Afrika musiqisi - Afrika qitəsində yaşayan xalqların musiqisini və sənət yaradıcılıqlarını əhatə edir. Afrika musiqisi, qitənin bölgələrinə uyğun olaraq bir necə qrupa bölünür və hər bir qrupun bədii inkişaf prosesləri digərindən fərqlidir. Şimali Afrika, Tropik Afrikası, Mərkəzi Afrika, Cənubi Afrika və Madaqaskar kimi bölgələrin musiqisi tarixən müstəqil inkişaf yolu keçmişdir.
Şimali Afrika musiqisi 2 əsas qoldan – bərbər və ərəb qollarından ibarətdir. Bərbərlərin sinkretik mədəniyyətində əsas yeri xorla solistlərin deyişmə formalı oxumaları tutur, musiqi alətləri arasında membrano fonlar üstünlük təşkil edir. Kişilərə və qadınlara məxsus musiqi janrları və alətləri bir-birindən fərqlənir. Ərəb musiqisinin əsas növləri bütün ərəb-müsəlman dünyasının ənənələrinə yaxındır; dini musiqi janrları geniş yayılmışdır. Məğrib ölkələrində yüksək melodik zənginliyi ilə seçilən azanı misal göstərmək olar. Afrika ərəblərinin instrumental musiqisində klassik peşəkar janr olan nuba xüsusi yer tutur. Taba adlanan məqam sisteminə ümumərəbladları ilə yanaşı məğribladları və ritmik formulları da daxildir. Bərbər və ərəb-türk musiqisininin elementlərini birləşdirən şaabi janrı da geniş yayılmışdır. Spesifik alətlərdən Mavritaniya arfasını və udu göstərmək olar.
Tropik Afrika musiqisinin tarixi-etnoqrafik bölgüsü
Tropik Afrika musiqisi sinkretik mədəniyyət tipi üçün səciyyəvi olan bir sıra ümumi cizgiləri özündə birləşdirir. Bu cizgilərə ictimai həyatın müxtəlif sahələrində, o cümlədən mərasimlər zamanı musiqi alətlərində ifanın, eləcə də vokal ifanın üstün rolu, musiqinin yüksək ənənəli peşəkar musiqiyə və folklor musiqisinə ayrılması, musiqidə kişi və qadın ənənələrinin fərqlənməsini misal göstərmək olar. Musiqinin arxaik formaları da (ov mərasimləri və gizli cəmiyyətlərin ayinləri) qorunub saxlanılır. Əsasən, zərb və səs effekti yaradan alətlərin üstünlük təşkil etdiyi vokal-instrumental və instrumental ansambllar inkişaf etmişdir. Spesifik çalğı aləti olan lamellafonlara yalnız Tropik Afrikada rast gəlinir. Musiqi təşkilinin mühüm prinsiplərindən biri ostinatodur.
Səciyyəvi cəhətlərdən biri də təksəsli, həmçinin çoxsəsli ifanın mövcudluğudur. Ənənəvi musiqiyə dünyəvi və dini ərəb musiqisinin böyük təsiri olmuşdur. Xristianlığın təsirinə məruz qalmış xalqlarda qarışıq musiqi növü meydana gəlmişdir. Tropik Afrika musiqisi yerli üslubların müxtəlifliyi ilə səciyyələnir ki, bu da onun ərazisinin 6 tarixi-etnoqrafik vilayətlərə bölünməsindən irəli gəlir. Tərkib etibarilə ən mürəkkəb və rəngarəng musiqi Qərbi Afrikaya məxsusdur; burada musiqiyə insanlarla ruhlar dünyası arasında vasitəçi kimi baxılır. Səsə sehrli qüvvə kimi yanaşma gizli cəmiyyətlərin və musiqi atributlarından istifadə edən cadugərlərin təcrübəsində aydın ifadə olunur. İcma musiqisi çox saylı əmək, ov və təqvim mahnıları ilə seçilir. Dəfn mərasiminə aid mahnılar, hərbi musiqi, ruhlara sitayiş kimi musiqilər geniş yayılmışdır.
