Abşeronun daş yolları

Abşeronun daş yolları və ya Abşeronun araba yolları ― Abşeronda, Türkan, Hövsan, Nardaran, Dübəndi, Qala və Suraxanı kəndlərinin ətrafında yerləşir.

Abşeronun daş yolları
Ölkə
Yerləşir Böyük Zirə, Dübəndi, Qala, Suraxanı, Türkan, Hövsan, Nardaran

Haqqında[redaktə | mənbəni redaktə et]

Bu daş yolların təyinatı hələ də bütün dünya üçün sirr olaraq qalır. Tədqiqatçılar bununla bağlı müxtəlif versiyalar irəli sürürlər. Beynəlxalq elmi mənbələrdə bu daş yollar "araba yolları" kimi qeyd olunur. Lakin daş yolların bəzi parametrlərinə görə, o cümlədən cığırların sayına, dərinliyinə və enliyinin müxtəlifliyinə görə araba təkərləri üçün uyğun olmadığı ortaya çıxır. Hətta bəzi yerlərdə daş yolların yarım metrə qədər dərinliyi var. Bundan başqa daş yolların hansı tarixdə salınması ilə bağlı da müxtəlif fərziyyələr mövcuddur.


Abşeronun daş yolları[redaktə | mənbəni redaktə et]

Tarixdə[redaktə | mənbəni redaktə et]

Yazılı mənbələrdə Abşeronun daş yolları haqqında ilk məlumatı 1830-cu ildə Bakıda olmuş akademik Lents qeyd edib. Böyük Zirə adasını tədqiq edən o, qayaları yarıb iz salmış araba yollarını təsvir edir. Qeyd edir ki, daş yollar suyun içinədək Şıx kəndi, və ya Bakı buxtasının ən cənub nöqtəsi olan Şıx dilinə tərəf uzanır. [1]

Vaxtilə burada arxeoloji qrupda olan Abbasqulu ağa Bakıxanov da daş yollar haqqında yazıb. O yazır[1]:

" Bakı qəzasında Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərdə, eləcə də bəzi adalarda dənizə qədər uzanan təkərlərin izlərinin qalıqları qayalarda görünür. "

Tarixçi Sara Aşurbəyli də Bilgəh və Nardaran kəndlərinə yaxın yerləşən Ümid qayada dənizə doğru uzanan iki təkərli araba yollarının olduğunu qeyd edib.[1][2]

Haqqında[redaktə | mənbəni redaktə et]

XX əsrdə Hövsan və Türkan arasında yerləşən "Kurqan çölü"-ndə sonradan isə Dübəndi, Qala və Suraxanı ətrafında da bu yollar aşkarlandı. Deyilənə görə əvvəllər Bakıda Nazirlər Kabinetinin arxasındakı Şəlaləli parkda da bir neçə belə yol mövcud olub.[1] [3]

Abşerondakı daş yollar da Malta və Aralıq dənizinin ətrafında yerləşən daş yollar kimi qədim məzar və məbədlərin yerləşdiyi ərazilərin yaxınlığından keçir. Türkan ətrafındakı daş yollar arxeoloqlar tərəfindən e.ə. III-II minilliklərə aid edilən kurqanların və qədim yaşayış məskəni olan sahənin yanından keçir. Dübəndidəki daş yollar üzü Pirallahı adasına doğru uzanır. Eyni zamanda Nardaran pirinin və Bibiheybət ziyarətgahının yaxınlığında da eyni daş yollara rast gəlmək mümkündür. Qız qalasının yaxınlığında isə daş yolların yalnız qalıqlarını izləmək olur.[4]

Malta və Abşeron yolları arasında olan ümumi cəhətlərdən biri də odur ki hər iki yerdə daş yollar dənizə doğru uzanır. Aralıq dənizinin adaları və sahillərində olan daş yolların bəzi hissələri dənizə tərəf uzanaraq su altında qalır və dəniz dibində kifayət qədər böyük dərinliklərdə davam edir. Bu isə daş yolların dəniz və okeanların səviyyəsinin çox aşağı olduğu bir dövrdə yarandığını göstərir.[4] Bundan başqa həm Aralıq dənizində yerləşən həm də Xəzər dənizində yerləşən yolların oxşarlığı və eyni istiqamətdə uzanmaqları onların təxminən eyni dövrdə yaradıldıqlarına işarə verir. Maltalı tədqiqatçılar orada yerləşən yolların eramızdan əvvəl V-IV minilliklərdə yaradıldıqlarını qeyd ediblər.[5][1]

Daş yolların dağıdılması[redaktə | mənbəni redaktə et]

Bir neçə onillik ərzində Abşeronda hələ tam tədqiq edilməmiş, eləcə də bir çox kəşf edilməmiş daş yollar, bu yollardan xəəbərsiz olan insanlar tərəfindən, aparılan tikinti işlərinin və yaxud da ərazidə salınan daş karxanalarının işi nəticəsində məhv olublar. [6] Buna səbəb həm də bu yolların arxeoloji abidə kimi qeydiyyata alınmamağıdır.

“Kurqan çölü” və “Türkan yaşayış yeri” abidələrinin yaxınlığında yerləşən daş yollar 2022-ci ilin iyun ayında ərazidə iş aparan şirkət tərəfindən dağıdılıb. [7]

Daha sonra iyul ayında Azərbaycan Mədəniyyət naziri Anar Kərimov “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirərək abidələrin ciddi şəkildə qorunması ilə bağlı tapşırıqlar verib. Salamat qalmış daş yolların ətrafı çəpərlənib[8].

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Faiq Nəsibov, Vahid Şükürov. "Загадки истории: древние «каменные дороги» Абшерона" (rus). azerhistory.com. 20 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.
  2. Zümrüd Əliəşrəfova. Каменные дороги, обнаруженные на Абшероне. Bakı. səh. 2. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-07-04.
  3. Faiq Nəsibov, Vahid Şükürov. "Тайны каменных дорог Абшерона" (rus). day.az. 1 aprel 2021. 1 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.
  4. 1 2 Faiq Nəsibov. Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu, 2019. Bakı. 2019. səh. 131. Archived from the original on 2022-06-17. İstifadə tarixi: 2022-06-17.
  5. Abbas İslamov, Faiq Nəsibov. "Загадки каменных дорог" (rus). window2baku.com. 4 fevral 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.
  6. Abbas İslamov, Faiq Nəsibov. "Последние «скальные дороги» Апшерона" (rus). 1news.az. 7 iyun 2017. 3 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.
  7. "Türkandakı 5 min illik "Daş yollar" dağıdılıb - Video" (az.). qafqazinfo.az. 16 iyun 2022. 17 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.
  8. "Mədəniyyət naziri Anar Kərimov müdaxilə edilən tarixi abidəyə baxış keçirib" (az.). irs.gov.az. 13 iyul 2022. 11 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]