Araqonlu İzabella

Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 147023 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası.

Araqonlu İzabella
30 sentyabr 1497 – 23 avqust 1498
ƏvvəlkiVizeulu Eleonora
SonrakıAraqonlu Mariya
Şəxsi məlumatlar
Doğum tarixi 2 oktyabr 1470
Vəfat tarixi 23 avqust 1498 (27 yaşında)
Vəfat yeri
Fəaliyyəti əsilzadə, consort[d]
Atası II Ferdinand[1]
Anası Kastilyalı İzabella[1]
Həyat yoldaşları
Uşağı
Ailəsi Trastamar sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu.

Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı. Nəticədə İzabellanın valideynləri Portuqaliyaya müharibə elan etməyə məcbur qaldı.

Portuqaliya ilə başlayan döyüşlər əsnasında İzabella olduqca pis günlər yaşadı. Belə ki, valideynləri döyüş meydanında ikən İzabella Seqoviyada yalnız buraxıldı. Bu əsnada şəhər əhalisinin çıxardığı üsyan nəticəsində hələ 7 yaşındakı İzabella Alkazar qalasında həbs tutuldu. Anasının döyüş meydanından dönüb şəhərdəki hakimiyyəti yenidən ələ alması ilə İzabella azadlığa buraxıldı.

Portuqaliya ilə müharibə 1479-cu ildə başa çatdı. Bağlanan sülh sazişində İzabellanın Portuqaliya kralı II Conun oğlu Afonsoyla evlənməsi də təklif edilmişdi. Vəliəhdin İzabelladan 5 yaş balaca olmasına baxmayaraq bu təklif qəbul edildi. Üstəlik evlilik boyunca İzabella Portuqaliyada qalmalı, beləcə valideynlərinin sülh şərtlərini qorumasl təmin olunmalı idi. 1480-ci ildə Afonso nənəsi Beatrislə birlikdə Moura şəhərində yaşamağa başladı və ertəsi il hələ 10 yaşlı İzabella da gələcək ərinin yanına göndərildi. 3 il boyunca burada qalan İzabella, valideynlərinin cənubdakı müsəlman torpaqlarında apardığı hərbi əməliyyatlara da qatılmışdır.

İzabellanın ilk evliliyi Portuqaliya kralı II Conun yeganə oğlu və varisi Afonsoyla baş tutdu. Nikah mərasimi 1490-cı ilin yazında Sevilyada baş tutdu və Portuqaliyaya yola düşən İzabella 19 noyabrda Badayoza şəhərinə çatdı. Burada o, ərinin dayısı, gələcək Portuqaliya kralı və ərinin ölümündən sonra evlənəcəyi Manuel tərəfindən qarşılandı. Cütlük 22 noyabrda Elvasda bir araya gəldilər və ertəsi gün İzabella qaynanası olan Portuqaliya kraliçası Eleonora ilə görüşdü.

Evlilik siyasi məqsədlərlə baş tutsa da, cütlük qısa zamanda bir-birinə bağlandı. İzabella Portuqaliyada keçirdiyi uşaqlıq illərində qazandığı təcrübəylə çox keçmədən özünü sarayda sevdirmişdi. Ancaq İzabellanın xoşbəxt keçən günləri 1491-ci ilin iyulunda ərinin at mindiyi əsnada baş verən qəza nəticəsində vəfat etməsi ilə başa çatdı. Qəlbi qırılan İzabella sonralar bu ölümün səbəbi olaraq, valideynləri tərəfindən ölkədən qovulan yəhudilərə Portuqaliyanın sığınacaq verməsi və nəticədə Portuqaliyanın Tanrının qəzəbinə düçar olmasını gördü.

Valideynlərinin də istəyinin ardından İzabella Kastiliyaya geri döndü. Ərinin ölümünün ardından yas tutmaq məqsədilə uzun müddət oruc tutdu və bir daha evlənməyəcəyini bildirdi. Buna baxmayaraq 1495-ci ildə keçmiş qaynatası olan II Con vəfat etdi və mərhum ərinin dayısı olan I Manuel Portuqaliya kralı oldu. Taxta keçdikdən dərhal sonra isə I Manuel İzabella ilə evlənmək üçün Kastiliyaya elçi göndərdi. Ancaq qızının ilk ərinin kralla olan yaxın qohumluq əlaqələri səbəbilə, Araqonlu Ferdinand bu evliliyə razı olmadı. Onun yerinə digər qızları Mariyanı kralla evləndirmək istəsə də, Portuqaliya kralı bu təklifi qəbul etmədi. Digər tərəfdən İzabella da Portuqaliyadakı qaçqın yəhudiləri ölkədən qovmadığı təqdirdə bu evliliyə razılıq vermədi. Nəhayət, I Manuelin bunu qəbul etməsinin ardından cütlük 1497-ci ilin sentyabrında evləndilər.

İkinci evliliyi - Portuqaliya kraliçası

[redaktə | mənbəni redaktə et]

Toy mərasimindən bir neçə gün sonra İzabellanın yeganə qardaşı Con vəfat etdi və İzabella valideynlərinin ən böyük qızı olaraq Asturiya şahzadəsi və Kastiliya taxt-tacının varisi elan edildi. Bununla yanaşı İzabellanın kiçik bacısı Yuannanın əri Habsburqlu Filip də, xanımının taxt sırasında daha aşağı mərtəbədə olmasına baxmayaraq öz taxt iddiasını irəli sürdü. Habsburqların İspaniyada nüfuz qazanmasına qarşı çıxmaq məqsədilə İzabellanın valideynləri 1498-ci ildə Toledoda məşvərət məclisi topladı və burada I Manuellə İzabella taxtın varisləri olaraq and içdilər. Ardından cütlük Araqon taxt-tacına da varis olmaq üçün Saraqosaya yola düşdü. Ancaq Kastiliyada qadınların taxt hüququ olsa da, Araqonda bu keçərli deyildi. Bu səbəblə İzabellanın gələcəkdə doğulacaq oğul övladı Araqon taxtının varisi elan ediləcək, yalnız oğlu olmadığı təqdirdə İzabella vəliəhd olaraq qəbul ediləcəkdi.

O əsnada İzabella hamilə idi və Saraqosada ikən 23 avqust 1498-ci ildə bir oğlan uşağı dünyaya gətirdi. Ancaq uzun illərdir oruc tutması və hamiləliyinin son dönəmlərində durmadan səyahət etməsim səbəbilə doğumdan bir neçə saat sonra qanaxmadan İzabella vəfat etdi. Dünyaya gətirdiyi Miquel da Paz adlı oğlu isə sonralar Portuqaliya, KastiliyaAraqon krallığının varisi elan edildi. Vəsiyyətinə uyğun olaraq İzabella rahibə geyimiylə Toledodakı Santa İzabella monastrında dəfn edildi. Onun ölümüylə I Manuelin Kastiliya taxtına keçmə ehtimalı da yox oldu.

  • Downey, Kirsten (2014). Isabella: the Warrior Queen. New York: Nan A. Talese/Doubleday. ISBN 9780385534116
  • Fernández Álvarez, Manuel (2003). Isabel la Católica (in Spanish). Madrid: Espasa-Calpe, S.A. ISBN 84-670-1260-9
  • Rodrigues Oliveira, Ana (2010). Rainhas medievais de Portugal. Dezassete mulheres, duas dinastias, quatro séculos de História (in Portuguese). Lisbon: A esfera dos livros. ISBN 978-989-626-261-7
  • Gerli, E. Michael; Armistead, Samuel G. (2003). Medieval Iberia. Taylor & Francis. p. 182. ISBN 9780415939188