Adil Qüdrətoğlu (tam adı: Adil Qüdrət oğlu Abdullayev; 6 yanvar 1950, Zərdab rayonu, Əlvənd kəndi) — azərbaycanlı yazıçı, publisist, pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2008), "Qızıl Qələm" mükafatı laureatı (2007), "Əməkdar mədəniyyət işçisi" (2010),[1] "Gənclik" dövlət nəşriyyatının direktoru (2006-cı ildən), realfakt.az internet media saytının təsisçisi (2012) və baş redaktoru.[1][2][3][4]
Adil Qüdrətoğlu | |
---|---|
Adil Qüdrət oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Əlvənd, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, naşir, jurnalist, publisist, pedaqoq |
Janrlar | nəsr, publisistika, elmi tədqiqat |
realfakt.az |
Adil Abdullayev 1950-ci il yanvarın 6-da Azərbaycanda Zərdab rayonunun Əlvənd kəndində müəllim ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra uşaq və yeniyetmələr üçün yaradıcılıq təşkilatında baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır (1967–1968).[2][3]
1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. 1974–1976-cı illərdə Əlvənd kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra, A.Abdullayev, Bakıda 1 saylı mətbəədə mütəxəssis (1977), Azərbaycan Dövlət Nəşriyyatında oxucu, korrektor, kiçik redaktor, redaktor, böyük redaktor (1977–1985), ictimai-siyasi ədəbiyyat redaksiyasında müdir (1986) vəzifəsində işləmişdir.[3]
1986–1988-ci illərdə təhsilini Ali Partiya məktəbində davam etdirmişdir.[3]
2006–2020-ci tədris illərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin baş müəllimi, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbu orqanı olan "Sənət dünyası" qəzetinin baş redaktoru olmuşdur.[5]
1998–2006-cı illərdə "Gənclik" dövlət nəşriyyatında direktor müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən hal-hazırkı dövrədək "Gənclik" dövlət nəşriyyatının direktorudur.[2][3]
Evlidir, iki övladı var.
Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk əsəri 1960-cı ildə "Pambıqçı" rayon qəzetində işıq üzü görmüşdür. Bundan başqa, o, dövri mətbuatda hekayə, oçerk və məqalələrlə çıxış etmişdir. Uşaqlar üçün bir sıra maraqlı kitablar onun tərtibi, ön sözü ilə kütləvi tirajla nəşr olunmuşdur. Həmçinin o, bir sıra dərslik, dərs vəsaiti, tədris proqramı, monoqrafiya və sairə elmi əsərlərin də müəllifidir.