On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir.
12 | |
---|---|
on iki | |
← 10 · 11 · 12 · 13 · 14 → | |
Faktorizasiya | 22· 3 |
Rum rəqəmi | XII |
İkili | 1100 |
Səkkizlik | 14 |
Onaltılıq | C |
Vikianbarda əlaqəli mediafayllar |
Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur. Bu on iki bürc ulduz üç və dörd saylarını özündə ehtiva edir. Belə ki, Qoç (əski adları: Quzu, Həməl), Buğa (əski adları: Ud, Sur), Əkizlər (əski adları: Ərəntir//Ərəntiz, Cövza), Xərçəng (əski adları: Quçuq, Sərətan), Şir (əski adları: Aslan, Əsəd), Qız (əski adları: Buğdabaşı - Başaq, Sünbül), Tərəzi (əski adları: Ülgü, Mizan), Əqrəb (əski ad: Çayan), Yay - Qövs-Kaman (əski adları: Göy, Qövs), Oğlaq (əski adı: Cədid), Dolça (əski adları: Köpək, Delv), Balıq (əski adı: Hut) adları daşıyan bu bürclərdən üçü yaz, üçü yay, üçü payız, üçü qış ulduzu adlanır. Məsələnin doğrudan da belə olmasını on birinci yüzilliyin möhtəşəm türk abidəsində - Yusif Balasaquninin "Kutadku biliq" ("Xoşbəxtlik bəxş edən elm") əsərində də görürük. Burada ilin fəsilləri (4), hər fəslin ayları (3) və on iki bürcün bu fəsillərə, aylara aidliyi belə verilib:
Quzu - yaz ulduzu, sonra Ud gəlir,
Ərəntir Quçuqla bir-birini itələyərək gəlirlər.
Bax, Aslanın qonşusu Buğdabaşıdır,
Sonra Ülgü, Çayan və yoldaşı Yay gəlir.
Ondan sonra Oğlaq, Köpək və Balıq gəlir.
Onlar doğanda göy üzü aydınlaşır.
Üçü yaz ulduzudur, üçü yay ulduzu,
Üçü payız ulduzu, üçü qış ulduzudur.
Bunlardan üçü od, üçü su, üçü yel,
Üçü torpaqdır, bunlardan dünya yaranıb.
Həm də burada bütün varlığın mövcudluğuna şərt sayılan dörd nəsnə - od, su, yel, torpaq da bilavasitə həmin on iki bürclə əlaqədə verilibdir. On iki sayı bir vaxtlar, ümumiyyətlə, sonuncu say olmaqla çoxluq bildirmiş və xoşbəxtlik simvolu hesab edilmişdir. On iki sayının bəzi islami məkanlarda məşhurlaşmasına on iki imam həqiqəti də az təsir göstərməyib. Hələ onu demirik ki, bu on iki imamın şərəfinə Şah İsmayıl Xətai döyüşçüləri öz papaqlarına qırmızı rəngli on iki zolaq tikərmişlər və bu səbəbdən də "Qızılbaşlar" adlanırmışlar.
On iki qədim insanların əqidəsində tamlaşmanı, bütövləşməni bildirirdi. Oğuz türklərinin adətincə, oğlanlar ömürlərinin ilk on iki ilini adlamaqla ova çıxmaq, yarışlarda iştirak etmək, evlənmək, dövlət işlərində iştirak etmək hüququ qazanırdılar və bu həddi aşmamış onlara ad qoyulmurdu. Azərbaycan xalqı on iki rəqəminin magik gücünü həmişə xeyirliliyə (uğurlara qapı açır) yozmuşdur.[1]
Riyaziyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |