idi. İndoneziyanın Mərkəzi milli komitəsi (İMMK) avqustun 29-dan fəaliyyətə başladı, sonralar o, respublikanın müvəqqəti parlamentinə çevrildi və ölkənin müxtəlif siyasi partiyalarını və təşkilatlarını birləşdirdi. Kommunist partiyasının təşəbbüsü ilə İMMK-da sol partiyaların və təşkilatların qüdrətli bloku yarandı, kommunist, sosialist və fəhlə partiyaları, həmçinin bir çox başqa demokratik təşkilatlar həmin bloka daxil oldular. Respublikanın müstəmləkəçiləri tamamilə qovana qədər milli azadlıq mübarizəsini davam etdirməyi qarşısına məqsəd qoymuş bütün tərəqqipərvər və milli vətənpərvər qüvvələri, rəhbərlərindən biri Əmir Şərifəddin olan blokun ətrafında sıx birləşməyə başladılar. İndoneziya xalqının vətəni müdafiə etməsinə mane olan Hollandiya hakimiyyət orqanları nəyin bahasına olursa-olsun yaponların varisi olmağa çalışırdılar. Onlar özlərinin ən zəngin müstəmləkələrinin istiqlaliyyət elan etməsinə mane ola bilmədilər, lakin bu, o demək deyildi ki, öz iqtisadi mövqelərini itirməklə razılaşacaqdılar. 1945-ci il sentyabrın 29-da İngiltərə–Hollandiya qoşunlarının ilk dəstələri Yavaya çıxarıldı. Həmişə olduğu kimi bu dəfə də ingilis müstəmləkəçilərinin müdaxilə etmək üçün bəhanələri var idi. Leyborist Ettli hökuməti elan etmişdi ki, qoşunlarını təslim olan yapon ordusunun silahlarını qəbul etmək üçün göndərmişdir. Lakin həmin silahlar İndoneziya partizanlarının əlində idi və onu qanlı döyüşlər nəticəsində yapon işğalçılarından «qəbul» etmişdilər. Surabaya şəhərindəki ingilis qoşunlarının komandanı Menserd 1945-ci il sentyabrın 9-da silahı təhvil verməyi İndoneziyalılardan tələb etdi və qəti rədd cavabı aldı. Gənc respublikanın başının üstünü ölüm təhlükəsi aldığı həmin günlərdə İndoneziya xalqının silahlı qüvvələrinin başında müdafiə naziri tə'yin edilmiş Əmir Şərifəddnn dururdu. İndoneziya ordusunun döyüş qabiliyyətinin möhkəmləndirilməsi bütün milli-vətənpərvər qüvvələrin mərkəzi hökumət ətrafında birləşməsi ilə, imperialistlər tərəfindən şirnikləndirilən təfriqə hərəkatının ləğv olunması ilə möhkəm surətdə əlaqədar idi. 1946-cı ilin yazında Sumatrada adanın Yavadan ayrılması uğrunda hərəkat başlandıqda bir qrup siyasi xadim Əmir Şərifəddinin rəhbərliyi altında oraya yola düşdü. O, Sumatra təfriqəçilərinə tutduqları mövqelərin təhlükəli olduğunu səbir və tə'kidlə izah edir, onların şüarlarının milli qüvvələri parçalayıb xırdalamağa və onların birliyini yox etməyə çalışan imperializmin məqsədlərinə obyektiv xidmət etdiyindən danışırdı. Getdikləri hər yerdə–Medan, Bukitinqi və başqa şəhərlərdə–Şərifəddinin dəstəsi müvəffəqiyyət qazanırdı. Hollandiya müstəmləkəçilərinin İndoneziyada itirdikləri öz siyasi mövqelərini silah gücü ilə geri qaytarmaq cəhdləri bütün İndoneziya xalqının qəti müqavimətinə rast gəldi. Hollandiyalılar hərbi əməliyyata ara vermədən başqa çıxış yolları axtarmağa başladılar. Bütün şantaj və təzyiq vasitələrindən istifadə edən Hollandiya, İndoneziya hökumətini danışıqlara güzəştə getməyə və Linqacat müqaviləsini imzalamağa məcbur etdi. Müqavilə 1946-cı ilin noyabrında paraflandı. Həmin müqaviləyə görə respublika Yava, Madora və Sumatra adalarının ərazisində ancaq defakto hakimiyyəti kimi e'tiraf olunurdu. Vahid, mərkəzləşdirilmiş