Almanlaşdırma və ya germanizasiya — təbii və ya məcburi assimilyasiya nəticəsində alman dilinin və mədəniyyətinin digər xalqlar arasında yayılmasına verilən ümumi ad. Həmçinin, bu termin latın qrafikasından istifadə etməyən dillərdən götürülmüş xarici sözlərin alman dilinə uyğunlaşdırılmasına aid edilir.
Alman dilinin və mədəniyyət elementlərinin tarixən müxtəlif formaları və yayılma dərəcələri mövcuddur. Son antik dövrdən orta Reyn, Yuxarı Dunay və Alp dağlarının Roma əhalisi tədricən almanlaşmaya məruz qalmışdır.[1] Eklektik qəbuldan əlavə, XI əsrdə Bamberq yeparxiyasında yaşayan bütpərəst slavyanlarla baş verdiyi kimi, alman mədəniyyətində tamamilə "məhv edilmə" nümunələri var.[2] Almaniya imperiyasının qanunvericiliyinə uyğun olaraq təşkil edilən Yaponiya imperiyasının və müasir Yaponiyanın qanunvericiliyində alman mədəniyyətinin eklektik qəbul edilməsinə nümunələr mövcuddur.[3] Almanlaşdırma mədəni əlaqə olub, siyasi qərarla (məsələn, Yaponiya nümunəsi) və ya zorla (xüsusilə imperiya və Nasist Almaniyası nümunələrində) yeridilirdi.
Müasir Almaniyada danimarkalılar, frizlər və lujiçan slavyanlar ənənəvi milli azlıqlar kimi təsnif edilir və onlara mədəni muxtariyyət zəmanət kimi verilir. 1955-ci ildə Danimarka və Almaniya arasında Danimarkadakı alman, həmçinin Almaniyadakı danimarkalı azlıqların statusunu vtənzimləyən müqavilə imzalanmışdır. Şlezviq-Holşteyndə frizlərin dilinin qorunması haqqında qanun qəbul edilmişdir.[4] Lujiçanların mədəni muxtariyyəti Saksoniya və Brandenburq konstitusiyalarına daxil edilmişdir.