Mərasim tamaşaları gürultulu zərb alətləri ilə müşayiət olunaraq maskaradlara və gecə rəqslərinə transformasiya edilir. Lirik məhəbbət mahnıları da çoxdur. Tayfa başçılarının saray konsertləri adət halını almışdı. Peşəkar musiqiçilər təbəqəsi əmələ gəlmişdir. Dərvişlərlə bərabər onlar həm də səyyar musiqiçi idilər. Saray mərasimlərində, əvvəllər olduğu kimi, indi də təbildən, antilop buynuzundan, fil dişindən, metal borulardan ibarət olan ansambl və okrestrlərə böyük yer verilir. Fleytalar, trubalar, fiştırıqlar, qonqlar, zınqırovlar, şax-şaxlar geniş yayılmışdır. Sayca az olan və gec yaranan qrup – simli alətlər qrupudur. İslam dininə sitayiş edən xalqlarda barmaqla calınan musiqi alətləri geniş yayılmışdır. Atlantika vilayətinin kreol musiqisində Qərb musiqi nümunələrinin təsiri hiss olunur.
1930–1940-cı illərdə ABŞ və Karib hövzəsi ölkələrindən mənimsənilən musiqi geniş yayılmışdı (spiri çuellər, blüz, caz, soul). Mərkəzi Afrikada ən arxaik musiqi qatı spesifik texnikaya malik və xüsusi səsçıxarma üsullarından (burunda oxuma, müxtəlif boğaz effektləri) istifadə edən piqmeylərin vokal musiqisidir.
Mərkəzi Afrika ərazisindəki erkən siyasi qurumlarda – Konqo, Lunda, Lubada hakimiyyətin ən mühüm atributlarından biri də kral təbilləri olmuşdur. Saray mərasimlərində tanınmış peşəkar musiqiçilər və rəqqaslar iştirak edirdilər. Əhalinin əksər hissəsinin xristianlaşması ilə əlaqədar ibadət musiqisi ilə yerli üslubun sintezindən əmələ gəlmiş musiqi yaranmışdır. Alətlərdən ən müxtəlif növlüsü təbildir. İslam dini musiqisinin müxtəlif formaları yayılmışdır. Qeyri-ənənəvi musiqi və müasir qərbyönlü xor ifası inkişaf edir. Cənubi Afrikada musiqinin arxaik təbəqəsi, əsasən, əcdadlarının musiqi mifologiyasını inkişaf etdirən ovçuların rəqslərində qorunub saxlanmışdır.
Vokal musiqisində xor (əsasən, çoxsəsli) və solo üstünlük təşkil edir, əsas alət musiqili kaman-qoradır. Bantu xalqlarının qədim ənənələri adət və ayin formasında qorunub saxlanmışdır. Bunların bariz nümunəsi instrumental ansamblın müşayiəti ilə rəqs tamaşalarıdır. İnstrumental üslubun əsasını ksilofon musiqisindən ibarət Zimbabve-Mozambik adlanan qol təşkil edir. Çopilərdə timbila; tsvanalarda mühəmbi; nikalarda kuabo, barvi; makualarda manqvilo, dimbila ənənələri məlumdur. Çopilərin klassik musiqisi olan mqodo populyarlığını saxlayır. Şonaların ənənəvi instrumental üslubu mbira lamellafonlarında ifa olunan musiqidir. Monomotapedə mürəkkəb iyerarxiya strukturu olan musiqiçilər, xüsusi imtiyazlara malik idilər.
Cənubi Afrika musiqisi üçün forma, janr mürəkkəbliyi, musiqi terminologiyasının inkişaf etməsi xarakterikdir. Mahnılar müvafiq olaraq hərəkətsiz mahnılara (laylalar, oğlanların yetkinlik yaşına keçməsi münasibətilə oxunan mahnılar – likomalar, yağış ovsunu – txapelo, qadınların matəm ağıları və əmək fəaliyyətini əks etdirən mahnı-rəqslərə ayrılırlar. Alətlərin istifadəsi məhdudlaşdırılmışdır: Şonlar musiqi ilə kollektiv şəkildə məşğul olmağa üstünlük verir, ifalarında polifoniya elementlərindən istifadə edirlər. Matabele, makua, makonde xalqlarının xor ifasına paralel intervallı hərəkətlər daxildir. Ksilofon və lamella fonlardan başqa təbildən, fleytadan, sümük və ağacdan hazırlanmış fıştırıqlardan, kamandan, ban qodan istifadə olunur. Skripkanın sim düzülüşündə, dəfdən istifadədə,həmçinin vokal ifaçılıqda ərəblərin təsiri aydın görünməkdədir. Mozambikdə portuqal mədəniyyətinin təsiri, CAR-da isə Qərb və Afrika ənənələrinin qarışığı özünü büruzə verir. Avropa musiqi alətlərindən geniş istifadə olunur.
