Trastamar sülaləsi

Trastamar sülaləsi (ing. House of Trastamara) (isp. Casa de Trastámara) — İspaniyanın məşhur kral ailəsi. Araqon, NavarraNeapol krallıqlarının birləşdirilməsindən öncə 1369-cu ildə Kastiliyada hakimiyyəti ələ alan Trastamarlar İvreya sülaləsinin qeyri-məşru alt qoludur.

Hakimiyyətə gəlişi

[redaktə | mənbəni redaktə et]

Kastiliya kralı XI Alfonsonun 1350-ci ildə ölümündən sonra böyük oğlu Pyotr atasının taxtına əyləşdi. Pyotr mərhum kralın xanımı Portuqaliyalı Mariyadan dünyaya gəlmişdi və kralın yeganə məşru övladı idi. Ancaq XI Alfonsonun uzun müddətdir ki, Eleonora adlı bir xanımla münasibəti və bu məşuqəsindən dünyaya gələn qeyri-məşru 10 övladı var idi. Trastamarlar ailəsinin ilk nümayəndələri olan kralın bu övladları taxta çıxan ögey qardaşları I Pyotra siyasi müxalifət apardılar. İki qrup arasındakı münasibətləri daha da kəskinləşdirən isə Portuqaliyalı Mariyanın ərinin məşuqəsini həbs etdirib daha sonra da edam etdirməsi oldu.

Pyotr ilk öncə 1356-cı ildə ögey qardaşı Henrinin rəhbərlik etdiyi çevrilişin qarşısını aldı. Daha sonra 1360-cı ildə Rioxa yaxınlığında digər üsyançı qrupunu məğlub etdi və ələ keçirilən ögey qardaşları Xuan və Pedronu edam etdirdi. Araqon krallığı tərəfindən qorunan Henri isə həmin il Fransayla Araqon arasında bağlanan sülhün ardından yeni müttəfiqlərinin yanına qaçdı.

Pyotrun apardığı yanlış daxili və hərbi siyasət nəticəsində Kastiliyada nüfuzu artan Henri Araqon və Fransayla 1365-ci ildə ittifaq qurdu və Kastiliya taxtı uğrunda hərbi mübarizəyə başladı. Bu mübarizədə Pyotrun dəstəkçisi isə İngiltərə kralı III Eduardın böyük oğlu və varisi Qara şahzadə idi. 13 aprel 1367-ci ildə tərəflər arasında baş verən toqquşma nəticəsində Plantagenetlərin dəstəyini arxasına alan Pyotr qalib gəldi. Ancaq Qara şahzadənin səhhətinin pisləşməsi və Pyotrun İngiltərəyə vəd etdiyi mülkləri verməməsi nəticəsində ingilis ordusu İspaniyadan geri çəkildi. 1369-cu ilin martında davam edən Fransa və Araqon dəstəyini də alan Henri yenidən hücuma keçdi və bu dəfə ögey qardaşını döyüşdən öncə hazırlanan sui-qəsdlə öz əlləriylə öldürdü.

II Henri dönəmi

[redaktə | mənbəni redaktə et]

Ögey qardaşını aradan qaldırdıqdan sonra Kastiliya taxtına əyləşən II Henri ilk öncə güclü zadəganların mülklərini əlindən alın xəzinəyə əlavə etdi. Bu zadəganlar Kastiliyada yeni bir təbəqə yaratdılar və bu təbəqədəki zadəgan qrupu II Henri hakimiyyətinə qarşı öz mülklərini müdafiə etməyə və krala qarşı müxalifət aparmağa başladı. Bütün bu etirazlara baxmayaraq II Henri bu dönəmdə Portuqaliya, NavarraQranadanın işğalçı siyasətinə qarşı mübarizə apardı.