dövlət əvəzinə zorla federasiya qəbul etdirildi. Respublikadan başqa Hollandiyalıların Kalimantan adasında və İndoneziya arxipelaqının şərq hissəsində yaratdıqları oyuncaq dövlətlər də federasiyaya tam hüquqlu üzvlər kimi daxil olmalı idilər. Müqavilə Hollandiya hakimiyyətinin himayəsi altında Niderland–İndoneziya ittifaqı yaradılmasını nəzərdə tuturdu. Lakin bütün bunlar Hollandiya müstəmləkəçiləri üçün azlıq edirdi. Linqacat müqaviləsi 1947-ci ilinmartında rəsmi imzalandıqdan sonra onlar gənc respublikaya təzyiq göstərməyi davam etdirirdilər.1947-ci il mayın 27-də Hollandiya öz nəzarəti altında yeni İndoneziya hökuməti yaradılması tələbi ilə Sutan Şərir hökumətinə ultimatum verdi. Hökumətin polisi, xarici ticarəti və maliyyə işləri Hollandiya hakimiyyətinə tabe olmalı idi. Sağ sosialist bu tələbləri ğəbul etməyə hazır idi. Lakin İndoneziya xalqının iradəsini ifadə edən Şərifəddin qətiyyətlə Şəririn təslim olmaq siyasətinə qarşı çıxdı. Şərir hökuməti əfkari-ümumiyyənin təzyiqi altında iste'fa verdİ. Hokumət təşkili Əmir Şərifəddinə tapşırılmışdı. Yeni kabinetin yaradılması holland qoşunlarının bütün cəbhə boyu hücuma keçməsi ilə bir vaxta düşdü. Hücum cərəyanında onlar Cakarta, Semaranq, Surabaya şəhərləri də daxil olmaqla Yava ərazisinin üçdə ikisini işğal etməyə müvəffəq oldular. Ölkənin ancaq kiçik bir hissəsi respublika hökumətinin əlində qalmışdı. Müstəqil İndoneziyanın başının üstünü ölüm təhlükəsi almışdı. Yeni hökumətin ilk addımı Hollandiya ultimatumunu qəbul etməkdən boyun qaçırmaq oldu. Şərifəddin 1942-ci il iyulun 16-da Cokyakarta radiosundakı çıxışında hökumətin adından demişdi: «İndoneziya respublikası hökuməti öz məs'uliyyətini tamamilə başa düşərək Hollandiyanın tələblərini rədd etdi... Biz sülh və ədalət tərəfdarıyıq. Biz siyasi problemləri dinc vasitələrlə həll etməyə çalışdıq, lakin bu problemlərin həllini nəzərdə tutmayan Hollandiya tələbləri siyasətimizin yerinə yetirilməsinə mane oldu». Əmir respublikanın silahlı qüvvələrinə xitabən demişdir: «Biz milli vəhdəti və nizam–intizamı hər vasitə ilə möhkəmləndirməliyik. Ola bilsin ki, hollandiyalılar bundan sonra da provokasiyalar edəcəklər. Mə'lumdur ki, holland komandanlığı daim provokasiyalar düzəltmişdir və barışıq şərtlərini pozmuşdur. Buna görə də biz holland irticasının manevrlərinə Respublika vahid cəbhəsini möhkəmləndirməklə cavab verməliyik». Hollandiya qoşunlarının gənc respublikaya qarşı yeni hücumu öz azadlıq və istiqlaliyyətini müdafiə etmək əzmində olan İndoneziya xalqının qəzəb və hiddətinə səbəb oldu. İndoneziyanın bütün gənclər təşkilatlarını birləşdirən Gənclər konqresi 1947-ci il noyabrın 15-də bütün dünyanın demokratik gənclərinə çağırışla müraciət etdi. Çağırışda deyilirdi: «Söhbət azadlıq və istiqlaliyyət uğrunda, Hollandiya təcavüzkarlarına qarşı, müstəmləkəçilik müharibəsinə qarşı axıra qədər mübarizə etmək qərarına gəlmiş İndoneziya gənclərinin ölüm-dirim məsələsindən gedir. İndoneziya gəncləri bu şiddətli mübarizənin ön sıralarında gedirlər». Konqres bütün dünya gənclərini İndoneziya xalqının haqq işinin müdafiəsinə qalxmağa çağırırdı. İndoneziya sosialist gənclər konfransı respublikanın müdafiəsini möhkəmləndirmək, ölkənin holland