Çingiz Mustafayev

Çingiz Fuad oğlu Mustafayev (29 avqust 196015 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.

Çingiz Mustafayev
Doğum tarixi 29 avqust 1960(1960-08-29)
Vəfat tarixi 15 iyun 1992(1992-06-15) (31 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Atası Fuad Mustafayev
Təhsili
Fəaliyyəti jurnalist, hərbi müxbir[d], dicey
Mükafatları "Qızıl Ulduz" medalı — 1992
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çingiz Mustafayevin əsasını qoyduğu "215 kl" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞAvropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.

Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.

Çingiz Mustafayevin Bakıda yaşadığı bina

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.[1] Əslən Şəkidəndir.[2] 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı.[1] O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil aldı.[3] Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.[1]

Özünü islahatçı-novator görən Ç. Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur.[4] O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaratmışdır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç. Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləmişdir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.[1]

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddət vaxtı Çingiz Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açmışdı. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanmışdır. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.[1]

1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur.[1]

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Çingiz Mustafayev Turqut Özaldan müsahibə alır.

1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin AmerikaAvropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.[1] Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.[5]

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.[6]

Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir.[1] Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır.[6] Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi "Görüş yerini dəyişmək olmaz" filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:

" Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi.[3] "

Xocalı faciəsi

[redaktə | mənbəni redaktə et]

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.[7]

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı.[6] Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.[8]

Çingiz Mustafayevin Bakıdakı Şəhidlər xiyabanında məzarı

1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.[3]

2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

" Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib.[9] "

2017-ci ildə Çingiz Mustafayev yoldaşı və bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən

" Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum.[10] "

Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın sabiq, ehtiyatda olan hərbi həkimi Ali Qurbanlının 2024-cü ildə verdiyi müsahibədən:[11]

" Çingiz Mustafayev hospitala gətiriləndə biz bütün hazırlıq işlərini görmüşdük. Ancaq o, bizim yanımıza çatdırılana qədər aldığı güllə yarasından həyatını itirmişdi - şəhid olmuşdu. ... İlkin baxışdan güllə yarasına oxşayırdı. Ancaq biz onu həm artıq həyatın itirdiyi üçün, həm də yaralılar çox olduğu üçün tam müayinə edə bilmədik. Böyük ehtimalla Çingiz Mustafayev qanaxmadan həyatını itirmişdi. Çünki onun yarası qarnının aşağı ətrafının üçdə bir hissəsində idi. Mənim yaddaşımda qalan bir güllə yarası almışdı. "

Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın mühafizə taqımının komandiri vəzifəsində xidmət etmiş İntiqam Əsədovun 2024-cü ildə verdiyi müsahibədən:[11]

" Vəziyyət gərgin olsa da biz təxliyə əməliyyatlarını dayandırmırdıq. Çingiz çox ağır şəraitdə - atəş pərdəsi altında götürüldü. Məsafə və yaranın güclü qanaxma yaşama ehtimalını sıfıra endirirdi. Mən sonradan Çingizin gətirildiyi qanlı xərəyi götürüb kənd ərazisində yerləşən Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində eksponat kimi saxladım. Çingiz Mustafayevi tibb xidmət mənsubları Elmidar Vəliyev və Gültəkin Əsgərova təxliyə etmişdilər. "

Elmidar Vəliyev və Gültəkin Əsgərova isə cəmi bir gün sonra, Naxçıvanlı kəndində qarşı tərəfin atdığı minaatan mərmisinin partlayışı nəticəsində həlak olublar. Gültəkin Əsgərova ölümündən sonra göstərdiyi xüsusi şücaətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına, Elmidar Vəliyev isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunublar.[11]

Çingiz Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.[12]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub.[13] Evli idi, Fuad adlı oğlu var.[14]

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və televiziya prodüseri Seyfulla Mustafayevin qardaşıdır.[14]

Çingiz Mustafayevin yaşadığı binada barelyefi

Bakıda yaşadığı binanın önündə barelyefi vurulub.[14] Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub.[14] Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.[14][15][16][17]

2010-cu il avqustun 28-də ABŞ-nin CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb.[18] Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.[18] 2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb.[19] 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.[20]

Çingiz zirvəsi

[redaktə | mənbəni redaktə et]

"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub.[21][22][22] Zirvədə onun adını daşıyan lövhə var.[21]

Çingiz Mustafayev adına Fond

[redaktə | mənbəni redaktə et]

1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Atası Fuad Mustafayev fondun prezidentidir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və "Çingiz Mustafayev" adına düşərgəyə yardım edib.[6]

1996-cı ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.

2004-cü ildə repçi Hüseyn Dərya "Oyan bəxtim" albomundan olan "Çingiz Mustafayev" mahnısını jurnalistə həsr edib.

  1. Adam cinsi arasında cins adam (qısametrajlı sənədli film)
  2. Azərbaycana namus və sevgiylə (film, 2006)
  3. Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
  4. Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
  5. Özgə ömür (film, 1987)
  6. Payızın 17 anı (film, 2007)
  7. Yaramaz (film, 1988)

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[23]

  1. 1 2 3 4 5 6 7 8 "Documenting the Horrors of Karabakh". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  2. "Çingiz Mustafayev necə şəhid olub? 10 fakt - Video". Axar.Az. 29 avq 2019. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  3. 1 2 3 "Vahid Mustafayev: "Çingiz və Mübariz: jurnalist və əsgərin şücaəti"". 2011-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  4. "Azərbaycanda rep". 2015-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  5. "Keçmiş deputat: "Heydər Əliyevə dedim ki, bizi ailəliklə Sibirə də göndərsəniz gedərik" — MÜSAHİBƏ". 2015-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  6. 1 2 3 4 "Çingiz Mustafayev −52: ömür yolu…". 2015-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  7. "İşğal altında qalan qəhrəman məzarına gül aparan erməni (FOTO-VİDEO) I və II hissələr". 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  8. "Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  9. ""Erməninin başını kəsdiyimiz bıçaq indi də məndədir…"".[ölü keçid]
  10. "Rasim Müzəffərli: "Çingiz Mustafayevin yarasını da görmüşəm, yaranın yerini də…" – VİDEO". medianews.az. medianews.az. 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2019.
  11. 1 2 3 "Çingiz Mustafayevin ölümündən 32 il ötür: Yaralı qəhrəmanın təxliyəsi necə həyata keçirilib?". Oxu.az (az.). 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-15.
  12. "ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib [Fotoqalereya]". 2015-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  13. "Nazir gəlini, nəhəng sənətkarın qızı: "Çingiz Mustafayevlə 4 il nişanlı olmuşam"". publika.az. publika.az. 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2017.
  14. 1 2 3 4 5 Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 220.
  15. "Azərbaycanda uşaqların istirahəti". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  16. "Deputatların sayı 150 olsun". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  17. "Çingiz vətənə qayıtdı (VİDEO)". 2014-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  18. 1 2 "CNN broadcasts Chingiz Mustafayev's documentary on Nagorno-Karabakh war". 2017-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  19. "В Германии выпущена почтовая марка, посвященная Чингизу Мустафаеву". 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-31.
  20. "Çingiz Mustafayev adına parkın açılışı oldu (VİDEO)". 2021-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  21. 1 2 "Çingiz Mustafayev zirvəsinə yürüş artıq ənənəyə çevrilib". 2015-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  22. 1 2 ""Çingiz zirvəsinə" yürüş başladı (VİDEO)". 2015-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  23. "S.Ə. Əsgərovaya, A. M. Mustafayevə və Ç. F. Mustafayevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2020.
  24. "Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü anıldı". www.moderator.az. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]