II Henri övladlarını evləndirmək üçün Araqon kralı IV Pyotrla razılığa gəldi. Belə ki, 18 iyun 1375-ci ildə oğlu və varisi Conu Araqon kralının qızı Eleonora ilə evləndirdi. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəlsə də, bunlardan yalnız 2 oğlu - HenriFerdinand yetkinlik yaşına çatdı. Kiçik qızlarının doğumu əsnasında 1382-ci ildə Eleonora vəfat etdi.

II Henrinin ölümünün ardından 1379-cu ildə oğlu Con Kastiliya taxtına keçdi. 1383-cü ildə I Con Portuqaliya taxtını ələ keçirmək məqsədilə I Ferdinandın yeganə varisi olan qızı Beatrislə evləndi. Nigahdan bir neçə ay sonra kral vəfat etdi və I Con taxt uğrunda mübarizəyə başladı. Ancaq bu cəhdi uğursuz oldu və Portuqaliya taxtına mərhum kralın qardaşı Xuan keçdi. Üstəlik Kastiliya kralı I Con 1390-cı ildə anidən vəfat etdi.

III Henri dönəmi

[redaktə | mənbəni redaktə et]

Onun ani ölümünün ardından Kastiliya taxtına 12 yaşlı oğlu Henri keçdi. Yarımadanın hər yerində yəhudilərə qarşı başlanan qətliamların və iğtişaşların ortasında taxta çıxan III Henri hakimiyyəti yalnız 2 il sonra əlinə ala bildi. Onun səltənətində Kastiliya donanması ingilislərə qarşı bir neçə dəfə qələbə qazandı. 1400-cü ildə göndərilən bir donanma ilə İngiltərənin şimali Afrikadakı quldur mərkəzi olan Tetuan qalası darmadağın edildi. 1402-ci ildə onun əmriylə göndərilən fransız səyyah Jan de Betenkur tərəfindən Kanar adaları müstəmləkəyə çevrildi. 1396-cı ildə III Henrinin rəhbərliyi ilə Estremaduraya edilən hərbi səfərlə portuqalların işğal siyasətinin önü kəsildi və qaynı olan Portuqaliya kralı I Conla 15 avqust 1402-ci ildə sülh bağlandı. 1403-cü ildə Əmir Teymurla Osmanlıya qarşı bir ittifaq qurmaq məqsədilə bir neçə səfir göndərildi.

II Con dönəmi

[redaktə | mənbəni redaktə et]

III Henrinin pisləşən səhhəti səbəbilə səltənətinin son dönəmində dövlət idarəsi qardaşı Ferdinand tərəfindən aparıldı. Kral isə 25 dekabr 1406-cı ildə Qranadaya qarşı yeni bir yürüşə hazırlaşarkən Toledo şəhərində anidən vəfat etdi. Ancaq ölümünün ardından qardaşı Ferdinand Kastiliya taxtından imtina etdi və bunun mərhum qardaşının oğlu olan Conun haqqı olduğunu dedi. Beləcə, oğlu Con taxta çıxarıldı və anası Lankasterli Ketrin və əmisi Ferdinand onun naibləri olaraq ölkəni uzun müddət idarə etdi. Üstəlik Ferdinand 1412-ci ildə Araqon kralı seçildi və beləcə Trastamarlar yarımadanın yarıdan çoxunu ələ aldılar.

  • Reilly, Bernard (1993). The Medieval Spain. Cambridge: Cambridge University Press. ISBN 0-521-39436-8.
  • Ruiz, Teofilo (2007). Spain's Centuries of Crisis: 1300-1474. Malden, MA: Blackwell Publishing. ISBN 978-1-4051-2789-9.
  • Prescott, William (1842). History of Ferdinand and Isabella. London: Richard Bentley. pp. 22–23.
  • Jaen, Didier (1978). John II of Castile and the Grand Master Alvaro de Luna: A Biography. Madrid: Castalia Publishing.
  • Elliot, J.H. (1963). Imperial Spain: 1469–1716. New York: Penguin Books. p. 15. ISBN 978-0-14-100703-8.