Əsgər Vaqif oğlu Hüseynov (23 dekabr 1998; Kortala, Balakən rayonu — 25 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi[1].
Əsgər Hüseynov | |
---|---|
Hüseynov Əsgər Vaqif oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1998 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 2020 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Vaqif Hüseynov |
Anası | Müslümət Hüseynova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Əsgər Hüseynov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub.[2]
2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb.
2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb.
Əsgər Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Əsgər Hüseynov oktyabrın 25-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Ailə üzvlərinin söylədiklərindən: "Əsgər hər kəslə yaxın münasibətlər qurardı, hər kəsin köməyinə çatardı. Böyük-kiçikli, hər kəsin sevimlisi idi. Evin tək oğlu idi. Hərbi xidmətə getmədən öncə, Vətənimizə, millətimizə qarşı olunan işgəncələrin, vəhşiliklərin, soyqırımların və Şəhid qardaşlarımızın qisasını alacağını, Vətən uğrunda, torpaq uğrunda Şəhid olacağını bildirirdi. Onun arzusu idi Şəhid olmaq..."
Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədovun dediklərindən: "Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxarib qoydu. Ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, aşağıdakıları söylədi: "Mən gedirəm 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki sən Şəhid olasan. Əgər gələ bilməsəm, erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə." Asif Məmmədov daha sonra bildirir ki, Əsgər tək məni yox, onlarla digər yaralı döyüş yoldaşımızı da xilas edib.