Bantu xalqlarının ənənələrinə əsaslanan Şərqi Afrika musiqisi nisbətən tamlığı ilə seçilir. Yetkinlik yaşına keçmə, fil ovuna hazırlıq mərasimlərini mahnı, rəqs və musiqi alətlərində çalğı müşayiət edir; kaman namba xalqlarında ara həkimlərinin atributudur. Bantuların, Nil boyu xalqların, kuşilərin mədəniyyətlərinin qarşılıqlı təsirindən peşəkar saray musiqi ənənəsi inkişaf etmişdir. Kral hakimiyyəti əlamətlərindən biri də təbildir. Belə təbillərə müasir Tanzaniyada və əcdadları müstəmləkədən əvvəlki dövrdə Uqanda, Ruanda, Burundi, Toro (müasir Uqandanın ərazisi), Bunyoro və Ankolenin əhalisini təşkil edən xalqlarda rast gəlinir. Sahilyanı somalilərin, suahililərin, pokamoların musiqisində ərəb təsiri çox güclüdür. Şairi və utenzi ərəb-suahili musiqili poeziya mədəniyyətinin formalarıdır. Efiopiya, Tanzaniya və Keniya musiqisində də ərəb təsiri hiss olunur. XIX əsrin sonlarından Şərqi Afrika mədəniyyəti Qərb musiqisinin, o cümlədən onun kilsə musiqisi formalarının təsirinə düşür.
XX əsrin II yarısında yerli üslub xüsusiyyətlərini özündə cəmləşdirən Avropa-Amerika tipli ansambllar yaranmışdır. Şimal-Şərqi Afrikanın kuşi, efiosami, Nilboyu xalqlarının musiqisi Kuş, Meroe, Kerma və Aksum mədəniyyətindən faydalanır. Efiop kilsə musiqisinə geniş yer verilir: amharalarda ayin alətlərinin müşayiəti ilə ifa olunan mərasim mahnı və rəqslərinin arxaik forması qorunub saxlanılmışdır. İslam dininin yayılması nəticəsində yerli musiqi ənənələrinə qarışmış ərəb üslubunun təsiri ilə somalilərin musiqili poeziya janrları yaranmışdır. Təsirlərin müxtəlifliyinə baxmayaraq ənənəvi musiqi Afrika köklərinə möhkəm bağlıdır: çox səslilik (Nilboyu xalqlarında polifoniya elementləri; dorzelərdə inkişaf etmiş dördsəslilik), deyişmə geniş yayılmışdır. Müşayiətlə və ya müşayiətsiz oxunan solo mahnılar çox populyardır. Aşağı təbəqəni təmsil edən gəzərgi müğənnilər də fəaliyyət göstərir. Sudan və Efiopiya xalqlarının musiqi alətlərinin növü müxtəlifdir: lira tipli (kırar, begenna), bambukdan düzəldilmiş fleytalar, buynuzdan, balqabaqdan, bam bukdan, qamışdan hazırlanmış alətlər, müxtəlif ksilofonlar, lamel lafonlar, zınqırovlar, litavralar.
Madaqaskarda yaşayan Malaqasilərin ənənələri Cənub və Cənub-Şərqi Asiya mədəniyyətlərinin güclü təsirindən yaranmışdır. Dəfn mərasimlərində iki üzlü konus şəkilli təbildən (hazulahi) istifadə olunur, ənənəvi vəcdəgətirən tamaşalar qorunub saxlanılır. Orta əsrlərdə Madaqaskarda və başqa adalarda ərəb musiqi üslubu və alətləri yayılmışdı. 17 əsrdən malaqasilər də yüksək ənənəvi musiqinin mühüm formaları yaranmışdır. Adalar Avropa müstəmləkəsinə çevrildikdən sonra ayin musiqisi daxil olmaqla qarışıq üslublar, Avropa alətləri yayılmağa başladı. Mavriki və Seyşel adalarını kreol mədəniyyəti Cənubi Asiya, Avropa və Afrika musiqisinin xüsusiyyətlərini özündə ehtiva edir[1].