Ərzurum müqaviləsi — Osmanlı dövləti ilə İran ərazisində olan Qacar dövləti arasında imzalanan və 1821-1823-cü il Osmanlı-İran müharibəsini sona çatdıran sülh müqaviləsi.[1]
Ərzurum müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 1823 iyul |
İmzalanma yeri | Ərzurum |
Möhürlənməsi | 1823 iyul |
Qüvvəyə minməsi | |
• şərtləri | Müharibədən əvvəlki sərhədlər bərpa edildi. |
İmzalayanlar | Qacarlar tərəfindən Mirzə Məhəmməd Əli, Osmanlı tərəfindən Ərzurum valisi Rauf paşa |
Tərəflər | Osmanlı imperiyası, İran |
1514-1639-cu illər arasında Səfəvi-Osmanlı dövlətləri arasında baş verən müharibələr zamanı, sonralar isə 1727-ci ildə bağlanmış Həmədan müqaviləsi, Nadir xanla Osmanlılar arasındakı 1746-cı il Kürdan sülh müqaviləsi bu dövlətlər arasındakı münasibətləri, xüsusilə sərhəd məsələlərini tamamilə nizama sala bilmədi. İngiltərə və Fransa diplomatiyası 1804-1813-cü illər Rusiya-İran və 1806-1812-ci illər Rusiya-Osmanlı müharibələri zamanı İran və Osmanlı dövlətinin Rusiyaya qarşı ittifaqının yaradılmasına xüsusi cəhd göstərdi. İngiltərə 1810-cu ildə buna nail olsa da, bu uzun çəkmədi. Əksinə, İran-Osmanlı ziddiyyətləri 1821-1823-cü illərdə müharibəyə çevrildi. Müharibənin başlıca səbəbi tərəflər arasında sərhəd məsələsi olmuşdu. Bu səbəbin reallaşması üçün isə xeyli bəhanə yığılmışdı. Ərzurum paşası 1820-ci ildə İrandan qaçan tayfanı gizlətmiş, İranın tələbinə baxmayaraq, onu geri qaytarmaqdan imtina etmişdi. Мəkkə, Kərbəla və Nəcəf kimi müqəddəs yerlərə gedən zəvvarların şikayətləri, xüsusilə Fətəli şahın Мəkkəyə ziyarətə gedən hərəmlərindən birinin karvanında axtarışlar vəziyyəti daha da kəskinləşdirdi. İngiltərə ilə bağlanmış 1814-cü il müqaviləsindən sonra hərbi qüvvələrini yenidən quran İran onun sınaqdan keçirilməsi üçün də əlverişli məqam gözləyirdi. Osmanlı dövlətinin daxilində vəziyyətin mürəkkəbliyi, yunanlar içərisində və Valaxiyada üsyanlar İran üçün əlverişli məqam yaradırdı.
1813-cü ildə Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan və Qafqazda ruslara xeyli torpaq verən İranın Qacar xanədanı, bu torpaq itkilərini Osmanlılardan torpaq alaraq kompensasiya etmək istədiyi üçün, Avropalıların da qızışdırması ilə Bağdad və Şehrizor bölgələrinə hücumlar təşkil etdi. Sərhəd hadisələrinin və hücumların intensivləşməsi ilə II Mahmud İran dövlətinə müharibə elan etdi. Müharibənin ilk dövrü İran üçün uğurlu oldu. Osmanlı dövlətinin Cənubi Azərbaycanla bitişik rayonları, Bəyazid, həmçinin Süleymaniyyə İran tərəfindən tutuldu. 1822-ci ildə Kərkük, Mosul və digər şəhərlər də ələ keçirildi. Lakin İran-Osmanlı müharibəsi İngiltərənin mənafeyinə uyğun deyildi. Ona görə də bütün vasitələrdən istifadə edərək onun qarşısını almağa çalışırdı.
İran və Osmanlı dövlətlərinin bu müharibədə bir-birini zəiflətməsi Rusiyanın niyyətlərinə də uyğun idi. Bir tərəfdən İngiltərənin təzyiqi, digər tərəfdən isə İranın ətrafında baş verən üsyanlar və taun epidemiyası müharibənin dayandırılmasını sürətləndirdi. Osmanlı ordusunun gücünün yox olduğu bir zamanda İran ordusunda böyük vəba epidemiyası başladı. 1 iyun 1823-cü il tarixində Ərzurum müqaviləsi imzalanaraq müharibəyə son qoyuldu. Müqaviləni Fətəli şah və Abbas Mirzə adından Mirzə Məhəmməd Əli və Osmanlı sultanı Mahmud (1808-1839) adından Ərzurum qubernatoru və Osmanlı imperiyası şərq vilayətlərinin valisi Rauf paşa imzalamışdı.
Müqavilənin preambulasında iki ölkə arasındakı sərhədlər 1821-1823-cü illər İran-Osmanlı müharibəsindən əvvəl mövcud olduğu vəziyyətdə təsdiq olunur; müqaviləyə girən tərəflər arasındakı əbədi sülh bərpa olunduğu elan edilirdi; müharibə zamanı İran qoşunlarının tutduğu bütün Osmanlı vilayətləri bu müqavilə imzalandıqdan sonra 60 gün ərzində ona qaytarılmalı idi. Birinci maddədə müqaviləyə girən hər iki tərəf arasında daxili işlərə qarışmamaq haqqında təəhhüd müəyyən edilirdi. İkinci maddəyə görə İran təbəələrinə Мəkkə, Mədinə və Nəcəf zəvvarlarına adi halda olduğundan yuxarı hər hansı vergi və yığma qoyulmamalı idi. İran, həmçinin Osmanlı tacirləri idxal və ixrac olunan malların dəyərinin dörd faiz həcmində gömrük ödəməli idi. Osmanlı hökuməti İran zəvvarlarına dostcasına yanaşmalı və onlara heç bir maneə törətməməli idi. Üçüncü maddəyə görə Osmanlı sərhəd hakimiyyəti və müqavilənin bağlanması zamanı Osmanlı ərazisində olan heydərli və sibbiki tayfalarının Osmanlı-İran sərhədlərini keçməsinə mane olmağı öz üzərinə götürürdü. Bu tayfaların fəaliyyəti iki dövlət arasındakı ixtilafın başlıca səbəbi hesab edilirdi. Əgər qəbilələr İran ərazisinə hücumlar edərkən, Osmanlı sərhəd hakimiyyəti onlara maneçilik edə bilmirsə, onda Osmanlı hökuməti bu tayfalara hamiliyi kəsməli idi. Əgər onlar İran ərazisinə keçmək istəsələr, Osmanlı hökuməti onlara əngəl törətməməli idi. Dördüncü maddəyə əsasən əvvəlki konvensiyalara uyğun olaraq hər iki ölkənin fərariləri, eyni zamanda köçəri tayfalar içərisindən Osmanlıdan İrana və İrandan Türkiyəyə keçənlər bu və ya digər dövlət tərəfindən qəbul edilməməli, hamilikdə olmamalı idi. Beşinci maddə İstanbul və Osmanlının digər şəhərlərində malları sekvestr olunmuş tacirlərin və ya malları güclə alınmış İran sakinlərinin mallarının qaytarılmasını nəzərdə tuturdu. Altıncı maddə Osmanlıda ölmüş İran və ya İranda ölmüş Osmanlı təbəəsinin mallarının varislərinə qaytarılmasını tənzimləyirdi. Yeddinci maddə ilə hər üç ildən bir qarşılıqlı səfirlər mübadiləsi nəzərdə tutulurdu.