Aristotelçi

Aristotel, Françesko Hayez tərəfindən çəkilmişdir.

Aristotelizm və ya Aristotelçi, dar mənada Aristotelin davamçılarının təlimi (peripatetik məktəb anlayışı ilə üst-üstə düşmür, çünki Teofrastdan sonra e.ə. 1 əsrədək qədim peripatetiklərin əslində Aristotel ilə heç bir əlaqəsi yoxdur); daha geniş mənada Aristotelin əsərlərinin şərhi, tərcüməsi, yayılması və təsiri tarixi, həmçinin müxtəlif orta əsrlər teoloji ənənələrində Aristotel təliminin mənimsənilməsi kimi başa düşülür. "Aristotelizm" termininin özü yeni Avropa mənşəlidir, lakin αριστοτελιζειν ("aristotelləşdirmək") yunan feilinə ilk dəfə e.ə. 1 əsrdə Aristotelizmin dirçəldilməsi ilə əlaqədar Strabonda rast gəlinir.

Erkən Şərq patristikası neoplatonizmdən çıxış edir və Emesli Nemesi ilə İoann Filopon istisna olmaqla, Aristotelin təsirindən azaddır. Aristotelin anlayışlar aparatının və terminologiyasının xristian teologiyasına nüfuz etməsi Bizanslı Leontinin əsərindən bəlli olur. Aristotelin məntiqi ("teologiyanın xidmətçisi" qismində) Dəməşqli İoannın "Dialektika"sında rəsmi tanınmışdır. 11-ci əsrdə şərhetmə ənənəsinin canlanması platonçu Mixail Psell və onun şagirdləri – Efesli Mixailin və İoann İtalın fəaliyyəti ilə bağlıdır. Sonralar şərhetmə ənənələrini Feodor Prodromİoann Sesis (12-ci əsr), Nikifor Vlemmid (13-cü əsr, onun aristotelçi məntiq və fizika dərslikləri Bizansda geniş yayılmışdı), Georgi Paximer ("Aristotel fəlsəfəsinin qısa oçerki"), Manuil Holobol (1267-ci ildən Konstantinopol məktəbində dərs demişdir), Feodor Metohit və b. davam etdirmişlər. Bizans Aristotelizminin ən əhəmiyyətli abidəsi Corpus Aristotelicumu dövrümüzədək qoruyub saxlayan Aristotelin əsərlərinin yüzlərlə əlyazmalarıdır (ən qədimləri 910-cu əsrlərə aiddir).

Yunanərəb aristotelçiləri arasında əlaqələndirici rolu Suriya Aristotelizmi oynamışdır. Aristotelin məntiqə dair əsərləri (əsasən, "Kateqoriyalar", "Hermenevtika" və "Birinci analitika") və Porfirinin "Müqəddimə"si Suriya nəsraniləri tərəfindən teologiya, gomiletika və apologetikanın məqsədləri üçün əxz edilmişdir. Ənənəni Edessa yepiskopu İva başlamışdır (435-ci ildən), onun müasirlərindən Edessa teologiya məktəbinin müəllimləri Kumi və Prob Porfirinin "Orqanon" və "İsaqoq" əsərlərinin hissələrini ilk dəfə süryani dilinə tərcümə etmişlər. Edessa məktəbinin imperator Zenonun göstərişi ilə bağlanmasından (489-cu il) sonra Suriya nəsraniləri İrana köçmüş və Aristotelin məntiqə dair əsərlərinin öyrənilməsi Nisibin teologiya məktəbində davam etdirilmişdir. Aristotelin əsərlərinin Suriya monofizit tərcümə ənənələri və şərhetmə metodları İoann bar Aftoniya (ö. 558), Sever Seboht (ö. 667), Edessalı İakovun (təqr. 633–708-ci illər), yepiskop Georgi (ö. 724) və katolikos I Heynan-işonun adları ilə bağlıdır. O dövrdə Suriya elminin ən görkəmli nümayəndəsi Mesopotamiyada Reşayn şəhərinin arxiatrı (baş həkimi), Galen və Aristotelin tərcüməçisi, məntiqə dair traktatların müəllifi Sergi (ö. 536; İoann Filoponun şagirdi) olmuşdur.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 44. ISBN 978-9952-441-05-5.