Əsrin Müqaviləsi

Əsrin müqaviləsi

Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti arasında Bakıda bağlanmış müqavilə.[1]

Müqavilənin bağlanması

[redaktə | mənbəni redaktə et]

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün "Əsrin müqaviləsi" adlandırılması sualına verilən cavablardan biri ola bilər.[2] "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiyə Petrolları" .şirkətinin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.[3]

"Əsrin müqaviləsi"nin ilk günləri

[redaktə | mənbəni redaktə et]

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur.

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsi

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı.

"Əsrin müqaviləsi"nin Azərbaycan iqtisadiyyatı üçün yaratdığı imkanlar

[redaktə | mənbəni redaktə et]

— respublikanın neft-qaz sənayesinə və infrastrukturuna əsaslı xərclər şəklində əhəmiyyətli investisiyaların təmin edilməsi;

— ölkənin neft-qaz sənayesinin uzun tarixi dövr ərzində yaradılmış maddi-texniki bazasından və istehsal potensialından tam istifadə edilməsi;

— dərin dəniz yataqlarının işlənilməsi üçün dünya təcrübəsinə uyğun olaraq yeni texnika və texnologiyanın cəlb edilməsi və mənimsənilməsi;

— istehsal müəssisələrinin, yardımçı obyektlər və infrastrukturun texniki təchizatının yaxşılaşdırılması;

— neft hasilatının müntəzəm olaraq artırılması və ölkənin Cənubi Qafqaz iqtisadiyyatında lider mövqe tutması;

— respublika iqtisadiyyatının və əhalisinin təbii qaza olan tələbatının tam ödənməsi, təbii qaz idxalının dayandırılması, regionun qonşu dövlətlərinə və Avropaya ixracına başlanması;

— magistral neft və qaz kəmərlərinin genişmiqyaslı tikintisinin həyata keçirilməsi, Azərbaycan neftinin və təbii qazının dünya bazarlarına etibarlı çıxışının təmin edilməsi;

— axtarış-qazma işlərinin həcminin kəskin şəkildə artırılması, Xəzər dənizinin Azərbaycan sektoru üçün yeni blokların və sahələrin perspektivlərinin, imkanlarının qiymətləndirilməsi;

— işçilərin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması, kadrların ixtisasının və istehsal standartlarının təkmilləşdirilməsi;

— respublikanın büdcəsinə xarici valyutanın daxil olmasının təmin edilməsi;

— dövlətə məxsus olan neftin satışından əldə edilən gəlirlər hesabına valyuta vəsaitlərinin toplanması üçün Dövlət Neft Fondunun yaradılması.[4]

Neft hasılatı üzrə "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr edilmiş marka

1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta sabiq prezident Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib.

Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə Azərbaycanda neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçmişdir.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50–475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50–700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında sabiq prezident Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

  1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
  2. Balamirzə Məmmədli. Heydər Əliyevin birinci prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri Vətən tarixşünaslığında. Geostrategiya, № 6 (78), 2023, s.64–71.
  3. Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  4. Алиев Н. Нефть и нефтяной фактор в экономике Азербайджана в XXI веке. Баку, 2010, 244стр.
  • Cabir Məmmədov. "Avrasiyanın islam dövlətləri". Bakı,2000.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]