28 May - Respublika Günü

1918-ci il iyunun 24-də hökumət qərarına əsasən qəbul olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı
Azərbaycan Xalq Cümhuriyyətinin, hal-hazırda isə Azərbaycan Respublikasının bayrağı

Müstəqillik Günü[1][2] və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.[3]

2019-cu ildə İstiqlaliyyət küçəsində keçirilən mərasim.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.[4]

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.

1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.[5]

İstiqlal Bəyannaməsi

[redaktə | mənbəni redaktə et]
Məhəmməd Əmin Rəsulzadə

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

Respublika Günü haqqında qanun

[redaktə | mənbəni redaktə et]

1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.

1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.[6] 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.[7]

28 may tarixi ABŞ-ın Nevada və Arizona ştatlarında, Vaşinqton və Qərbi Hollivud şəhərlərində Azərbaycanın müstəqillik günü elan edilmişdir.[8][9][10][11]

  1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 105. Bayram günləri". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.
  2. Xalq qəzeti, 24 may 2011 Arxivləşdirilib 11 mart 2016 at the Wayback Machine"Kaliforniyanın "Sonoma" qəzeti 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edən sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir"
  3. "Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  4. "Respublika günü". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  5. "Azərbaycanda 28 may – Respublika günüdür". 2010-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
  6. "28 may – Respublika Günü". 2011-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
  7. "Respublika Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
  8. "May 28 proclaimed as Azerbaijan National Day in Washington". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  9. "May 28 declares "Azerbaijani National Day" in the U.S., Nevada". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  10. "West Hollywood declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  11. "Arizona state declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.