Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aran — Azərbaycanda tarixi — coğrafi məfhumdur. Yayla və dağlıq ərazilərin əksinə olaraq, respublikanın ərazisində isti və quru iqlimə malik olan bütün düzənlik sahələrinə aran deyilir.
Toponimi qıpçaqların uran tayfasının adı ilə bağlayırlar. Türk dillərində aran sözü "düzənlik, isti yer, qışlaq yeri, tövlə" mənalarında işlənir. Azərbaycan ərazisində bu sözlə bağlı butun coğrafi obyekt adlarında həmin məna özünü doğruldur.[1]
Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir. Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min km² olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Region üçün əsasən, quru subtropik iqlim xarakterikdir. İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. İqtisadi rayonun ümumi əhalisinin sayı 1667,1 min olmaqla ölkə əhalisinin 20,5 %-ni təşkil edir. Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şose yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Yevlax-Bakı hava yolu fəaliyyət göstərir.
Azərbaycanda taxıl, pambıq, qarpız (Sabirabad daha məşhurdur), yemiş (xüsusilə Kürdəmirdə), heyva (xüsusilə Ağdaşda), çəltik və digər tərəvəzlər bu bölgədə yetişdirilir. İmişli bölgəsində şəkər çuğunduru də əkilir. Bu yerlərdə müxtəlif peşələrin: toxuculuq, ipəkçilik, xalçaçılıq, keramik məmulatlar istehsalı, ağac və metal üzərində oyma sənətlərinin hələ qədim dövrlərdə geniş inkişaf etməsini göstərən əlamətlər çoxdur. Bundan əlavə, Bərdə, Yevlax və Tərtərdə gözəl, əlvan parçalar toxunur, xalçalar, silahlar, əmək alətləri, gözəl keramik qablar, müxtəlif metallardan bəzək əşyaları, qəşəng şüşə badələri, kuzələr, piyalələr və başqa məmulatlar hazırlanır. Azərbaycanın milli mətbəxinin əksər yeməkləri bu bölgədə də bişirilir. Xüsusən ət və quş əti məhsullarından istifadə olunur. Çayətrafı rayonlarda balıq xörəkləri geniş yayılıb. Xüsusilə balıq şorbası və balıq kotleti bişirilir. Bu bölgədə Azərbaycana məxsus ümumi toy adətləri var. Lakin bəzi fərqli xüsusiyyətlər də mövcuddur. Məsələn, Ağdaş rayonunda gəlinin cehizini də oğlan evi hazırlayır.[2]