Adam Laksmanın Yaponiya səyahəti

"Ekaterina" gəmisinin Katsuraqava Hoşu tərəfindən çəkilmiş təsviri (1794).

Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792–1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi.

"Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, HakodateMatsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikovİvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır.

Nikolay Rezanovun 1804-cü ildə Naqasaki limanına daxil olmaq üçün cəhdinə qədər Yaponiyaya başqa bir rus ekspedisiyası göndərilməmişdir.

Adam Laksmanın naməlum bir yapon müəllif tərəfindən çəkilmiş təsviri (1793).

Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi. Çünki aynular rusların mümkün gəlişi haqqında danışırdılar və şimal torpaqlarını tədqiq edən Tokunay Moqami 1791-ci ildə bakufuya rusların gəlişi haqqında xəbər vermişdi.[1]

Rusların Nemuroya gəlişi barədə ilk hesabat bakufuya 1792-ci ilin noyabr-dekabr aylarında göndərilmişdir. Hesabatın müəllifi daymyo Miçihiro Matsumaenin oğlu Yunosuke Matsumae idi. Hesabatda ruslar tərəfindən gətirilmiş Daykokuya Kodayu və digər yapon dənizçilərin hekayəsi barədə məlumat verilmiş, onların artıq Matsumae klanı tərəfindən sorğu-sual edildikləri bildirilmişdir. Yunosuke Matsumaenin növbəti hesabatında rusların yapon dənizçiləri, məktubları və hədiyyələri Edoya aparmaq istədikləri, lakin artıq neçə müddətdir ki, Nemuroda gözlədikləri və növbəti ilin aprel-mayına qədər cavab gəlməzsə özlərinin Edoya getmək istədikləri qeyd olunmuşdu. Yunosuke Matsumae adamlarını göndərərək məsələnin razılaşma yolu ilə həll olunmasını istəmişdir.[2]

Bakufu Yunosukenin hesabatına bu cavabı vermişdir: "Yapon dənizçiləri Edoya gətir, rusları Nemuroda saxla, onlara düyüsake ver, nəzakətli ol, onlara qayğı və diqqətlə davran. Yapon dənizçiləri götürmək üçün mən [Matsudayra Sadanobu] Rokuemon İşikavaDayqaku Murakamini göndərəcəm".[2]

Edo rəsmiləri Yasuzo TanabeDenciro Takusaqava, eləcə də, onlara yoldaşlıq edən həkim Qenyan İmay Nemuroya səyahət edərkən ruslar barəsində narahat idilər. Hətta Nemuroya səyahət edən digər rəsmi Kumazo Suzuki Tuqolukova səyahətə çıxmazdan öncə özünü "ümidsiz" hiss etdiyini demişdir. Buna səbəb hollandların rusların amansızlıqları barədə danışdıqları hekayələr idi. Lakin Yasuzo Tanabe və Denciro Takusaqava ekspedisiya ilə tanış olduqdan sonra ruslar haqqında hökumətə müsbət xarakterli məktub yazmışdırlar.[3]

Laksman Edo şəhərindən rəsmilərin göndərilməsindən sonra matsumaelilərin onları ziyarət etməyi dayandırdıqlarını müşahidə etmişdir, çünki onlar mərkəzi hökumət tərəfindən xaricilərlə qanunsuz ünsiyyətlə ittiham edilməkdən narahat idilər. Laksman Matsumae şahzadəsinə təşəkkür etmək və hədiyyə vermək üçün görüşmək istəsə də, təklifi qəbul edilməmiş, hədiyyələri rəsmi bir şəxs vasitəsilə verilmişdir.[4]

Rus ekpedisiyası bakufu tərəfindən göndərilmiş rəsmilərlə görüşmək üçün Hakodate limanına gəlmiş və Matsumae şəhərinə çatmaq üçün burada quruya çıxmışdır.[2] Əvvəlcə rusların Hakodate əvəzinə Hokkaydonun cənub-şərqində yerləşən Edomo limanında lövbər atması planlaşdırılmışdı. Lakin yaponlar rusların razılaşmanı pozacaqlarından narahat olduqları üçün "Ekaterina" heyətinin bir yapon gəmisinə minməsini təklif etmişdirlər. Laksman bundan qəzəblənərək təklifi rədd etmişdir. Əvvəlcə duman, daha sonra əks tərəfdən əsən külək onların Edomo körfəzinə yaxınlaşmasına mane olmuşdur.[5]

Vasili Lovtsovun naməlum bir yapon müəllif tərəfindən çəkilmiş təsviri (1793).

