Alessandro Tassoni (it. Alessandro Tassoni; 28 sentyabr 1565[1][2], Modena[5][6] – 25 aprel 1635[1][2][…], Modena[5][6]) — italyan şair.
Alessandro Tassoni | |
---|---|
Təxəllüsü | Gaspare Salviani[4] |
Doğum tarixi | 28 sentyabr 1565[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 aprel 1635[1][2][…] (69 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, ədəbiyyat tənqidçisi |
Əsərlərinin dili | italyan dili |
Vikianbarda əlaqəli mediafayllar |
XVII əsr italyan poeziyasında zamanın qarşıya qoyduğu problemlərə cavab verməyə çalışan istedadlı sənətkarlardan biri də Allessandro Tassoni idi. Bir çox müasirləri kimi İtaliyanın taleyi onu da narahat edirdi. Tassoni öz həmvətənlərini birliyə, birləşib yadelli işğalçılara qarşı vuruşa, döyüşə çağırırdı. O, sözün əsl mənasında vətəndaş şair idi. Tassoni həyatı boyu dövrünün bir çox görkəmli adamlarının kardinal və hersoqlarının yanında xidmət etmişdir. Şairin zəngin ədəbi irsində onun ziddiyyətli, döyüşkən təbiəti əks olunmuşdur. Tassoninin bütün əsərlərində bu və ya başqa bir şəkildə nüfuzlara, ehkamlara qarşı mübarizə ruhu vardır. "İspanlar əleyhinə həcvlər" əsərində İtaliyanın fikir və iradəsini əzən, onu qul, kölə halına salan, yadelli ispanlara etiraz edir, qəzəb və həyəcanını bildirir, həmyerlilərində vətənpərvərlik duyğuları oyatmağa çalışır. "Petrarkanın poeziyası haqqında düşüncələr" əsərində isə Marino və onun təqlidçilərinə qarşı çıxır. Petrarkanın davamçılarını, "quru balqabaqlar" adlandıran şair Petrarkanın özünə də aman vermir, "Müxtəlif fikirlər" adlı əsərində isə Tassoni Aristotelin nüfuzuna qarşı çıxır, nüfuzlar qarşısında səcdə etməyi və təqlidçiliyi pisləyir. Onun Kolumbun qəhrəmanlığına həsr edilən "Okean" poeması yarımçıq qalmışdır.
Tassoninin ən mühüm əsəri 1615–1618-ci illərdə yazılan "Oğurlanmış vedrə" adlı kiçik qəhrəmanlıq poemasıdır. Poema ilk dəfə 1622-ci ildə çap edilmiş, sonra papa VIII Urban və şairin öz tərəfindən yenidən nəzərdən keçirilmiş və 1630-cu ildə nəşr olunmuşdur. Tassoni öz poeması ilə L. Pulqi, F. Berni, T. Folenqo kimi şairlərin ənənələrini izləyir. İtaliyanın ayrı-ayrı şəhər və əyalətləri arasında çəkişmə və didişmə poemanın əsas süjetini təşkil edir. Rəvayətə görə, Modenalılar Bolonya üzərinə etdikləri hərbi hücumlardan birində taxta vedrəni oğurlayıb qənimət aparırlar. Bu vedrə guya ki, indi də Medonada saxlanılmaqdadır. Bolonyalılar taxta vedrəni qaytarmaq iddiasına düşürlər. Medonalılarla onların arasında ciddi mübarizələrə İmperator II Fridrix, onun oğlu, italyan şəhər kommunaları, hətta Olimp allahları da qarışırlar. Komizm və ciddilik bir-birinə qarışır, hansının harada başlayıb harada qurtardığını seçmək çətinlik törədir. Tarixi şəxsiyyətlərlə şairin müasirləri, dostları və düşmənləri bir-birinə qarışır. Tarix və günün aktual hadisələri, şən bir lətifə və amansız satira bir-birini əvəz edir. Şəxsi düşmənçiliklə bütün ölkənin taleyi ilə bağlı siyasi düşüncələr bir-birində əriyir. Bir an içində komik səhnə və şəxsiyyətlər qəhrəmanlıq səhnələrinə keçir.
Tassoni qəsdən, düşünülmüş şəkildə hərəkət edir, komikliklə qəhrəmanlığı, rəğbətli münasibətlə satiranı bir-birinə qarışdırır. Şair oxuculara müraciətlə bu barədə yazır: "Bu əsər belə toxunmuşdur ki, ən kamil dərəcədə yüksək və burlesk poemasının məzmun və üslubundan asılı olaraq tələb edilən bütün hissələr onda aşkardır. Bu, miləmil deyil. Rəngdən-rəngə çalan bir parçadır ki, onda hər iki rəng – burlesk də, yüksəklikdə eyni ecazkarlıqla işıq saçır". Vedrənin oğurlanması kimi kiçik, cüzi bir hadisə epik bir vüsətlə tərənnüm edildikcə gülüş doğurur. Şair gah ciddi səhnələr yaradır, yüksək hislərdən, hadisələrdən danışır, gah da oxucunu güldürmək, güldürə-güldürə düşündürmək yolu ilə gedir, komik, karikatur surətlər yaradır. Olimp allahları özü də komik bir tərzdə təqdim olunurlar. Mars kəmər yerinə qədər corab geyinir, Diana paltar yuyur, kələkbaz Silen allahların şərabına su qatır.
Diana gəlmədi dəvətə ancaq O, paltar yumağa getdi obaşdan. Yazıq Toskanada, bataqlıqlarda Bir fərəh axtardı qurudan, yaşdan.
Ana üzr istədi qızına görə, Girişdi işinə o bir də başdan İynələr başladı oynamasına, O, corab toxudu qız balasına.
Tassoni italyan aristokratlarını daha dərin bir sarkazm, istehza və nifrətlə qələmə almışdır. XI nəğmədə təsvir edilən "toyuq ürəkli" qrafın təsviri buna ən yaxşı nümunə ola bilər. Dildə döyüşmək məcburiyyətində qalan, lakin bütün gecəni qorxudan yata bilməyən qraf bu döyüşdən necə qurtarmaq, nə bəhanə ilə can qurtarmaq barədə düşünür. Səhər o, doğrudan da, belə bir bəhanə tapır, mədəsi ağrıdığı üçün döyüşməkdən boyun qaçırır. Bu qorxaq, miskin, cılız qraf Marino üslubunda aşiqanə şeirlər söyləyən zaman daha komik görünür.
Bu cür eyhamlar, işarələr geniş məqsədlər izləməklə bərabər şairin Marino və marinistlərə tənqidi münasibətini də əks etdirir. "Oğurlanmış vedrə" poeması son dərəcə müasir bir əsər idi. Burada forma, mövzu, süjet müasir gerçəkliyi hərtərəfli şəkildə sərbəst bir tərzdə əks etdirmək üçün əlverişli vasitədən başqa bir şey deyildir. Poemanın dərin ictimai məzmunu, güclü sənətkarlıq xüsusiyyətləri ona Avropa xalqlarının ədəbiyyatında yüksək mövqe qazandırmış, bir çox şairlər onun təsiri ilə yeni-yeni komik qəhrəmanlıq epopeyaları yaratmışlar.