Aşıq İxtiyar

Aşıq İxtiyarNaxçıvan aşıqlarından və sazbəndlərindən biridir.

Aşıq İxtiyar
(Seyidov İxtiyar Mircəfər oğlu)
Doğum tarixi (57 yaş)
Doğum yeri Şahbuz rayonunun Kükü kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Naxçıvan Dövlət Univeversiteti
Fəaliyyəti Sazbənd və aşıq

Aşığın həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Seyidov İxtiyar Mircəfər oğlu tanınmış Naxçıvanın aşıqlarından və sazəndələrindəndir. O, uzun müddət Naxçıvan Aşıqlar Birliyinin sədri olmuşdur. [1]

Aşıq İxtiyar 18 dekabr 1966-cı ildə Naxçıvanın Şahbuz rayonunun Kükü kəndində ziyalı iləsində doğulmuşdur. Orta məktəbdə oxuduğu illərdə saz sənətinə xüsusi həvəs göstərmiş, bu həvəs onu musiqi alətləri düzəltməyə, onların tarixi ilə maraqlanmağa sövq etmişdir.

Aşıq İxtiyar 1984-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, 1987-ci ildə hərbi xidmətini bitirmişdir. Daha sonra Naxçıvan Politexnik Texnikumuna daxil olmuş, 1989-cu ildə texnikumu bitirmişdir.

Aşıq İxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra saz aləti düzəltməklə məşğul olmuş və Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində saz ixtisası üzrə müəllim işləmişdir. Bu illərdə Aşıq İxtiyar qədim musiqi alətləri düzəltmək sahəsində mükəmməl sənətkar kimi tanınmış və Naxçıvanda onun “Əl işlərinin sərgisi” təşkil edilmişdir. Qədim musiqi alətləri, o cümlədən saz aləti düzəltmək sahəsindıki bacarıq və istedadına görə Aşıq İxtiyar mükafata layiq görülmüşdür.

1998-ci ildə İxtiyar Naxçıvan Dövlət Universitetinin “Musiqi təhsili” ixtisasına daxil olmuş, 2002-ci ildə həmin ixtisası bitirmişdir. Universitetdə təhsil alarkən Aşıq İxtiyar 1998-ci ildə Bakı şəhərində Alman-Azərbaycan mədəni əlaqələri ilə əlaqədar qədim musiqi alətləri üzrə keçirilən “Əl işlərinin sərgisi”ndə mükafata layiq görülmüşdür. 1999-cu ildə İxtiyar Bakı şəhərində keçirilən “Asiya bayramı” festivalında da saz mütəxəssisi kimi iştirak etmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin xətti ilə Türkiyənin Baykurd şəhərində keçirilən “Dədə Qorqud” festivalında da gənc aşıq kimi iştirak etmişdir. O, Aşıq Ruhsatinin anma günündə də saz havalarını ifa etmişdir.

Aşıq İxtiyar 2000-ci ildən Naxçıvan Musiqi Kollecində saz ixtisası müəllimi vəzifəsində çalışır. O, 2005-ci ildən bu kollecdə “Qədim musiqi alətləri” ansamblına rəhbərlik edir.

Aşıq İxtiyar aşıqların V qurultayının iştirakçısı olmuş, 25 dekabr 2009-cu ildə Naxçıvan Aşıqlar Birliyinin sədri vəzifəsinə seçilmişdir. Aşıq İxtiyar aşıqlar birliyinə rəhbərliyi dövründə Naxçıvanda, Bakıda və Türkiyədə bir çox konsertlər təşkil etmiş, el şairləri ilə görüşlər keçirmişdir.

Aşıq İxtiyar aşıq sənəti sahəsindəki xidmətlərinə və Naxçıvan MR Aşıqlar Birliyinə təşkilatçı sədrliyinə görə 2014-cü ildə döş nişanı ilə təltif olunmuşdur. Hazırda o, el aşığı kimi fəaliyyət göstərməklə yanaşı, qədim musiqi aləti olan sazın düzəldilməsi ilə də məşğul olur. O, bu sahədə ustad aşıqlardan məsləhətlər alaraq, onların təcrübələri və biliklərini öyrənib. Onun məsləhət aldığı ustad aşıqlardan biri də Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yaşamış Sərraf Qasım olub. Sərraf Qasım İxtiyara tanınmış sazbənd usta Xudu haqqında çox maraqlı söhbətlər edib və sazı necə düzəltməyin sirlərini ona öyrədib.

Aşıq İxtiyar həmçinin sazla yanaşı, cürə saz, bərbət, rud, ud, tənbur, ney, rübab, qopuz, çoğur, tütək, ovuc neyi, qanon, çəğanə, çəngi, balaban, simvolik tənbur kimi qədim musiqi alətlərini düzəldən bir sənətkar kimi tanınmışdır və bu musiqi alətlərinin düzəldilməsi ilə də məşğuldur. [2]

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]

Sazəndəlik və saz çalmaq sahəsindəki məharətinə görə Aşıq İxtiyarı şeir-sənət adamları yüksək qiymətləndirmiş, ona şeirlər həsr etmişlər. O cümlədən Naxçıvanın çağdaş aparıcı aşıq və şair nümayəndələrindən olan Sərraf Qasım öz sazlarından birini İxtiyar ustaya təmir elətdirərkən aşağıdakı “Ötsün baş-ayaq” adlı şeirini ona ithaf etmişdir:

Millət gözün tikib sənə, ay usta,
Elə düzəlt sazın ötsün baş-ayaq.
Alanda köksümə, sinəmin üstə,
Saz dil açsın, kama yetsin baş, ayaq.
Elə düzəlt sazın ötsün baş-ayaq.

Tuti dillə etsin naz çəmənində,
Aşiqi söylətsin yaz çəmənində.
Bülbülü oxutsun saz çəmənində,
Avazında dillər bitsin baş-ayaq,
Elə düzəlt sazın ötsün baş-ayaq.

"Yanıq Kərəmi"də huşa dalanda,
Şad eyləsin dərdli, qəmli olanda.
Sərraf Qasım sazda “Misri” çalanda,
Yağı düşmən ölsün, itsin baş-ayaq,
Elə düzəlt sazın ötsün baş-ayaq.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Aşıqlar Birliyi
  2. OZAN DÜNYASI dərgisi - № 3(10), 2012 – (səhifə 116-118) - Dərgiyə bax