"Ekaterina" gəmisi Hakodate limanına yola düşərkən top atəşi açaraq bu barədə yaponlara xəbər vermişdir. Matsumae rəsmilərindən biri hökumətə rusların top atəşi açması ilə bağlı narahatlığını bildirmişdir. Ruslar buna bir neçə izahat gətirsələr də, bir neçə gün sonra Laksman iki yapon gəmisinin onları səyahət boyunca izlədiyini müşahidə etmişdir.[5]

Ruslar Hakodatedə yerli daykan tərəfindən qarşılanmışdırlar. Laksman, yoldaşları və altı rəsmi şəxs yerli bir tacirin evinə yollanmışdılar. Ruslar burada təmizlənmiş və dəniz məhsullarına qonaq edildikdən sonra gəmiyə qayıtmışdırlar. Axşam yeməyində Laksmana gümüş, digər heyət üzvlərinə isə laklı hədiyyələr təklif olunmuşdur.[2]

Ruslar görüş yerinə Edo və Matsumae şəhərlərindən olan 16 rəsminin müşayiəti altında gəlmişdirlər; müşayiətçilərin ümumi sayı 450 nəfər idi. Laksman, naviqator Vasili Lovtsov və Oxot komendantının oğlu Vasili Kox norimono vasitəsilə, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikovİvan Polnomoşnyi, eləcə də, daha beş rus isə at belində səyahət etmişdirlər. Səyahət boyunca onlar bir neçə dəfə dayanmış və gecəni yerli sakinlərin evlərində keçirmişdirlər.[2] Rusların qaldıqları evlərə "rus evi" lövhəsi vurulmuşdu.[3] Missiya Matsumae şəhərində çatanda yerli sakinlər ruslara böyük maraq göstərirdilər.[5]

Yaponlar rusların rahat hiss etməsini təmin etmək üçün qaldıqları evi Avropa üslubunda bəzəmişdilər. Hətta yapon rəsmilərlə görüşlərin birində Laksman qeyd etmişdi ki, "stullar bizim üçün xüsusi olaraq hazırlanmışdı". Rus qonaqları üçün təşkil edilən Matsuamedəki evin stolları, skamyaları, yataqları olsa da, döşəmə matı yox idi. Görüşlər zamanı yaponlar ruslara demişdilər ki, ayaqqabılarını çıxarmalı və dizi üstə oturmalıdırlar. Lakin Laksman buna qarşı çıxmış, tərəflərin öz ənənələrinə uyğun şəkildə oturmalı olduqlarını qeyd etmişdi. Buna görə də yaponlar bununla bağlı ruslara təzyiq etməmiş, hətta bəzi yaponlar görüşlərin birinci günündə rusların ənənəsinə uyğun şəkildə tatami əvəzinə stulda əyləşmişdirlər. Görüşlərin ikinci günündə metsukelər Laksmana yaxınlaşaraq İvan Alferyeviç Pilin adından verilən hədiyyələrə görə ona təşəkkürlərini bildirmişdirlər.[3] Görüşlərin birinci günündə ruslarla yaponlar arasında 8,5 metr məsafə var idi.[3]

Məhdudiyyətlər

[redaktə | mənbəni redaktə et]
Ruslar tərəfindən Yaponiyaya qaytarılan iki yapon: Daykokuya Kodayu və İsokiçi (1792).

Ruslar Yaponiyada səyahət edərkən hökumət tərəfindən onlara bir sıra qadağalar və məhdudiyyətlər tətbiq olunmuşdu. Rusların yerli sakinlərlə görüşmələri qadağan idi. Laksmanın sözlərinə görə bir çox yapon qayıqlarla "Ekaterina" gəmisinə yaxınlaşaraq göyərtəyə çıxmaq istəyir, lakin yapon rəsmilər dəmir çubuqlar, taxtalar ilə onları döyərək uzaqlaşdırırdılar.[5]

