Əntiqə Qonaq

Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008).[1]

Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı
Doğum tarixi (65 yaş)
Doğum yeri Xaçmaz rayonu, Maqsudkənd kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Həsən Məcidov
Şəhriyar Məcidov
Milliyyəti Azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Jurnalist
Fəaliyyət illəri 1984–h.h.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2008

Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir.

1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir.

1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.

İki oğlu var. Həsən Məcidov Türkiyənin Mersin Universitetinin Makina Mühəndisliyi fakültəsinin sonuncu kursunda təhsilini davam etdirir. Şəhriyar Məcidov əsgəri xidmət keçərkən aprel döyüşlərinin iştirakçısı olmuşdur. İdman sahəsi üzrə ixtisaslaşmışdır.

Qarabağın dağlıq hissəsinə erməni quldurlarının təcavüzü başlayan gündən jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olmuş, torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışmışdır. Xocalının soyqırımdan  əvvəlki vəziyyətində, Şuşada, Ağdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laşının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazağın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərədə, Tərtərin Dəmirçilər sovetliyinin Ağkənd, Cəmilli, Balakəngərli kəndlərində Leninavan, Yarımca, Seysulan, Marqoşevanda, Vəng yüksəkliyində, Kəlbəcərin Qılıclar, Hacıkənd, Kamo, Azad, Toğana, Dikyurd, Sarıyer, İstisu ərazilərində, Tərtərin…..Sarı olmuş və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazmışdır.  Ümumiyyətlə, 1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 1, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuş və burada şahidi olduğu hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanında çıxışlar etmişdir. Bundan başqa mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkmiş, şəhid ailələrinə maddi və mənəvi dayaq durmuşdur.

Milli qəhrəmanlardan Əliyar Əliyev, Elman Hüseynov, Vəzir Orucov, Alı Mustafayev, Şirin MirzəyevÇingiz Mustafayevlə şəxsən görüşüb döyüş yolları barədə məqalələr hazırlamışdır.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Respublikanın ictimai həyatında fəal iştirak edir. Respublika Qadınlar Cəmiyyətinin ictimai əsaslarla mətbuat xidmətinin rəhbəri kimi fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparmışlar. Onlarla şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırmış və həllinə nail olmuşdur. Bu günə qədər müharibənin ağrı-acısını qəlbində və həyatında daşıyan yüzlərlə insanla, onlarla ailəylə dostluq əlaqələrini davam etdirir, onların xeyir-şərində yanlarında olmağa çalışır. Respublikamızın bir qrup ictimaiyyətçi qadını ilə bərabər kimsəsizlər və qocalar evinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək onlara maddi və mənəvi dəstək olurlar. Məhz bu və ya digər xidmətlərinə görə BMT-nin Xoşməramlı Səfiri diplomuna layiq görülmüşdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

40 ilədək bir müddətdə müxtəlif  mətbuat orqanlarında 1000-dən çox publisistik məqaləsi- reportaj, xəbər, oçerk, esse, hekayə, resenziya, tənqidi qeydləri, köşə yazıları dərc olunub. Qarabağ savaşının müxtəlif epizodlarını canlandıran, cəbhə bölgələrindən yazdığı məqalələrdən ibarət 780 səhifəlik "Vətən, səndən keçmək olmaz!", "Vətən II kitab", Milli Qəhrəman mayor Elman Hüseynovun döyüş şücaətlərindən bəhs edən "Ölməzlik", "O bir qərib savaşçı" kitablarının müəllifidir.

Azərbaycan Jurnalistlər Birliyinin "Həsən Bəy Zərdabi" və "Salatın Əsgərova" mükafatlarının laureatı. "24 yaşdan asılmış ömür" öçerki Respublika Həmkarlar Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. "Bu günəş Türk üfüqlərində doğdu" məqaləsi Böyük Atatürk  haqqında yazılmış ən gözəl yazı müsabiqəsinin qalibi olub. Onlarla Fəxri Fərman və müxtəlif diplomlarla təltif olunmuşdur.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.

Qarabağ Müharibəsi Veteranı, Prezident təqaüdçüsüdür.

  • Qərib savaşçı (2024)
  • “44 günlük savaşın 444 cəngavəri (Xaçmazlı doyüşçülər)” adlı 3 cildlik kitab[2] (2023-2024)
  • Tarix yaradan şəxsiyyət (həmmüəllif) (2014)
  • "Vətən, Səndən keçmək olmaz" (2010)
  • "Ölməzlik" (2000)
  • "Vətən keçilməz" (2000)
  1. 1 2 "Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı" (az.). president.az. 27 sentyabr 2008. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-27.
  2. ""44 günlük savaşın 444 cəngavəri" kitabının təqdimatı – VİDEO". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]