Arias sindromu — II Tip Kriqler-Nacar sindromu (Qlükuronil transferaza çatışmazlığ) da adlandırılır.
Arias sindromu | |
---|---|
XBT-10-KM | E80.5 |
XBT-9 | 277.4 |
OMIM | 218800 |
DiseasesDB | 3176 |
MedlinePlus | 001127 |
MeSH | D003414 |
Kriqler-Nacar Sindromu (KNS) az rast gəlinən və bilirubin mübadiləsinin defekti ilə səciyyələnən qaraciyərin anadangəlmə irsi patologiyasıdır. Kriqler-Nacar Sindromu ilk dəfə 1952 (I Tip KNS) və 1962-ci (II Tip KNS) illərdə təsvir edilmişdir. Rast gəlmə tezliyi 1 milyon əhaliyə 0.6–1.0 nəfər düşür.
KNS adətən doğuşdan sonra meydana çıxan və davamlı olan sarılığın səbəbinin tədqiqi zamanı üzə çıxarılır. KNS sərbəst hiperbilrubinemiya hesab edilir və qanda ümumi bilirubin sərbəst bilirubinin hesabına yüksəlmiş olur. Bu sindrom zamanı qanda ümumi bilirubinin miqdarı (Norma: <17 mkmol/l) 340–765 mkmol/l arasında tərəddüd edir. Digər irsi hiperbilirubinemiyalarda olduğu kimi KNS zamanı da qaraciyərin funksional testləri norma çərçivəsində olur.
Kriqler-Nacar Sindromunun iki tipi müəyyən edilir: I və II Tip Kriqler-Nacar sindromu. II Tip KNS zamanı I Tipə nisbətən: bilirubin konsentrasiyası aşağı olur, kerniikterus, yəni baş beyinin yüksək bilirubin konsentrasiyası ilə zədələnməsi az olur, öd rənglənir, qaraciyərdə UGT1A1 enzimi az da olsa qeyd edilir, fenobarbital qəbulu qanda bilirubinin miqdarını 25% azaldır. II Tip Kriqler-Nacar sindromu zamanı fenobarbitalın təyini bilirubinin miqdarını 51–86 mkmol/l həddində saxlayır. I Tip Kriqler-Nacar sindromu zamanı qaraciyərdə heç bir UGT1A1 aktivliyi qeyd olunmur və fenobarbitalın təyini isə qanda bilirubinin miqdarına təsir etmir. I Tip KNS daha ağır patologiya hesab edilir və doğuşdan sonra erkən dövrdə meydana çıxır. II Tip KNS isə doğuşdan sonra gec de meydana çıxır və gedişi bir qədər mülayim olur.
Kriqler-Nacar Sindromu yenidoğulmuşlarda qeyd olunur və özünü davamlı sarılıqla büruzə verir. II Tip KNS zamanı sarılıq bir qədər gec meydana çıxa və intensiv olmaya bilər.
Kriqler-Nacar Sindromu irsi xəstəlik olub UGT1 gen ailəsində baş verən mutasiyalardan qaynaqlanır. Bu sindrom zamanı UGT1A1 enziminin sintezində çatışmazlıq qeyd olunur. UGT1A1 enzimi bilirubinin hepatositlərdən ödə nəql edilməsində əsaslı rol oynayır. Onun çatışmazlığı nəticəsində bilirubin hepatositlərdən xaric edilə bilmir və qanda toplanaraq hiperbilirubinemiya yaradır.
Yenidoğulmuşlarda sarılıq tez-tez rast gəlinir, amma çox zaman bu sarılıq keçici olur və qaraciyər funksiyasının doğuşdan sonrakı ilk günlər tam formalaşmaması ilə əlaqədardır, amma KNS zamanı sarılıq davamlı və artmağa meyilli olur. Qanın biokimyəvi müayinəsi zamanı ümumi bilirubinin miqdarı (Norma: <17 mkmol/l) 340–765 mkmol/l həddində yüksəlmiş olur. Bu artımın sərbəst bilirubin hesabına baş verməsi KNS haqqında düşünməyə əsas verir. Sarılğın digər səbəblərdən meydana çıxa bilməsi inkar edilməli və Jilbert sindromu, kəskin hepatit, hemolitik sarılıq kimi xəstəliklərlə differensial diaqnostika aparılmalıdır. Bu zaman qaraciyər biopsiyası, qaraciyər enzimlərinin (ALT, AST) tədqiqi tövsiyə oluna bilər.
I Tip Kriqler-Nacar sindromu zamanı müalicəyə daha çox ehtiyac duyulur. Müalicənin aparılmaması körpənin 2 yaşına çatmamış itirilməsi ilə nəticələnə bilər. Davamlı hiperbilrubinemiya zamanı baş verən kernikterus KNS-in ən ciddi ağırlaşması olduğu üçün onun qarşısının alınması əsas məqsəd olmalıdır. Kəskin dövrdə plazma və qan transfuziyası hiperbilirubinemiyanın azaldılması nöqteyi-nəzərindən əhəmiyyətli ola bilər. Bütün bədənin mavi işıqla süalandırılması bilirubinin parçalanması və daha həll olunan hala düşməsinə səbəb olur. Odur ki, fototerapiya istifadə edilməsi gərəkən ilkin effektiv müalicə metodlarından biri hesab edilir. Bununla yanaşı, oral kalsium fosfatın verilməsi də bilirubin ekskresiyasına kömək edir. Bu müalicə üsulları hiperbilrubinemiyanı müəyyən qədər azaltsa da tam müalicəvi effekt almaq mümkün olmur. Qaraciyər transplantasiyası I Tip KNS üçün daha təsirli müalicə vasitəsilə hesab edilir. Gen terapiyası gələcək vəd edən müalicə üsulu kimi göstərilir. Eksperimental modellər üzərində aparılan tədqiqatlar gen terapiyasının effektiv ola biləcəyini göstərir.
II Tip KNS zamanı adətən müalicəyə ehtiyac duyulmur. Ağır hiperbilirubinemiyalar zamanı fenobarbital təyini, fototerapiya, plazma və ya qan köçürülməsi seçim müalicə üsulları ola bilər. Bu xəstələrə penisillin, sulfonamidlər və salisilatlar təyinatından çəkinmək lazımdır.
I Tip KNS zamanı proqnoz elə də ürəkaçan deyil. Əgər müalicə aparılmazsa körpələrin əksəriyyəti 2 yaşına kimi vəfat edir, amma yuxarıda sadalanan müalicə üsullarının son illər daha geniş tətbiqi hətta xəstənin yeniyetmə yaşına qədər qalmasını təmin edir, amma xəstələrin həyat keyfiyyəti yüksək olmur. Qaraciyər transplantasiyası daha yaxşı proqnoz vəd edir. II Tip KNS zamanı proqnoz adətən normal və ya normaya yaxın olur.