Afrika rəqsləri - Özündə qədim və zəngin tarixi daşıyan, Afrika qitəsində yaşayan xalqları əhatə edən rəqslər.
Afrika rəqsləri haqqında ilk təsəvvürü Böyük Səhranın və Cənubi Afrikanın dağ massivlərindəki qayaüstü rəsmlər yaradır. Heyvan dərisi geymiş, buynuzlu, fil və ya antilop maskalı rəqs edən adamlar və fantastik məxluqlar, çox güman ki, müalicə ayinlərini əks etdirirdi. Müasir Afrika xalqlarının rəqsləri xor ifası, müxtəlif musiqi alətləri, əsasən, zərb alətləri ilə müşayiət olunur. İfaçılar, adətən xüsusi geyimdən, taxta ayaqlardan, zınqırovlardan istifadə edirlər. Ənənəvi rəqslər ovçuluq, əkinçilik, şaman mərasimlərinə daxildir və bunlar əcdadlara hörmət kimi qəbul edilir. Ayinin tipi, bir qayda olaraq, rəqsin xarakterini müəyyənləşdirir. Ovçuluq ayinlərinin iştirakçıları vəhşi heyvanların hərəkətlərini təqlid edir, onlar kimi səslər çıxarır; yağışın yağmasını arzulayan ayin iştirakçıları öz hərəkətləri ilə uçan buludları təsvir edirlər.
Bir çox xalqlarda əkin sahələrini ziyanvericilərdən qorumaq məqsədi ilə keçirilən quşlar rəqsi, təbiətə şükranlıq rəqsləri geniş yayılmışdır. Silahla ifa olunan bəzi rəqslər döyüşçü ayinləri ilə bağlıdır. Ən mürəkkəb rəqslər əcdadların kultu ilə əlaqədardır. Rəqslərin hazırlanmasına, adətən, vaxt tələb olunur. Ayrı-ayrı rəqslərdə yüzlərlə rəqqas iştirak edir, aparıcı ifaçı mahnı oxuyaraq rəqsin tempini sürətləndirir və tətdricən ritmi mürəkkəbləşdirir. Rəqslər gender, yaxud peşəkarlıq əlamətləri ilə seçilir. Afrikanın bəzi ölkələrində peşəkar rəqqaslar fəaliyyət göstərir. Ruandada intore adlı peşəkar rəqssalar insitutu mövcuddur. Ənənəvi Afrika rəqsləri müasir Avropa və Amerika xoreoqrafiyasına təsir göstərmişdir.