təcavüzkarlarından ümumxalq müdafiəsini təşkil etmək haqqında, Şərifəddin hökumətinə hərtərəfli kömək göstərmək haqqında qərar qəbul etdi. Hollandiyalıların respublikaya qarşı yenidən geniş hücuma keçmək təhdidinə cavab olaraq İndoneziya həmkarlar ittifaqlarının rəhbəri Xartono demişdi ki, bütün fəhlələr möhkəm dayanacaqlar. Mütərəqqi İndoneziya Şərifəddinin ətrafında sıx birləşmişdi. Onun təşəbbüsü ilə müxtəlif partiyaların və təşkilatların çoxlu silahlı dəstələri qısa müddətdə İndoneziya milli ordusunun vahid komandanlığı altında birləşdi. İndoneziya ordusunun yeni hissələri təşkil edilir və cəbhəyə göndərilirdi. Şərifəddin əfkari-ümumiyyəni respublikanın müdafiəsinə səfərbər etməklə saysız-hesabsız mətbuat konfransları düzəldir və mütərəqqi bəşəriyyətə müraciət edirdi: «Xalqımız istiqlaliyyət uğrunda mübarizədə böyük qətiyyətə malikdir. Qarşıda bizi bir çox çətinliklər, qan tökülməsi və yeni qurbanlar gözlədiyini qabaqcadan görürük. Lakin bütün bunlara davam gətirmək üçün qüvvəmiz vardır. Bilirik ki, bu mübarizədə biz tək deyilik. Bütün dünyada milyonlarla namuslu adam bizim hərəkata rəğbət bəsləyir. Cənab jurnalistlər, öz qəzetlərinizdə bunlardan yazmağınızı xahiş edirəm...» İndoneziya xalqının öz istiqlaliyyəti uğrunda mübarizəsi bir çox ölkələrin zəhmətkeşlərinin dərin rəğbətinə səbəb oldu. Hindistanda, Hind–Çində, Malayyada, Avstraliyada, ərəb ölkələrində, ABŞ-da, Hollandiyada–hər yerdə demokratik ictimai təşkilatlar İndoneziya xalqının müdafiəsinə qalxır, ona kömək göstərirdilər. İngilis qoşunları tərkibində İndoneziyada olan bir çox hind əsgərləri qoşun getdikdən sonra orada qaldılar və könüllü korpus hüququnda İndoneziya respublika ordusunun sıralarına daxil oldular. Hindistan ictimai təşkilatları dəfələrlə İndoneziyaya həkimlər dəstəsi və dava-dərman göndərmişdi. Avstraliya həmkarlar təşkilatları 1947-ci ilin sentyabrında İndoneziyaya gedən Hollandiya gəmilərini boykot etmək qərarına gəldilər və Avstraliya hökumətindən tələb etdilər ki, Avstraliyadakı bütün Hollandiya bazalarını bağlasın. Ranqunda birmalı müsəlmanların Hollandiya təcavüzkarlığını pisləyən mitinqi oldu. Mitinq iştirakçıları İndoneziya xalqına kömək göstərməyi və'd etdilər. Malayya demokratik gənclər ittifaqı Hollandiya gəmilərinə boykot elan etdi və onların Sinqapura daxil olmasını qadağan etməyi hökumət orqanlarından tələb etdi.

1948-ci il dekabrın 19-da gecədən xeyli keçmiş Yava adasının şərqində yerləşən Nqaliyan kəndinə qoşun dəstələri gəldi. Bu, kənd sakinləri üçün adi bir hal idi: «madiun hadisələri» zamanı Xatta hökumətinin cəza dəstələri tez-tez bu rayonu kommunistlərdən və vətənpərvərlərdən təmizləyirdilər. Lakin həmin gecənin hadisəsi bütün İndoneziya və dünya əfkari-ümumiyyəsini sarsıtdı. Həmin gecə–dekabrın 19-dan 20-nə keçən gecə Hattanın əmri ilə başda MK siyasi bürosunun üzvü, İndoneziya respublikasının sabiq baş naziri Əmir Şərifəddin olmaqla İndoneziya Kommunist Partiyasının 11 görkəmli xadimi vəhşicəsinə öldürüldü. Siyasi büronun üzvləri Suripno, Xaryono, Sarcono, Darusman və başqaları onunla birlikdə həlak oldular...

  • Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh. 123-127.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]