Altınkörpü qətliamı (türk. Altınköprü Katliamı, ərəb. مذبحة التون کوبري) — 28 mart 1991-ci ildə İraqın Kərkük mühafəzəsinin əsasən türkmanların yaşadığı Altınkörpü qəsəbəsində qətliam. Qətliam İraq türkmanlarını, xüsusilə də həm uşaqlar, həm də böyüklər olmaqla kişiləri hədəf almışdır. Qətliam nəticəsində 135 nəfər həlak olmuşdur.[1] Hadisə Səddam Hüseynin ordusuna bağlı təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilmişdir. Bu, 1991-ci ildə ölkənin şimal və cənubunda müxalif bölgələrdə baş vermiş üsyanların qarşısının alınması nəticəsində baş vermişdir.[2] Qırğın türkmənləri hədəf alıb, əksəriyyəti kişilər, həm uşaqlar, həm də böyüklər, lakin qadınlar da öldürülüb. Səddam Hüseynin Baas rejimi insanlara ictimai yerlərdə türkcə danışmağı və hər hansı türkmən ənənəsini ictimai yerlərdə qeyd etməyi qadağan edib.[3]
Altınkörpü qətliamı | |
---|---|
Əsas münaqişə: İraqda 1991-ci il üsyanları | |
| |
Ümumi məlumatlar | |
35°45′12″ şm. e. 44°08′37″ ş. u.HGYO | |
Yeri | Altınkörpü, Kərkük mühafəzəsi, İraq |
Hücumun hədəfi | İraq türkmanları |
Tarix |
|
Hücum metodu | Qətliam |
Silah(lar) | Avtomat silahlar |
Ölü sayı | 135 |
Törədən(lər) | Səddam Hüseynə sadiq İraq Silahlı Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
İraq ordusu Küveytdən geri çəkildikdən az sonra şimalda və cənubda bir sıra xalq üsyanları başlamışdır. Bu, Səddam Hüseyn və İraq rəhbərliyinin Küveytdə göstərdiyi avantürizm və qismən də İran–İraq müharibəsi zamanı verilən itkilər səbəbindən zəiflədiyi qənaətinin birbaşa nəticəsi idi. Səddam Hüseyn tez bir zamanda qoşunlarına və digər sadiq səlahiyyətlilərə qiyamın qarşısını almağı əmr etmişdir, bu isə çoxlu mülki itkilərə gətirib çıxaran amansız repressiyalara səbəb olmuşdur.[4] İraqın şimalında yerləşən Altınkörpü kürd üsyançılarının neftlə zəngin mübahisəli Kərkük şəhərinə nəzarəti əldə etmək cəhdi zamanı zəbt etdikləri yaşayış məntəqələrindən idi və bu səbəbdən İraq təhlükəsizlik qüvvələrinin birbaşa hədəfinə çevrilmişdir. Türkmanlar də öz motivləri ilə türkmən elinə aid edilən ərazilərdə üsyanlar təşkil etmişdir. Onlar Səddam Hüseyn rejiminə qarşı olduqlarını bildirsələr də, kürdlər qədər hərbi fəallıq göstərməmişdilər. Kürd üsyançıları regiondan geri çəkildikdən sonra hakimiyyət boşluğu yaranmış, Səddam Hüseynə sadiq qüvvələri üsyanlarla əlaqəsi olduğundan şübhələndikləri hər kəsi hədəfə almağa başlamışdır. Kərkükün cənubunda yerləşən, əhalisinin çoxunu türkmanların təşkil etdiyi Tuzxurmatu şəhərində də türkmanlara qarşı oxşar qətliam həyata keçirilmişdir.[5]
Kərkük regionu ərəb, kürd və türkman olmaqla hər üç dili bilən əhalisi ilə tanınır və əhalisi xalqlararası nikaha yad deyil. Türkmanlar ilə kürdlər arasında əlaqələr tarixən güclü olmuşdur və onlar yan-yana yaşayırdılar. Buna baxmayaraq, 1959-cu ildə İraq Kommunist Partiyasının kürd üzvləri tərəfindən təxminən 20 türkman sakininin öldürülməsi ilə nəticələnən üç günlük repressiyadan sonra iki xalq arasında münasibətlər gərginləşmişdir.[6] Türkmanların kürdlərlə tanışlığı, onların öz üsyanları və onlara BƏƏS-çi İraq hökuməti tərəfindən əhəmiyyət verilməməsi, Osmanlı irsinə görə türkmanların ümumiyyətlə bəyənilməməsi kimi digər aspektlər Səddam Hüseyn rejiminin panərəbçi siyasətinin bir hissəsi olaraq türkmanları tamamilə aradan qaldırmaq istəməsində mərkəzi rol oynamışdır. Səddam Hüseynə sadiq olanlar türkmanları riskə ala bilməyəcəkləri bir təhlükə olaraq görmüş, Altınkörpüdə yaşayan bütün kişilərin təhlükə təşkil etdiyinə qərar vermişdir. Altınkörpüdə Səddam Hüseynin müxaliflərlə amansız mübarizə üsullarını bilənlər şəhərdən qaçmağa başlamışdır, lakin əhalinin əksəriyyəti türkmanlar kişilərdən ibarət olan kiçik bir hissəsi şəhərdə qalmağa davam etmişdir.[7]
28 mart 1991-ci ildə Səddam Hüseynə sadiq qüvvələr Altınkörpünün bütün kişi vətəndaşlarını müəyyən edərək bir əraziyə toplamağa başlamışdır. Verilən əmrlərə görə, yaş fərqi nəzərə alınmadan bütün kişilər toplanmalı və edam edilmək üçün hərbi maşınlarla Dibs qəzasında yerləşən qəbiristanlığın yaxınlığındakı adı açıqlanmayan yerə aparılmalı idi.[8] Kişilərin çoxu Ramazan ayı ilə əlaqədar oruc tuturdu. Onlar təbii çuxur boyunca sıraya düzəlmiş və avtomat silahlarla atəşə tutulmuşdular. İraq təhlükəsizlik qüvvələri ardınca onları çuxurun içinə itələmiş və çuxuru torpaqla dolduraraq onu kütləvi məzarlığa çevirmişdilər. Qoşunlar daha sonra ərazidən qismən geri çəkilmiş və şəhərdə hərbi vəziyyət sakitləşmişdir.[9]
Altınkörpünü əvvəl tərk etmiş sakinləri şəhərə geri qayıtmağa başlamış və 17 apreldə, Ramazan bayramının ikinci günü qətliama şahid olan çoban ortaya çıxaraq gördüklərini danışmışdır. Bəzi gənclər çobanın ardınca qohumlarının kütləvi olaraq dəfn edildiyi yerə getmişdir. Qətliamla bağlı məlumat kütləvi məzarlıq qazıldıqdan sonra məlum olmuşdur. Buradakı cəsədlər çürüməyə başlamışdı və onların kimliyi əsasən naməlum idi, lakin cəsədlərdə qalan paltar və ayaqqabılar hər bir fərdin kim olduğunu göstərirdi. Birinci gündə məzardan üç cəsəd Altınkörpüyə geri gətirilmişdir. Bu cəsədlərin Altınkörpüdə, sonradan "Şəhidlər qəbiristanlığı" (türk. Şehitler Mezarlığı) olaraq bilinəcək qəbiristanlıqda dəfn edilməsinə qərar verilmişdir. Günlər ərzində bütün cəsədlər kütləvi məzarlıqdan çıxarılaraq düzgün şəkildə dəfn edilmişdir.[10]