Matsumaedə yerli sakinlərlə ruslar arasında ünsiyyətin qarşısını almaq üçün qaldıqları evin ətrafı çəpərlənmiş, darvazasına isə 60 nəfərdən ibarət mühafizə dəstəsi qoyulmuşdu. Ekspedisiya üzvləri Hakodatedə sərbəst şəkildə hərəkət edə bilmirdilər. Sadəcə Laksman bir rəsminin müşayiəti altında Hameda qəsəbəsinin yaxınlığındakı şimal sahilini görə bilmişdi. Ruslara sahildə paltar yumağa belə icazə yox idi.[5]

Ruslar gətirdikləri malları nümayiş etdirmək və ticarət müzakirəsi başlatmaq cəhdləri də uğursuzluqla nəticələnmişdir. Yaponlar onlara ticarət üçün bakufunun xüsusi icazəsinin lazım olduğunu və öhdəlikdə edəcəkləri hər hansı səhvin həyatları bahasına başa çata biləcəyini bildirmişdilər.[4]

1789-cu ildə Kunaşir adasında baş verən aynu üsyanı səbəbilə matsumaelilər rusların aynularla yaxın əlaqələr qurmalarından narahat idilər. Yapon rəsmilər bunun qarşısını almaq üçün qışı Nemuroda keçirmişdirlər. Ruslarla aynular arasında mümkün ünsiyyəti araşdırmaq 1792-ci ilin dekabrında Matsumaeyə gəlmiş Kumazo Suzuki və həkim Kenqo Katoya tapşırılmışdı.[4]

Matsumaedə baş tutan danışıqlardan sonra yaponlar ruslara iki sənəd təqdim etmişdirlər. Birinci sənəd bir rus gəmisinin Naqasaki limanına daxil olmasına icazə verən sənəd idi.[6] İkincisi isə rus dilində "Yaponiya dövlətini ziyarət edən xarici gəmilər haqqında əlahəzrət Tenzin-Kubo tərəfindən imzalanmış siyahı" adlanan "formal xəbərdarlıq" idi. Bu sənəddə qeyd olunurdu ki, Yaponiya qanunlarına görə xarici gəmilər Naqasaki limanından başqa bir yerdə lövbər ata bilməzlər və bunun üçün əvvəlcə xüsusi icazə almalıdırlar.[6] Həmçinin qeyd olunurdu ki, iki dövlət bir-birini yaxşı tanımadığı üçün diplomatik əlaqələr qura bilməzlər; əgər ruslar bu qaydalara əmək etməsələr yaponlar problemi şiddət yolu ilə həll edəcəklər.[7]

1791-ci ildə qəbul edilmiş qanuna görə Yaponiya ilə diplomatik əlaqəsi olmayan ölkələrin gəmisi Yaponiya sahillərinə yaxınlaşarsa hökumət bu gəmiyə əl qoymalı idi.[6][8] Lakin qəzaya uğramış yapon dənizçiləri gətirdiklərini nəzərə alan yaponlar ruslara güzəşt etmək qərarına gəlmiş, lakin bir daha ölkəyə buraxmayacaqlarını bildirmişdilər.[6]

Laksman icazə sənədindən istifadə etməsə də, özü ilə Rusiyaya aparmış, növbəti illərdə Naqasakiyə səyahət edərək bu icazəni sınaqdan keçirməyi planlaşdırmışdı. Lakin atası Erik Laksman, İmperatriça Yekaterina, eləcə də, Yaponiya ekspedisiyasını maliyyələşdirən səyyah Qriqori Şelixovun ölümü Naqasaki icazəsinin sınaqdan keçirilməsini təxirə salmışdır. Şelixovun kürəkəni olan Nikolay Rezanovun Naqasakiyə daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa heç bir rus Yaponiyaya səyahət etməmişdir.[9]

  1. Shchepkin. səh. 149
  2. 1 2 3 4 5 Shchepkin. səh. 150
  3. 1 2 3 4 Shchepkin. səh. 151
  4. 1 2 3 Shchepkin. səh. 153
  5. 1 2 3 4 5 Shchepkin. səh. 152
  6. 1 2 3 4 Shchepkin. səh. 154
  7. Shchepkin. səh. 155
  8. Shchepkin. səh. 156
  9. Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild. Tokio: Kodansha. 1983. səh. 372. ISBN 0-87011-624-7. İstifadə tarixi: 9 iyun 2022.
  • Shchepkin, Vasiliy Vladimirovich; Kartashov, Kirill Mikhailovich. "Ritual and Law: Reception of Adam Laxman's expedition in Japan". Russian Japanology Review. 1. 2018: 149–158.