Ayaqqabı

Oksford üslubunda ayaqqabı
XII əsrə aid səndəllər
İdman üslubunda ayaqqabı
Mokasin tipli ayaqqabı
Çəkmələr

Ayaqqabı və ya başmaq — ayağı fiziki zədələnmələrdən və soyuqdan qorumaq üçün nəzərdə tutulan geyim növüdür.[1]

Ayaqqabının 7 min illik tarixi var. Ayağı zərərli xarici təsirlərdən qoruyan geyim növüdür. İnsan ən erkən inkişaf mərhələsində ayaqqabıya oxşar əşyalardan istifadə etmişlər. Paleolit dövründə ehtimal ki, ayaqabı əvəzinə ayağa xam dəri, yaxud gön dolamışlar. Dağlıq Altayda təqribən e.ə. 5-ci əsrdə dəri və keçədən hazırlanmış ayaqqabı geymişlər. Ayaqqabının növləri təbii coğrafi şəraitdən, başlıcası isə insanların təsərrüfat məşğuliyyətlərindən asılı olmuşdur. Azərbaycanda da ayaqqabıdan ən qədim zamanlardan istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən e.ə. 8–11-ci əsrlərə aid Qafqaz uzunboğaz çəkmələrinə oxşar, gildən hazırlanmış qablar tapılmışdır. Ayaqqabı formasında olan belə qablar Qızılvəngdə, Xanlarda (Azərb. SSR), Gürcüstanda və Şimali Qafqazda da aşkar edilmişdir.

Ayaqqabıdan istifadə yerinə (məişət, istehsalat, idman, ortopediya), formasına (uzunboğaz çəkmə, çəkmə, tufli, səndəl), materialına (dəri, rezin və keçə, kombinə edilmiş material, toxunma və süni materialdan hazırlanan) və altlığın üzlüyə bərkidilməsi üsuluna (köbəli, yapışdırılmış, mıxlanmış, isti vulkanlaşdırılmış, ikisaplı və s.) görə müxtəlif qruplara ayrılır. Ayaqqabının rahatlığı onun nömrə və formasının ayağının ölçüsünə uyğunluğu ilə, ayaqqabının ölçüsü və ya nömrəsi isə qəlibin uzunluğu ilə müəyyən edilir. Bu, ştixmas (qəlibin və ayağın altını ölçən lent) sistemində ştix (1 ştix 2/3 sm), metrik sistemdə sm ilə göstərilir. SSRİ-də ayaqqabıların nömrələnməsində əvvəllər ştrixmas sistemi işlədilirdi. 1967-ci ildən metrik sistemə keçilmişdir. Bu sistemdə yanaşı nömrəli ayaqqabılar bir-birindən 0,5 sm fərqlənir.

Ayaqqabılar əsasən üzlük və altlıqdan ibarətdir. Altlıq — gön, rezin, süni dəri, taxta və plastik kütlə, üzlük isə yumşaq dəri, meşin, tumac, şevro, xrom, toxuma və süni materiallardan (kirza, şarqolin, süni zamşa) olur. Süni material ayaqqabının hazırlanma prosesini sadələşdirir, çeşidini artırır, keyfiyyətini yüksəldir. Məsələn: altlıq üçün işlədilən rezin 3–4 dəfə göndən yüngül, həm də 1,5–2 dəfə davamlı olur. Ayaqqabı istehsalı prosesi — materialın biçilməsi, hissələrin hazırlanma, quraşdırılma, bitişdirilmə və qəliblənməsi, üzlüyə bərkidilməsi, habelə hazır ayaqqabıya bəzək vurulmasından ibarətdir. İsti vulkanlaşdırılma üsulu ilə xam rezin qarışığından altlıq və dabanın qəliblənməsi, üzlüyə bərkidilməsi əməliyyatları eyni vaxtda aparılır. Bu üsul ayaqqabı istehsalını yüksək dərəcədə mexanikləşdirməyə və avtomatlaşdırmağa imkan verir. Ancaq son illər ayaqqabıdan ayaqları qorumaq üçün yox, gözəl və ya hündürboylu görünmək üçün istifadə edirlər.[2]

XIX–XX əsrin əvvəlində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud idi. Azərbaycanlılar, xüsusən kəndlilər arasında ən çox yayılmış ayaqqabı növü – çarıqlar idi ki, onlar ya iribuynuzlu qaramalın xam, kəndlilərin özlərinin emal etdiyi dərisindən (gönündən), ya da daha mükəmməl üsulla emal olunmuş dəridən – aşılanmış göndən tikilirdi.

  • Oksford
  • Derbi
  • Loufer
  • Brogi
  • Top-sayder
  • Dezert
  • Ked
  • Slipon
  • Mokasin
  • Espadril

Pinəçi — Ayaqqabı təmir etməklə məşğul olan adamdır. Pinəçilik çox qədim sənət hesab olunur. Pinəçilik müasir dövrdə azalsa da, hələ də varlığını qoruyur.

  1. "Zəncirlər və toqqa ilə ayaqqabı xüsusiyyətləri". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.
  2. Hündür dabanlı ayaqqabıların insan səhhətinə təsiri [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]