Aqil Şirinov

Aqil Muxtar oğlu Şirinov (28 sentyabr 1979, Kəlbəcər) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru, dosent

Aqil Şirinov
Doğum tarixi 28 sentyabr 1979(1979-09-28) (44 yaş)
Doğum yeri
İş yerləri
Təhsili
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub[1]. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur. 2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.

2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb.

Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.

Aqil Şirinov 2009–2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində Studio Cambridge adlı dil kursunun həm ümumi ingliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini müvəffəqiyyətlə bitirib. O, həmçinin ABŞ Kongres kitabxanasının Açıq Dünya (Open World) proqramının "Dini Dözümlülük" (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanmış və 4–14 may tarixində ABŞ-də olub.

2016-cı ilin iyul ayında ABŞ-nin Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan "Meadville Lombard Theological School"- un "Dini Multikulturalizm" mövzusuna həsr olunmuş bir aylıq seminar-treyninqinin iştirakçısı olub. Habelə Aqil Şirinov Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Albaniya, PakistanQırğızıstanda multikulturalizm, dinlərarası münasibət və tolerantlıq mövzularına həsr olunmuş müxtəlif konfranslarda iştirak edərək "Azərbaycanın tolerantlıq modeli", "İslam və tolerantlıq", "Azərbaycanın multikultural dəyərləri", kimi mövzularda məruzələrlə çıxış edib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi çox sayda yerli və beynəlxalq tədbirlərdə iştirak edib, radikalizm, tolerantlıq, multikulturalizm, dini dözümlülük və s. mövzularda məruzələrlə çıxış edib, radikalizmin zərərlərindən bəhs edən "Dini radikalizm və onun fəsadları" adlı bir broşura yazıb.

Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifidir[1]. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.

Şirinov Aqil Muxtar oğlu 09.03.2018-ci il tarixində elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə 7214.01 – "Dinin tarixi və fəlsəfəsi" ixtisası üzrə doktoranturaya qəbul olub. "Təşkilatlanma və təbliğat metodları baxımından Yaxın şərqdəki radikal dini qruplar" mövzusunda dissertasiya işi üzərində çalışır.

13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib[1].

12 may 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilmişdir.[2]

Aqil Şirinov 2020-ci ilin sentyabr ayında Avropa Şurası "Mədəniyyətlərarası İnteqrasiya İşçi Qrupu"nun (Working Group on Intercultural Integration) Azərbaycan üzrə təmsilçisi seçilmişdir.[3]

"Metafizika" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının təsis edildiyi gündən onun Redaksiya Heyətinin üzvüdür.[4]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.[5]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Nasiruddin Tusi"de Varlık ve Uluhiyet- Nəsirəddin Tusinin Ontologiya və Tanrı Anlayışı, Istanbul, ISAM yayınları, 2011-müəllif
  • Axund və İmamlar Üçün Xütbə Nümunələri, Bakı, 2013, 650 səh.-həmmüəllif
  • "İslam Felsefesi Tarih ve Problemler" adlı kitabın "Nasiruddin et-Tusi: İbn Sinacılığın Kelamla Sentezi" fəsli, ed. Cüneyt Kaya, İSAM yayınları, İstanbul, 2013, 869 s.-həmmüəllif
  • "İslam Düşüncesinin Dönüşüm Çağında Fahreddin er-Razi" adlı kitabın "İşarat Geleneği Bağlamında Fahreddin er-Razi" fəsli (səh. 203–242), ed. Ömer Türker-Osman Demir, İSAM yayınları, İstanbul, 2013, 615 s.
  • Dini radikalizm və onun fəsadları. Bakı: Nurlar, 2014.
  • "Elli Müslüman Düşünür" adlı kitabın "Nasiruddin Tusi" bölməsi. Ed. Mustafa Tekin. İstanbul: Pınar yayınları, 2015
  • İslam dünyasında dini radikalizmin yaranma səbəbləri və tarixi kökləri. Bakı, 2019, 73 s.
  • Multikulturalizmə Giriş (Ali məktəblər üçün dərslik). Bakı, 2019, səh.102–139
  • İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri- İslam Məzhəbləri Tarixi Mənbələrində İfrat Meylli Məzhəblər və Görüşləri (Nəşr olunmayıb)

Mükafat və qrantları[redaktə | mənbəni redaktə et]

  • ABŞ Konqres Kitabxanasının Açıq Dünya (Open World) proqramının "Dini Dözümlülük" (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanmış və 4–14 May tarixində ABŞ-də olmuşdur. 2011-ci il.
  • ABŞ-nin Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan "Meadville Lombard Theological School"- un "Dini Multikulturalizm" mövzusuna həsr olunmuş bir aylıq seminar-treyninqinin iştirakçısı olmuşdur. 2016-cı il.

Tərcümə əsərləri[redaktə | mənbəni redaktə et]

  • Alparslan Açıkgenç, "Molla Sədra Fəlsəfəsi". Fəlsəfə və sosial-siyasi elmlər-2008, No: 3 (21), səh. 178–191.
  • Toşihiko İzutsu, "İslamda metafizik düşüncənin əsas strukturu". Fəlsəfə və sosial-siyasi elmlər-2008, No: 3 (21), səh. 192–201 və No: 4 (22), səh. 205–216.
  • Molla Sədranın (Sədrəddin Şirazi) "əl-Əsfaru"l-ərbəə" adlı əsərindən bir bölüm, No: 5–6 (23–24), səh. 215–221.
  • Məhəmməd İqbalın "İslam Mədəniyyətinin Ruhu" adlı məqaləsi. Fəlsəfə və sosial-siyasi elmlər-2009, No: 1 (25),səh. 173–190.
  • Məhəmməd İqbalın "Din mümkündürmü?" adlı məqaləsi. Fəlsəfə və sosial-siyasi elmlər-2010, No: 1 (29),səh. 173–189.
  • Həzrət Peyğəmbər və Ümumbəşəri dəvəti (kitab-həmtərcüməçi), İpək Yolu Nəşriyyatı, Bakı, 2013, 488 s.
  • Qurandan Nəsihətlər-1 (kitab-həmtərcüməçi), İpək Yolu Nəşriyyatı, Bakı, 2014, 488 s.
  • Qurandan Nəsihətlər-1 (kitab-həmtərcüməçi), Şərq-Qərb Nəşriyyatı, Bakı, 2014, 486 s.
  • Ekrem Keleş-Sadık Eraslan, Ən Gözəl Nümunə Həzrət Peyğəmbərin (kitab-həmtərcüməçi), Şərq-Qərb Nəşriyyatı, Bakı, 2014, 221 s.
  • Hədislərlə İslam. Bakı, 2018.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Azərbaycan İlahiyyat İnstitutuna prorektorlar təyin edilib Arxivləşdirilib 2018-09-24 at the Wayback Machine. scwra.gov.az, 13.09.18  (az.)
  2. "A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-05-12. 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  3. "Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib" (az.). http://ait.edu.az/. 2021-06-18 tarixində arxivləşdirilib.
  4. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  5. "Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru" (az.). http://ait.edu.az/. 2021-12-18 tarixində arxivləşdirilib.